Məhkəmə qərarları › İş №2-1(112)-1249/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1249/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1249/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı X6, X7 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində olan 31 mart 2021-ci il tarixli **********702000 nömrəli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və həmin borcun yaranmasına səbəb olan digər təqsirkar şəxslərin müəyyən edilməsi üçün xüsusi qərar çıxarılmaqla, hüquq-mühafizə orqanlarına məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 digərləri ilə əlbir olaraq, onu aldadaraq, onun adına VÖEN açmaqla və Məmmədov Anar və Hüseynov Həmid adlı şəxsə etibarnamə almaqla onun adından bütün bank əməliyyatları edərək, gömrük bəyannamələrini hazırlayaraq, xarici ölkələrdən Azərbaycan Respublikasına külli miqdarda mal idxal etmişlər. O, bu barədə bu əməliyyatların miqdarı külli miqdar olduğu üçün Vergi orqanları tərəfindən məlumatlandırıldıqdan sonra bilmişdir. Dərhal bu barədə valdeynləri araşdırma aparmış və məlum olmuşdur ki, Şahgəldiyev Eldar adlı şəxs digər şəxslərlə əlbir olaraq onun dostuna olan etibarnamədən sui-istifadə edərək, adına VÖEN açaraq, bu qanunsuz hərəkətləri etmişlər. Belə ki, ona dostu müraciət edərək, guya öz adına gətirmək mümkün olmadığı üçün onun adına bir dəfə ölkəyə mal sifariş edəcəyini dediyi üçün o, ona inanıb razılaşdığından ona etibarnamə vermişdir. O, həmin etibarnamələri verən zaman onu iki nəfərə verdiyini bilməmişdir. Onların onun adından hansı hərəkətlər edə biləcəklərini dərk etməmişdir. O, sonradan dərhal etibarnamələri ləğv etdirmişdir. 2021-ci ilin aprel ayında ona məlum olmuşdur ki, onun etmədiyi bir fəaliyyətə görə 70.314 manat vergi borcu vardır. Bu borc onun tərəfindən hər hansı sahibkarlıq fəaliyyəti nəticəsində və ya başqa maraqları nəticəsində yaranmamışdır və həmin vergi borcu üzrə hər gün faiz borcu hesablanır. Onun bu barədə heç vaxt məlumatı olmamışdır. Onda olan məlumata əsasən Şahgəldiyev Eldar və digərləri ondan başqa da şəxsləri aldadaraq, adlarına VÖEN açmaqla qanunsuz olaraq külli miqdarda vergidən yayınmışlar və həmin şəxslərə külli miqdarda ziyan vurmaqla qanunzsuz hərəkətlərə yol vermişlər. Cavabdeh orqana müraciət edərək, müvafiq araşdırma aparılmasını və onun adına olan vergi borcunun onun sahibkarlıq fəaliyyəti nəticəsində və ya başqa maraqları nəticəsində yaranmadığından silinməsini xahiş etsə də, cavabdeh əsassız olaraq həm bu barədə araşdırma aparıldığını, həm də dəymiş ziyanla bağlı hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etməli olduğunu bildirərək, əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın 31 mart 2021-ci il tarixli **********702000 nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxslərin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 326.690,19 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2020-ci il ərzində 625.216,7 manat (faktiki dəyər) dəyərində malların idxal edildiyi və əldə edilmiş e-qaiməni, 453,72 manat olmasına baxmayaraq, iddiaçı tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin xərclər hissəsində 1226.4-cü sətirdə (malın dəyəri) və gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrində (mallar) 950.766,78 manat qeyd edildiyi müəyyən edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar iddiaçıya 01.02.2021-ci il tarixli **********604200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, iddiaçı tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 65.019.26 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 31.03.2019-cu il tarixli **********702000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək və iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasın xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan; “ASAN 3” tərəfindən verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, İddiaçı 31.05.2020-ci il tarixdə (VÖEN: **********) vergi ödəyicisi kimi qeydə alınmışdır. Elektron sənəd mübadiləsi haqqında ərizəsinin surətindən müəyyən olunur ki, İddiaçı (VÖEN: 1********) Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə müraciət edərək, 25.11.2020-ci il tarixdən vergi orqanı ilə elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrəsi verilməsini xahiş etmişdir. 23.05.2020-ci il tarixli AR-İİ seriyalı 047320 №-li etibarnamənin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olan X3 (Ş/V AZE ********) 3 (üç) il müddətinə 23.05.2023-cü il tarixədək, 19.06.2020-ci il tarixli AR –İİN seriyalı 046743 №-li etibarnamə ilə ünvan 4 ünvanında qeydiyyatda olan X4 müəyyən hərəkətlərin o cümlədən bütün vergi orqanlarında, Vergilər İdarəsində və s. hərəkətlər etməyi etibar etmişdir. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 mart 2021-ci il tarixli **********702000 №-li qərarın surətindən müəyyən olunur ki, İddiaçı dair 2020-ci il Gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə, hesabat üzrə onun tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 950,64 manat təşkil etdiyi, vergi orqanı tərəfindən aparılmış kemaral yoxlama nəticəsində isə vergi və ya sığorta haqqının 65,969,90 manat olması müəyyən edilmişdir ki, nəticədə 65.019,26 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır (elektron qaydada göndərilmiş 31 mart 2021-ci il tarixli **********702000 №-li qərar 02.04.2021-ci il tarixdə İddiaçı tərəfindən oxunmuşdur). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətə xitam verilməsi haqqında” 30 iyun 2021-ci il tarixli **********571100 №-li Qərarın surətindən müəyyən olunur ki, İddiaçı şikayətində 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 65019,26 manat vergi məbləği ilə razı olmadığını bildirərək, 31.03.2021-ci il tarixli **********702000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsini və hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Şikayətin araşdırılması nəticəsində İddiaçı olunun kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə 29.04.2021-ci il tarixli inzibati şikayəti üzrə icraata xitam verilməsi, qərarın şikayətçiyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 maddəsinə əsasən; - 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən; - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 326.690,19 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi orqanı tərəfindən aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2020-ci il ərzində 625.216,7 manat (faktiki dəyər) dəyərində malların idxal edildiyi və əldə edilmiş eqaiməni, 453,72 manat olmasına baxmayaraq, iddiaçı tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin xərclər hissəsində 1226.4-cü sətirdə (malın dəyəri) və gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrində (mallar) 950.766,78 manat qeyd edildiyi müəyyən edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar iddiaçıya 01.02.2021-ci il tarixli **********604200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, iddiaçı tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 65.019.26 manat əlavə vergi məbləği hesablanmış və buna dair müvafiq qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar vergi qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir. İddiaçının təqsirkar şəxslərin müəyyən edilərək, əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarlması barədə tələbinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən işə baxılarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxdıqda bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi məhkəmənin hüququ kimi müəyyən olunmuşdur. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar