Məhkəmə qərarları › İş №2-1(112)-1249/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1249/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1249/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük ərazisində yerləşən ümumi sahəsi 0,06 hektar olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X7 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünün 550 kv.m kimi nəzərə alınmasını xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük ərazisində yerləşən ümumi sahəsi 550 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsusluğuna dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 361 saylı və xx.xx.1989-cu il tarixli 164 saylı qərarları ilə hər ailəyə 0.06 hektar hesabı ilə 160 ailəyə 9,6 hektar həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük ərazisində yerləşən ümumi sahəsi 0.06 hektar olan torpaq sahəsi mərhum anam X7 ayrılmasına dair X9 xx.xx.1990-cı il tarixli 61 saylı əmri ilə Azərbaycan SSR Abşeron Rayon XDS icariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 250 saylı qərarı qəbul edilmişdir. İddiaçı həmin vaxtdan etibarən 30 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə sözü gedən torpaq sahəsindən istifadə edir. İddiaçının mərhum anası X10 xx.xx.2023-cü il tarixində dünyasını dəyişmişdir. Onun vəfatından sonra vərəsəlik işinin açılması ilə bağlı olaraq notariat orqanına müraciət olunmuş və xx.xx.2024-cü il tarixdə 31 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra iddiaçı mərhum anasından qalan əmlaka dair müvafiq arayışın verilməsi ilə cavabdeh orqana müraciət etsə də, xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-H0541-8/2024 saylı məktubla müraciətin müsbət həll edilməsində imtina olunmuşdur. Belə ki, sözü gedən torpaq sahəsinə dair yerləşmə cizgisinin təqdim edilməməsi səbəbindən müraciətin müsbət həll edilməsindən imtina edilmişdir. Hətta Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arxiv çıxarışından da məlum olur ki, mərhum anam Gilas hümmətovaya 0,06 hektar torpaq sahəsi ayrılmışdır və 60 kv.m ölçüyədək fərdi yaşayış evi tikilməsinə icazə də verilmişdir. Beləliklə, cavabdeh orqan əsassız yerə əmlakın özəlləşdirilməsinə maneə yaradaraq iddiaçının konstitusion hüquqlarına toxunmuşdur. Məhz bu səbəbdən də qanunla qorunan hüquqlarının bərpa edilməsi məqsədilə iddiaçı ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük ərazisində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi”nə dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********40 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə Hövsan tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin sovxoz direktorunun əmri, əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə sahənin 190 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı sahənin şərq tərəfindən 2,5 metr məsafədə 270 mm-lik, 4,5 metr məsafədən isə 159 mm-lik orta təzyiqli qaz xətti keçir. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 600 kv.m olduğu qeyd edilsə də, faktiki 550 kv.m təşkil etdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd edilən məsələ ilə bağlı müraciətinizə **********71 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Bundan əlavə, torpaq sahəsi X9 ərazisində yerləşdiyindən həmin sovxozun direktorunun əmri, əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin, sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

7. Abşeron rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 250 saylı Qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 30 avqust 1989-cu il tarixli 361 №- li və 16 aprel 1990-cı il 164 №-li qərarları ilə hər ailəyə 0,06 hektar hesabı ilə 160 ailəyə 9,6 hektar həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmışdır. ... 159.X10... X1 0.06 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında X9 23 may 1990cı il tarixli 61 nömrəli əmri nəzərə alınmışdır. Verilmiş həyətyanı torpaq sahəsində vətəndaşa 60 kv.m ölçüyədək fərdi yaşayış evi tikintisinə icazə verilmişdir.

8. Binə qəsəbəsində X7 ayrılmış sahənin Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş cizgisi və xəritədən çıxarış iş materiallarına əlavə olunmuşdur /Abşeron rayon XDS İK-nın 250 saylı xx.xx.1990-cı il tarixli qərarı/.

9. AZ-İİ 396512 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X4 mədəcik çatmamazlığı səbəbilə xx.xx.2023-cü il tarixdə ölmüşdür.

10. ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri 31 saylı notariat ofisinə, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış Abşeron rayon XDninS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, №250-li Qərarından Çıxarışa əsasən ayrılmış 0.06ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi oğlu İddiaçı ərizəsi qəbul edilmişdir. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair dövlət reyestrindən çıxarış verilməsi xahiş edilir.

11. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən üç tərəfi daş hasar, bir tərəfi şərtidir. Qeyri-yaşayış tikilisi mövcuddur. Hövsan Tərəvəzçilik-Südçülük sovxozunun Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. torpaq sahəsinin faktiki ölçüsü 550 kv.m təşkil edir və bu sahənin 190 kv.m hissəsi YGEX mühafizəsində yerləşir. Şərq tərəfdən 2,5 m məsafədə 270 mm-lik, 4,5 məsafədə 159 mm-lik orta təzyiqli yeraltı qaz xətti keçir.

12. Azərişıq ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdaı yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan”nın 5a saylı bəndinə əsasən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən (X:423942.08 Y:4475138.88) 0.6ha torpac sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyi bildirilir və qeydiyyata alınmasına etiraz edilmir.

13. Azərişıq ASC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən elektrik verilişi xətti 1963-cü ildə istismara verilmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

23. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

24. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X3 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

25. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

27. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

29. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

31. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

32. Məhkəmə ilk növbədə müəyyən edir: - Abşeron rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 250 saylı Qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 30 avqust 1989-cu il tarixli 361 №- li və 16 aprel 1990cı il 164 №-li qərarları ilə hər ailəyə 0,06 hektar hesabı ilə 160 ailəyə 9,6 hektar həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmışdır. ... 159. X10... X1 0.06 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında X9 23 may 1990-cı il tarixli 61 nömrəli əmri nəzərə alınmışdır. Verilmiş həyətyanı torpaq sahəsində vətəndaşa 60 kv.m ölçüyədək fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş Binə qəsəbəsində X7 ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarış iş materiallarına əlavə olunmuşdur (müvafiq cizgi və xəritədən çıxarış Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir). - Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır.

33. Məhkəmə hesab edir, Abşeron rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 250 saylı Qərarı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş “Binə qəsəbəsində X7 ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarış” ilə tamamlanmaqla iddiaçının mərhum anası X6 torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X16 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).

34. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə Hövsan tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir.

35. Məhkəmə nəzərə alır ki, torpaq sahəsinə dair yerləşmə cizgisi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş və təsdiqlənmişdir. Eyni zamanda cavabdeh orqan imtinanın dəlili kimi göstərilən faktı təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

36. Cavabdeh orqan imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, sahənin 190 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı sahənin şərq tərəfindən 2,5 metr məsafədə 270 mm-lik, 4,5 metr məsafədən isə 159 mm-lik orta təzyiqli qaz xətti keçir.

37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Qaydaların 1.4-cü bəndinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu tələblərə əməl etməlidirlər.

38. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

39. Məhkəmə eyni zamanda nəzərə alır ki, Azərişıq ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışd qeyd olunmuşdur ki, torpaq sahəsi elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyi bildirilir və qeydiyyata alınmasına etiraz edilmir.

40. Cavabdeh digər tərəfdən imtinanın dəlili olaraq qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 600 kv.m olduğu qeyd edilsə də, faktiki 550 kv.m təşkil etdiyi məlum olmuşdur.

41. Məhkəmə nəzərə alır ki, İddiaçı torpaq sahəsinin faktiki ölçüsünə uyğun 550 kv.m torpaq sahəsinin X7 məxsusluğu barədə arayışın verilməsini tələb edir.

42. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə icarə hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

43. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

46. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

47. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Abşeron rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 250 saylı Qərarına əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük ərazisində yerləşən 550 kv.m hektar torpaq sahəsinin iddiaçının anası mərhum X7 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar