Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12495/2024 01.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, X1 Əmir oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 350 saylı sərəncamı ilə təsdiq edilmiş Tikintisi baş çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktına əsasən Nərimanov rayonu, İ.Dadaşov küçəsinin (Atatürk prospekti) 1981-ci məhəlləsindəki 50 saylı yaşayış binası (yeraltı qaraj və sağlamlıq mərkəzi binası) istismara qəbul edilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 41 nömrəli Protokolundan çıxarışa əsasən xx.xx.2003-cü il tarixdə keçirilmiş gündəlik məsələdə İddiaçı kooperativin üzvü qəbul olunmaqla, MTK-nın ünvan 1 ünvanda 6 girişdə yerləşən ümumi sahəsi 28 kv.m olan 21 nömrəli qeyri-yaşayış sahəsinin payçısı olmağının təsdiq edilməsi qərara alınmışdır. İddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Atatürk prospekti 1981-ci məhəllədə yerləşən qarajın əldə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 374 №-li müqavilə imzalanmışdır. "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışında göstərilir ki, İ.Dadaşov küəsi, ev 50 saylı ünvanda yerləşən binanın 6 giriş, zirzəmi hissəsində sahəsi 29,1 kv.m olan qeyriyaşayış sahəsinin pay dəyəri 4365 manat İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsi (qaraj) üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…sözügedən qeyri-yaşayış sahəsi (qaraj) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj) üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" MTK arasında ünvan 1 ünvanında yerləşən qarajın alğı-satqısına dair 23 iyun 2003-cü ildə 374 nömrəli müqavilə bağlanılmışdır. Həmçinin, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin üzvü qəbul olunmaqla, ünvan 1 ünvanında yerləşən kooperativin binasının zirzəmi hissəsində giriş 6, ümumi sahəsi 28 kv.m olan, qeyri-yaşayış sahəsinin payçısı kimi təsdiq edilmişdir. Bununla bağlı olaraq, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı da mövcuddur. Kooperativ yaşayış binasının tikintisini başa çatdırmış və bina istismara qəbul edilmişdir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı Azərbaycan Respublikası Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Buna görə də, həmin binada aldığı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən qeyri-yaşayış sahəsinə dair müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş Mənzil Tikinti Kooperativi üzvlərinin iclas protokoldan çıxarış və maliyyə arayışı təqdim olunmalıdır. İdarənin mütəxəsissləri tərəfindən texniki baxış keçirilən zaman qeyri-yaşayış sahəsinə dair layihə təqdim edilmədiyindən yerləşmə mövqeyini dəqiq müəyyən etmək mümkün olmamışdır. Belə ki, sənədlərdə qeyri-yaşayış sahəsinin 6-cı girişdə yerləşdiyi qeyd edilsə də, faktiki olaraq həmin girişdə 3 ədəd qeyri-yaşayış sahəsi var. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 28.0 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri- yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasınının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Atatürk prospekti 1981-ci məhəllədə qarajın alınması ilə bağlı xx.xx.2003-cü il tarixli, 374 №-li müqavilə imzalanmış, qarajın dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı həmin müqavilə əsasında mübahisəli qaraj üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan sözügedən qeyri-yaşayış sahəsi (qaraj) üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi səbəbindən tələbin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli qaraj üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 350 saylı sərəncamı ilə təsdiq edilmiş Tikintisi baş çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktına əsasən Nərimanov rayonu, İ.Dadaşov küçəsinin (Atatürk prospekti) 1981-ci məhəlləsindəki 50 saylı yaşayış binası (yeraltı qaraj və sağlamlıq mərkəzi binası) istismara qəbul edilmişdir. İş materiallarından göründüyü kimi xx.xx.2003-cü il tarixli 374 saylı müqaviləyə əsaslanaraq "xxxx" MTK mübahisəli qarajı iddiaçıya satmış, iddiaçı buna görə müvafiq ödəniş etmiş və qarajı təhvil almışdır. Həmçinin, mübahisəli qarajın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüququmüəyyənedici əsas kimi çıxış edən həmin müqavilə hazırda qüvvədədir, ləğv olunmamış, "xxxx" MTK və digər şəxslər tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Belə olan halda, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 374 saylı müqavilə mübahisəli qaraj üzərində iddiaçının hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlınmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması müvafiq kassa mədaxil qəbzi və maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə qeyri-yaşayış sahəsinə dair təqdim olunmuş sənədlərin "xxxx" MMMC tərəfindən təsdiq edilməsinə münasibət bildirərək, qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə icraatı zamanı məlum olmuşdur ki, ********** №-li VÖEN altında qeydiyyata alınmış "xxxx" MTK xx.xx.2020-ci il tarixdə ləğv edilmiş, həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış, həmin VÖEN altında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Göründüyü kimi "xxxx" MTK ləğv olunmuş, onun əvəzinə “Nərimanov-13" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, “Nərimanov-13" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən qeyri-yaşayış sahəsinə dair təqdim olunmuş sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmur. Məhkəmə cavabdehin imtina əsaslarından olan - qeyri-yaşayış sahəsinə dair layihə təqdim edilmədiyindən yerləşmə mövqeyini dəqiq müəyyən etməyin mümkün olmaması, belə ki, sənədlərdə qeyri-yaşayış sahəsinin 6-cı girişdə yerləşdiyi qeyd edilsə də, faktiki olaraq həmin girişdə 3 ədəd qeyri-yaşayış sahəsinin olması və qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 28.0 kv.m təşkil etməsinə münasibətdə bildirir ki, bu hallar iddiaçının hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxı edə bilməz. İddiaçının iddia etdiyi qeyriyaşayış sahəsi (qaraj) ilə bağlı hər hansı bir mübahisə yoxdur, o cümlədən həmin qarajı ona satmış keçmiş MTK (hazırda "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) bununla bağlı hər hansı iddia irəli sürmür. Əksinə, mübahisə üzrə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, məhz iddiaçıya qeyri-yaşayış sahəsinin (qarajın) satılması barədə xx.xx.2003-cü il tarixli 374 saylı müqavilədə də, həmçinin "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 41 nömrəli Protokolundan çıxarışda da qeyri-yaşayış sahəsinin (qarajın) ümumi sahəsinin cavabdehin iddaya etirazda qeyd etdiyi kimi 28 kv.m olması göstərilmişdir. Bundna başqa, məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilən sənədlərdən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj- 12) "xxxx" MTK üzvlərinin ümumi iclasının 42 nömrəli xx.xx.2003-cü il tarixli protokoldan çıxarışına və maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə eyni faktiki və hüquqi əsaslara söykənə oxşar işdə mülkiyyət hüququna dair çıxarış vermiş, nəticədə iddiaçıya münasibətdə bərabərlik və etimad prinsiplərinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Beləliklə, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının qeyri-yaşayış sahəsi (qaraj) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsi (qaraj) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2-1(112)-12495/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12495/2024
01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver