Məhkəmə qərarları › İş №2-1(112)-12497/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12497/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12497/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı adından iddia ərizəsi məhkəməyə təqdim edilərək xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 311 saylı Sərancamına əsasən verilmiş Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 5 saylı evin 71-ci mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci il tarixli Nərimanov rayon X4 İcraiyyə Komitəsinin № 34 saylı qərarına əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 5 saylı evin 71 saylı mənzili iddiaçının mərhum atası X1 mülkiyyətində idi. xx.xx.2011 -ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin №311 saylı Sərancamına əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 5 saylı evin 71ci mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin sərəncam Milli arxiv idarəsində mövcuddur. İddiaçı Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 5 saylı evin 71-ci mənzilin özəlləşdirilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə cavab məktubunda evin sahəsində fərqlilik olduğu müəyyən edilmişdir. İddiaçı hesab edir ki, AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsin məktubu əsassız və qanunsuz cavabdır. Bundan başqa qeyd olunan həmin mənzil sahəsinin konstruksiyasında iddiaçı tərəfindən hər hansı bir dəyişiklik edilməmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin №5-14/2-8-52-068/2024 saylı cavab məktubuna qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialından daxil olmuş plan sxem üzrə sözügedən mənzil 3 otaqlı,yaşayış sahəsi 48.2 kv m, köməkçi sahə 14.0 kv.m, ümumi sahə isə 62.2 kv.m-dir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən həmin mənzil 67.9 kv.m təşkil etmişdir. Odur ki, iddiaçı hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyinə əsasən mənzilin üzərində iddiaçının hüquqlarının qeydiyyata alınması üçün əsasdır.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Bakə şəhəri Nərimanov rayonu Xətai prospektindəki 5 saylı evin 71ci mənzilini adıma özəlləşdirilməsini 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli **********41 saylı ərizə ilə İdarəyə müraciət etmiş və ona xx.xx.2024-cü il tarixli **********41 saylı məktubla cavab verilmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 311 saylı, xx.xx.2011-ci il tarixli sərəncamında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 5 saylı evin, yaşayış sahəsi 40.5 kv.m. olan 2 (iki) otaqlı 71 saylı mənzilinin icarə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi qeyd olunsada, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin faktiki olaraq ümumi sahəsi 67.9 kv.m., yaşayış sahəsi 54.2 kv.m. olan 3 (üç) otaqlı olduğu müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 311 saylı, xx.xx.2011 -ci il tarixli sərəncamında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 5 saylı evin, yaşayış sahəsi 40.5 kv.m. olan 2 (iki) otaqlı 71 saylı mənzilinin icarə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi qeyd olunsada, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin faktiki olaraq ümumi sahəsi 67.9 kv.m., yaşayış sahəsi 54.2 kv.m. olan 3 (üç) otaqlı olduğu müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. İddia ərizəsini İddiaçı adından imzalayan X2 məhkəmə iclasında iştirak edərək bildirdi ki, İddiaçı yaxın qohumu və ya vəkillər kollegiyasının üzvü deyildir (iddiaçının dostudur). İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında iddia ərizəsini imzalamış və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

II. İddianın mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

7. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddia ərizəsi iddianı qaldıran şəxs tərəfindən deyil, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.

8. İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.

9. İddia ərizəsi İddiaçı məhkəmədə təmsilçi ola bilməyən nümayəndəsi X2 tərəfindən imzalanmışdır. İddiaçı onun adından iddia ərizəsini imzalayan X2 ilə yaxın qohumluq münasibətlərinin olması və İddiaçı adından iddia qaldırmaq səlahiyyəti müəyyən edilmir.

10. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı hüquqi maraqlarına uyğun olaraq lazımi qaydada qaldırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

12. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar