Məhkəmə qərarları › İş №2-1(112)-125/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-125/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-125/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, G.Abbasov küçəsi, ev 9b, mənzil 89; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Fərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X10 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi), 3-cü şəxsin nümayəndəsi (vəkili) Vəkil1 (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev, mənzil 80; ixtisası: ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Femida” vəkil bürosunda vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxs - X17 qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X17) Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və hal-hazırda X8 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsi öhdəliyin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.09.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. (hakim E.Mustafayev) “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. 31.08.2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin 30.07.2020-ci il tarixli 10/422 nömrəli ekspert rəyi məhkəmə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 02.11.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 14 iyul 1994-cü il tarixli «Bağın icarəyə verilməsi» haqqında Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi 10 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Müqavilənin müddəti bitdikdən sonra onunla Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında 06 avqust 2004-cü il tarixdə Şüvəlan qəsəbəsində yerləşən 0.19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə dair yeni müqavilə bağlanmış və həmin bağ sahəsi daha 10 il müddətinə onun istifadəsinə verilmişdir. Bağ sahəsi 1947-ci ildən onun ailəsinin istifadə və sahibliyindədir. Həmin bağ sahəsinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi məqsədi ilə cavabdehə müraciət olunmuşdur. Xidmətin mütəxəssisləri tərəfindən dəfələrlə yerində ölçü işləri aparılmış və son nəticədə müəyyən edilmişdir ki, onun sahiblik və istifadəsinə verilmiş bağ sahəsinin ölçüsü sənəd üzərində 1900 kv. metr olmasına baxmayaraq, hal-hazırda bağ sahəsinin ölçüsü faktiki 1770 kv. metrdir. Sahənin azaldılması barədə onun hər hansı bir razılığı olmamışdır. Qonşu bağ sahələri tərəfindən isə onun bağ sahəsinə gediş-gəliş yolu ayrılmamışdır. Məhz bu səbəblərdən ona məxsus bağ sahəsinin özəlləşdirilməsindən cavabdeh imtina etmişdir. Qonşuluqda 6 bağ sahəsinin olmasına baxmayaraq, həmin bağlar bir hasarla hasarlanmış və bu bağlara bir giriş qapısı qoyulmuşdur. Belə olan halda müəyyən edilir ki, onun bağ sahəsinin 130 kv. metr hissəsi qonşular tərəfindən zəbt edilmiş və onun bağına gedən yol da öz növbəsində qonşular tərəfindən tutulmuşdur. Halbuki, 2001-ci ilə qədər onun bağına birbaşa yol mövcud olmuş və o, mütəmadi olaraq həmin yoldan istifadə etmişdir. Hal-hazırda isə bağına gedən yol tam şəkildə zəbt edilmişdir. Onda olan məlumata görə həmin bağ sahələrindən yalnız ikisi - Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələri dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda X8 adınadır. Digər dörd bağ sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən müvafiq müqavilələr bağlansa da, dövlət reyestrində qeydiyyatdan keçməmişlər. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 N-li Sərəncamına əsasən 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alınaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədi ilə Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilməsi qərara alınmışdır. Həmin Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçirilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi; bu sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi tapşırılmışdır. Qanunvericiliyin tələblərini nəzərə alaraq, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin 130 kv. metr hissəsinin kim tərəfindən, yəni hansı qonşu tərəfindən zəbt edilməsinin müəyyən olunması məqsədi ilə cavabdehə müraciət edərək, bağ sahəsinin yerləşdiyi ərazinin sxematik xəritəsinin və onun bağ sahəsinə bitişik olan digər qonşuların müqavilələrinin təsdiq edilmiş surətlərinin ona verilməsini xahiş etmişdir. Digər tərəfdən cavabdeh tərəfindən hal-hazırda X8 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsü tərtib edilərkən səhvə yol verilmişdir. Belə ki, həmin bağ sahələrinin plan və ölçüsü tərtib edilərkən torpaq sahələrinin koordinatları onun və digər bağlara gedən yolun üzərinə salınmışdır. Bu halı nəzərə alaraq, o, cavabdehdən öz müraciətində həm də, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1 108 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və hal-hazırda X8 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsini xahiş etmişdir. Lakin, cavabdeh oonun müraciətinə 21 fevral 2019-cü il tarixli imtina məktubu ilə cavab vermiş və hətta həmin məktubda müraciətində göstərilən məsələlərin bir qisminə ümumiyyətlə toxunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) göstərilənləri müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən hər biri 0,12 ha olan 1086 və 742a/1089 saylı bağ sahələri uzun müddət müvafiq olaraq X2 və X3 mülkiyyətində olmuş, 2009-cu ilin dekabrında alqı-satqı müqavilələri əsasında X11 mülkiyyətinə keçmiş, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Bağ sahələri X18 tərəfindən alınmazdan çox əvvəl hazırkı ölçülərdə olmuş, torpaq sahələrinin sərhədlərində heç bir dəyişiklik baş verməmiş, hər hansı gediş- gəliş yolunu tutmamışdır. Bu iddia daha əvvəl məhkəmələrdə baxılmış və rədd edilmişdir. İddiaçı bundan əvvəl iki dəfə X13 qarşı məhkəmələrdə iddia qaldırmış və onun iddiaları rədd edilmişdir. Belə ki, birinci dəfə 2016-cı ildə İddiaçı tərəfindən iddia qaldırılaraq özbaşına tutulmuş sahənin geri qaytarılması, özbaşına tikilinin sökülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Xəzər Rayon Məhkəməsinin 03.10.2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, yuxarı instansiya məhkəmələri də həmin qətnaməni əsaslı və qanuni sayaraq qüvvədə saxlamışlar. Həmin iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh İ.Əliyevin 1086 və 742a/1089 saylı bağ sahələrini birləşdirərək aralarında olan və 1108 saylı bağa gedən yolu zəbt etdiyini göstərsə də, ümumiyyətlə sözügedən yolun nə vaxtsa mövcud olması və kiminsə tərəfindən zəbt edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa həmin ərazidə yolun olması və İ.Əliyev tərəfindən zəbt edilməsi sübut olunsa belə yenə də iddia təmin edilə bilməz. Belə ki, 1108 saylı bağ iddiaçının icarəsinə verilərkən bağın sxemində bağa giriş-çıxış üçün yer qeyd edilmədiyindən və qonşu bağ sahələri tərəfindən gediş-gəliş yolu ayrılmadığından iddiaçının İ.Əliyevə məxsus bağ sahələri arasındakı sahədən gediş- gəliş yolu kimi istifadə etmək hüququ yaranmamışdır. Bundan əlavə İ.Əliyevin 1086 və 742a/1089 saylı bağ sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından AR Mülki Məcəlləsinin 140cı maddəsinə əsasən həmin hüquq qorunmalıdır. İ.Əliyev 2009-cu ildə bağ sahələrini əldə etdikdən sonra onların sərhədlərində hər hansı dəyişiklik etməmişdir. Yuxarıda qeyd olunan mülki iddiadan savayı, 2018-ci ildə İddiaçı inzibati iddia da irəli sürmüş və hazırda İ.Əliyevin mülkiyyətində olan iki bağ sahəsinin koordinatlarının yanlış olduğu üçün həmin əmlaklara aid daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğvini tələb etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 04.07.2018-ci il tarixli, 2-1(82)- 2653/2018 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Həmin qərardadda göstərilir ki, 3-cü şəxsə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə əsas olmuş sənədlər mübahisələndirilmədiyi halda mülkiyyət hüququnun qeydinin ləğvinin tələb edilməsi anlaşılan deyil. Bununla yanaşı hazırda iddia tələbi 1086 və 742a/1089 saylı bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin ləğvindən ibarət olsa da iddianın əsasını dövlət reyestrinə daxil edilmiş torpaq sahələrinin koordinatlarının düzgün qeyd edilməməsi təşkil edir. Bu isə bütövlükdə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqların mübahisələndirilməsinə əsas vermir. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi (vəkili) iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki: -MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən X4 xüsusi mülkiyyətinə verilmişdir. -AN-İ ******* nömrəli, 26.12.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 742a/1089 saylı bağ sahəsini X1. -MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 742a/1089 saylı bağ sahəsi X9 xüsusi mülkiyyətinə verilmişdir. -MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 1086 saylı bağ sahəsi X2 xüsusi mülkiyyətinə verilmişdir. -AN-İ ******* nömrəli, 26.12.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 1086 saylı bağ sahəsini X1. -MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 1086 saylı bağ sahəsi X9 xüsusi mülkiyyətinə verilmişdir. -560 nömrəli 18.03.1983-cü il tarixli “Bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi X5 istifadəsinə verilmişdir. -560 nömrəli 14.07.1994-cü il tarixli “Bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. -560 nömrəli 06.08.2004-cü il tarixli “Bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun bağ sahəsinin 130 kv. metr hissəsi qonşular tərəfindən zəbt edilmiş və onun bağına gedən yol da öz növbəsində qonşular tərəfindən tutulmuşdur. Həmçinin, X8 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsü tərtib edilərkən səhvə yol verilmişdir. Belə ki, həmin bağ sahələrinin plan və ölçüsü tərtib edilərkən torpaq sahələrinin koordinatları onun və digər bağlara gedən yolun üzərinə salınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı istifadəsinə verilmiş müvafiq bağ sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və həmin bağ sahəsinin planı və ölçüsü tərtib edilmədiyindən, İddiaçı tərəfindən X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, planı və ölçüsü tərtib edilmiş bağ sahələrinin plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsini tələb etməsi əsassızdır. Həmçinin, məhkəmə qeyd edir ki, X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin İddiaçı istifadəsinə verilmiş 1108 nömrəli bağ sahəsinə gedən yolun üzərində yerləşməsi, həmçinin 1108 nömrəli bağ sahəsinin bir hissəsinin (154 kv.metr hissəsi) məhz X8 mülkiyyətində olan 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin ərazisinə düşməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından olan Məhkəmə Ekspertizası Mərkəzinin 30.07.2020-ci il tarixli 10/422 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, sözügedən bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə aid Şüvəlan bağlar massivi ərazisində yerləşir. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğundur. Sxematik xəritəyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0.19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə gedən yolun üzərində bağ sahələri mövcuddur. Lakin həmin bağ sahələrinin hansılar olduğu mütəxəssis tərəfindən cavablandırılmamışdır. -Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Şüvəlan qəsəbəsində yerləşən 0.19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin ərazisi faktiki olaraq 1746 kv.metr təşkil edir. Buda sənəd üzrə göstərilən 1900 kv.metr sahədən 154 kv.metr azdır. Bağ sahəsinin ərazisinin hansı bağ sahəsinə əlavə edilməsi mütəxəssis tərəfindən cavablandırılmamışdır. - Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində qərardadın üçüncü sualı cavablandırılmadığından sual üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə görə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin İddiaçı istifadəsinə verilmiş 1108 nömrəli bağ sahəsinə gedən yolun üzərində yerləşməsi, həmçinin 1108 nömrəli bağ sahəsinin bir hissəsinin (154 kv.metr hissəsi) məhz X8 mülkiyyətində olan 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin ərazisinə düşməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X17) Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və hal-hazırda X8 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar