Məhkəmə qərarları › İş №2-1(112)-1250/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1250/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1250/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), iddiaçının nümayəndəsi, vəkili X10 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, Bakı şəhəri 18 saylı vəkil bürosunda işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci ildə iddiaçının atası X7 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağlar ərazisində 1722E nömrəli bağ sahəsi verilmişdir. Həmin bağ sahəsinə Bakı şəhəri ZDS İK-nin Texniki İnventarlaşdırılma Bürosu tərəfindən 04.09.1991-ci il tarixli, 30/2694 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Sözügedən bağ sahəsi 1991-ci il tarixdən etibarən hazırki vaxta kimi qanuni əsaslarla onların sahibliyində və istifadəsindədir. Hazırda zəruriyyət yarandığından sözügedən bağ evinin köhnə Qeydiyyat vəsiqəsi dəyişdirilərək – dövlət reyestrindən Çıxarış verilməsi üçün iddiaçı 01.06.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq **********35 saylı 03.07.2020-ci il tarixli imtina məktubu ilə əmlakın (fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumat tapılmaması səbəbi ilə) köhnə qeydiyyat vəsiqəsinin dəyişdirilərək reyestrindən çıxarış verilməsindən imtina olundu. Bununla bağlı iddiaçı bildirir ki, cavabdehin imtina məktubunda göstərdiyi hallar mülkiyyətində olan bağ sahəsinə dair köhnə qeydiyyat vəsiqəsinin yeni çıxarışla əvəz edilməsindən imtina üçün əsas ola bilməz. Cavabdehin verdiyi imtinanın heç bir hüquqi əsası olmadığına görə əsassız və qanunsuzdur. Həmçinin, cavabdeh şablon xarakterli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsaslansa da, həmin maddənin tərkib hissəsindəki imtinaya əsas olan halların iddiaçının hazırki işi ilə heç bir əlaqəsi yoxdur. İmtina məktubunun məzmunundan göründüyü kimi, cavabdeh orqan müraciətini ədalətli və qanuni şəkildə araşdırıb qanunla qorunan hüququnu təmin etmək əvəzinə, iddiaçı tərəfindən təqdim etdiyi mülkiyyət sənədinə heç bir əhəmiyyət verməyərək kobud şəkildə hüquqlarını pozaraq şablon xarakterli imtina məktubu vermişdir. İddiaçının mülkiyyətində olan əmlaka dair dövlət reyestrində saxlanılmalı olan məlumatı cavabdeh orqana təhvil vermək və yaxud həmin məlumatları arxivdə qoruyub saxlamaq vətəndaşın (mülkiyyətçinin) işi və vəzifə borcu deyil. Bu o vaxt ki ərazi idarələrinin öz daxili proseduru olmuşdur. Buna görə də, o vaxt ki ərazi idarəsinin vəzifəli şəxsləri tərəfindən əmlaka dair məlumatların arxivə təhvil verilməməsi və yaxud naməlum şəkildə itirilməsi vətəndaşın (mülkiyyətçinin) təqsiri deyil və bu iddiaçının vəzifəsi olmadığı üçün o məsuliyyət daşımır. Lakin, cavabdeh tərəfindən imtina məktubu ilə iddiaçının mülkiyyətində olan əmlakın köhnə qeydiyyat vəsiqəsinin yeni çıxarışla əvəzlənməsindən imtina edilməsi qanunsuz və əsassız olduğundan bir mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur, eləcədə Konstitusiya və digər qanun normalarına ziddir. Daşınmaz əmlaka dair köhnə sənədlərin saxlanılması üçün reyestr aparan orqana təhvil vermək və yaxud həmin sənədləri onun arxivində qoruyub saxlamaq qanunla vətəndaşın üzərinə düşən vəzifə deyil. O vaxt ki Bağlar idarəsinin bu işə məsul vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus bağ sənədlərini arxivə təhvil verilməyibsə və ya təhvil alan İdarə sənədi itirib yada məhv edirsə, hazırda tapa bilmirsə, bunun cəzasını vətəndaş çəkməlidir? Hər hansı idarənin və ya vəzifəli şəxsin səhlənkarlığına görə vətəndaş məsuliyyət daşıya bilməz və qanunla qorunan hüququndan məhrum edilə bilməz. Məlum olduğu kimi mülkiyyətdə olan əmlaka dair sənədləri arxivə təhvil vermək və arxivdə qoruyub saxlamaq birbaşa cavabdehin vəzifəsi olmuşdur ki, buna görə cavabdehliyi özü daşıyır. İddiaçı qeyd edir ki, artıq 30 ilə yaxındır sahiblik və istifadədə olan bağ sahəsinin köhnə qeydiyyat vəsiqəsinin dəyişdirilməsindən imtina edən cavabdeh formal mülahizələri əsasında bir şablon məktub verməklə mülkiyyət hüquqlarını məhdudlaşdırıla bilməz. Bununla yanaşı iddiaçı hesab edir ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq bağ evinə çıxarış verilməsindən imtina edilməsi nəticəsində onun hüquqların kobud şəkildə pozmaqla Beynəlxalq Konvensiya normalarına açıq çəkildə zidd olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında bildirmişdir ki, təqdim edilmiş fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsinin verilməsi barədə İdarənin arxivində və qeydiyyat şöbəsində heç bir məlumat aşkar olunmamışdır. Belə ki, bağ evlərinin qeydiyyata alınması barədə ilk reyestr kitabı 1995-ci ilə aiddir. Həmçinin bu ərazi ilə bağlı digər fiziki şəxslər – X19 (1722b), X11 (1722v) tərəfindən dəfələrlə müraciətlər olunmuş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1146/2020 saylı 26.08.2020-ci il tarixli məhkəmə qərarı ilə X1 adına 1722v nömrəsi ilə sözügedən əraziyə dair plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyi İdarənin üzərinə qoyulmuşdur. Sözügedən qərardan apellyasiya şikayəti verilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1146/2020 saylı 26.08.2020-ci il tarixli məhkəmə qərardadı ilə sözügedən ərazidə hər hansı tikinti işlərinin, sənədləşdirmənin aparılması 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmişdir. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən iddia edilən bağ sahəsi 1722b nömrəsinə uyğun gəlir (istifadəçi X19), 1722e saylı bağ sahəsi sxematik xəritədə qeyd olunmamışdır. Habelə, qeydiyyat vəsiqəsi bağ evinə aid olsa da, 2020-ci ilin aprel ayının Google xəritəsində bağ sahəsində yalnız yarımçıq tikilinin bönövrəsi öz əksini tapmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə **********35 saylı 03.07.2020-ci il tarixli cavab məktubu verilmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. İddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İV-ЖГ № 275339 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən X8 xx xxxxxx 1969-cu il tarixdə doğulmuşdur, atası – X9r. Azərbaycan SSR X6 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən X7 verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Bilgəh qəsəbəsi, “Daça” küçəsində yerləşən 1722E nömrəli bağ şəxsi mülkiyyət hüququ ilə 30/2694 saylı qeydiyyat nömrəsi ilə 04.09.1991-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. AZ-İ № 089506 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən X13 06.07.2004-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.07.2020-ci il tarixli, **********35 nömrəli iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir: “Bakı şəhəri, Xəzər rayonu, Bilgəh bağlar ərazisində yerləşən 1722E saylı bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 04.06.2020-ci il tarixli, ********** daxil olma nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, tərəfinizdən təqdim edilmiş fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumat aşkar olunmadı. Həmçinin bu ərazi ilə bağlı digər fiziki şəxslər tərəfindən dəfələrlə müraciətlər olunmuş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1146/2020 saylı məhkəmə işi üzrə bildiriş daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” Bakı şəhər Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli arayışın surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən 1722 e ünvanda yerləşən torpaq və əmlak sahəsi İddiaçı istifadəsindədir. Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinin notariusu X12 07 avqust 2020-ci il tarixli, 601 nömrəli cavabdehə ünvanlanmış məktubunda göstərilmişdir: “X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X4 06.07.2004-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin 07.08.2020-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin qızı İddiaçı olması barədə sizə məlumat verilir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ 1722E ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Çıxarış verəsiniz.” Azərbaycan Respublikası "xxxx" MMC-nın 24 avqust 2020-ci il tarixli, 289 nömrəli ekspert rəyində göstərilmişdir: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli əlavəyə uyğun olaraq ərazinin ümumi 25 000 miqyaslı planşet-xəritəsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Bilgəh qəsəbəsi, Daça küçəsi 1722e nömrəli bağa və orada olan bağ evinə verilən 04.09.1991-ci il tarixli 30/2694 registr nömrəli Qeydiyyat vəsiqəsi tədqiq olunan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən İddiaçı faktiki istifadə etdiyi bağ sahəsi və orada olan bağ evinə aiddir. Həmin 04.09.1991-ci il tarixli 30/2694 registr nömrəli qeydiyyat vəsiqəsi 2 nömrəli əlavəyə uyğun olaraq tam mülkiyyət sənədi sayılır və hal-hazırda bu sənəd əsasında Daşınmaz lakın Dövlət Reyestri Xidmətinin müvafiq olaraq Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədləri alınır. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1146/2020 nömrəli, 26.08.2020-ci il tarixli qərardadına əsasən, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722 v saylı bağ sahəsində üçüncü şəxs X17 və digər şəxslər tərəfindən hər hansı tikinti işlərinin aparılması, həmçinin, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinin ilə bağlı sənədləşmlərin aparılması (əmlaka dair mülkiyyət hüququnun başqa şəxsin adına qeydiyyata alınması, yüklülük və məhdudiyyətlər barədə arayış verilməsi və s.) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qadağan edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 10.12.2020-ci il tarixli, 996 nömrəli məktubuna əsasən, Azərbaycan SSR X6 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş 16.04.2020-ci il tarixli “Google maps” xəritələrində mübahisəli bağ sahəsinin yeri və bağ sahəsində yerləşən yarımçıq tikili göstərilmişdir. Həmçinin həmin bağ sahəsi X5 məxsus olan 1722 V nömrəli, X16 məxsus olan 1722 B nömrəli və X3 məxsus olan 1722 E nömrəli bağ sahəsi kimi işarələnmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədədn Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam veriməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.3-cü bəndinə əsasən təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, 3.0.4-cü bəndinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, 3.0.7-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”nın 3.7-ci bəndinə əsasən ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının mübahisəli bağ evinə dair 30/2694 nömrəli, 04.09.1991-ci il tarixli qeydiyyat vəsiqəsinin mötəbərliyi toplanmış sənədlərlə təsdiq olunmur. Belə ki, sözügedən qeydiyyat vəsiqəsinin alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər (müqavilə, qərar, order və s.) aşkar olunmamış, bu sənədlərin mövcud olması barədə məlumat verilməmişdir. Bundan başqa bağ evindən 1991-ci ildən iddiaçı və onun atası tərəfindən faktiki istifadə edilməsi barədə dəlil də əsaslı və inandırıcı deyil. Bələ ki, qeydiyyat vəsiqəsində bağ evi kimi göstərilmiş daşınmaz əmlak həqiqətdə yarımçıq tikilidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2.2, 62, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar