Məhkəmə qərarları › İş №2-1(112)-1250/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1250/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1250/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh “Home Suites” otelinə qarşı hesabatın təqdim edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Home Suites” otelinə qarşı hesabatın təqdim edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər bələdiyyə ərazisində adıçəkilən xidmətlərin göstərilməsi ilə bağlı alınan ödənişin hesabatını bələdiyyələrə təqdim etməli və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin hesabına ödənilməlidir. Lakin cavabdeh bununla bağlı məktub göndərilsə də hesabatın təqdim edilməsini həyata keçirməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının:

9. İnzibati orqanlar suverenlik daşıyıcıları olaraq hakimiyyət səlahiyyətlərini həyata keçirdikləri üçün əksər hallarda funksional vəzifələrinin icrası ilə bağlı konkret məsələni nizama salmaq məqsədilə müstəqil qaydada inzibati akt qəbul etmək və həmin aktları bir qayda olaraq qanunvericilikdə təsbit edilmiş məcburetmə vasitələri ilə özləri icra etmək imkanlarına malikdirlər. Belə inzibati aktlar iki kateqoriyaya aid edilirlər - pul tələblərinin ödənilməsinə dair və ya borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktlar.

10. Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati orqanların vətəndaşa münasibətdə məhkəməyə inzibati məhkəmə icraatı qaydasında müraciəti qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda mümkündür. Hazırkı növ mübahisə üzrə məhkəməyə müraciət edilməsi imkanı isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun: 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 9.1. Yerli ödənişlərə aşağıdakılar aiddir: 9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir 11.1. Bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. 11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. 11.3. Bu Qanunun 9.1.5.-ci maddəsində göstərilən ödənişlər hər bir ödəyicidən tutularaq, bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla bələdiyyələrə ödənilir. 12.1. Yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsanamə”nin: 1.1. Bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. 2.1. Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyələrin icra aparatının strukturunda yaradılır. 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək Qanunvericiliyin tələbindən də göründüyü kimi bələdiyyələrə səlahiyyətləri daxilində vergilərin hesablanması, ödənilməsinin təmin edilməsi ilə əlaqədar geniş səlahiyyətlər verilmişdir ki, hazırkı iş üzrə iddia tələbi məhz mehmanxana fəaliyyəti ilə məşğul olan şəxs barəsində bələdiyyə vergisinin ödənilməsinin təmini ilə bağlı inzibati aktın qəbulu ilə əlaqədar ilkin olaraq hesablanmanın aparılması üçün hesabatın təqdim edilməsi ilə əlaqədardır. Belə ki, bələdiyyə hesab edir ki, hesabat təqdim edilməlidir ki, vəsaitin həcmi bələdiyyəyə məlum olmuş olsun və bundan sonra bələdiyyə vergisinin ödənilməsi ilə bağlı inzibati akt qəbul edilə bilsin. Göründüyü kimi bələdiyyə hesab edir ki, bələdiyyə vergisinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmək səlahiyyəti onda mövcud olsa da həmin məbləğin hesablanması üçün zəruri olan hesabatın təqdim edilməli olması ilə bağlı ayrıca inzibati akt qəbul edilə bilməz və bununla bağlı mütləq qaydada müraciət edilməsi zəruridir. Məhkəmə isə həmin mövqeyi qəbul etməməklə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 2-ci maddəsi və “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 9 və 10-cu bəndlərinin tələbləri konkretdir və hansı hallarda inzibati məhkəmə icraatı qaydasında iddiaçının inzibati orqana qarşı yox, məhz inzibati orqanın şəxsə qarşı iddialarına baxılmasına yolverilənliyini müəyyən etmişdir. Bununla bağlı şərt məhz qanunvericilikdə belə bir imkanın mövcudluğunun olmasıdır ki, yuxarıda adıçəkilən qanunvericilik müddəalarında bələdiyyənin məhz bu hesabatın təqdim edilməsi ilə bağlı inzibati məhkəməyə müraciət etmək səlahiyyəti nəzərdə tutulmamışdır və nəzərdə tutulmaması da əslində bələdiyyə orqanının səlahiyyətlərinin inzibati orqan kimi məhdudlaşmamasına yönəlmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; “İcra haqqında” Qanunun: 4.4. İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar istisna olmaqla), o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada icra edilir. 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar Qanunvericiliyin tələbləri ilə də müəyyən edilir ki, inzibati orqan kimi bələdiyyənin inzibati akt qəbul etmək səlahiyyəti təkcə bələdiyyə vergilərinin ödənilməsinin təmininə yönələn aktlarla bağlı yox, həmçinin onun hesablanmasına yönələn tədbirlərin həyata keçirilməsi, indiki halda isə hesabatın təqdim edilməli olması ilə bağlı da ola bilər. Yəni, bələdiyyə necə ki verginin hesablanması barədə inzibati akt qəbul edib səlahiyyətləri daxilində icra orqanına göndərmək səlahiyyətinə malikdir, həmin səlahiyyət hesabatın təqdim edilməli olması ilə bağlı inzibati aktın qəbul edilməsinə və lazım olduğu təqdirdə icra orqanına göndərilməsinə mane olmur. Hazırkı iş üzrə isə bələdiyyə həmin hesabatın təqdim edilməsi ilə bağlı özü qərar qəbul etmək və səlahiyyətləri daxilində icra orqanına həmin inzibati aktı icra edilməsi üçün göndərmək əvəzinə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir ki, məhkəmə inzibati orqanın özünün həyata keçirə biləcəyi tədbirin inzibati məhkəmə vasitəsilə realizə edilməyə çalışılması barədə iddianı mümkün hesab etmir. Qeyd olunmalıdır ki, vahid məhkəmə təcrübəsinin formalaşması baxımından Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1021/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixlı analoji iş üzrə qərarından da göründüyü kimi məhkəmə hesab etmişdir ki, qanunvericilikdə müvafiq hesabatların bələdiyyəyə təqdim edilməli olması və təqdim etmədiyi təqdirdə məhkəmə qaydasında tələb edilməsi ilə bağlı müddəalar mövcud deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəmə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim:Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar