Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1250/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə 2 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ərizənin aidiyyəti üzrə göndərildiyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) 3-17-1/2-C-86499/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim etdiyi sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil illəri nəzərə alınmaqla) 13 il 10 ay 18 gün təşkil edir. xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 8073,02 manat, xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək 4315,17 manat olmaqla, ümumilikdə 12388,20 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi üçün Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1986-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2018-ci il tarixindən ona təyin edilən yaşa görə sosial müavinətin məbləği hazırda 220 manat olmaqla davam etdirilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1960-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1977-ci ildə başlamışdır. Belə ki, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilə qədər Kaspiski (Xəzər) Texniki Quraşdırma idarəsində fəhlə işləmişdir. 1981-1986-ci ildə Rusiya Fedarasiyasının (keçmiş SSRİ-nin) İvanov şəhərində yerləşən Frunziya adına İvanov toxuculuq İnstitunu əyani bitirmişdir. xx.xx.1986-ci ildən xx.xx.2009-cu ilə kimi X2 Kombinatında müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilə kimi Azəryol servis Açıq Səhmdar Cəmiyyətinin 5 saylı İxtisaslaşdırılmış Müəsisəsində 3-cü dərəcəli fəhlə işləmişdir. Beləliklə, ümumulikdə ali təsil müddəti daxil olmaqla 35 il əmək stajı vardır. X2 Kombinatında işlədiyi müddət ərzində 4 uşağı anadan olmuşdur. Hər uşaq anadan olarkən 3 il analıq məzuniyyətində olmuşdur. Komol ASC-də işlədiyi müddət ərzində Həmkarlar İttifaqı fəaliyyət göstərdiyindən onların maaşından müəyyən məbləğdə pul tutulurdu. Hazırda fəaliyyəti olmayan təşkilatın sənədləri arxivdədir. 35 il stajı olduğu halda ona 25 ildən az staj olduğunu bildirirlər. Halbuki o əmək kitabçasının sürətini də 2 saylı Bakı Dost Mərkəzinə təqdim etmişdir. Əmək kitabçasında işlədiyi iş stajı öz əksini tapmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə 63 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 63 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuş, 63 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. Deməli, iddiaçı ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 8073,02 manat, xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək 4315,17 manat olmaqla, ümumilikdə 12388,20 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır (əmək kitabçasındakı bütün dövrlər qəbul edilsə belə). Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İşdə olan xx.xx.1986-cı il tarixli 610695 nömrəli diplomun surətindən görünür ki, X1 1981-ci ildə M.V Frunze adına X3 daxil olmuş və xx.xx.1986-cı il tarixli qərar ilə toxuma ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1989-cu il tarixli 462226 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X1 arasında nikah bağlanmış, nikahdan sonra arvada “Cəfərova” soyadı verilmişdir. İddiaçıya məxsus ИТ-İ №0512611 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1981-ci illərdə Quraşdırma İşləri İdarəsində mühafizəçi, fəhlə, xx.xx.1986-xx.xx.2009-cu illərdə Bakı Komvol Kombinatında usta köməkçisi, xx.xx.2010xx.xx.2013-cü illərdə "xxxx" ASC 5 saylı ixtisaslaşdırılmış müəssisə MMC-də 3-cü dərəcəli fəhlə, xx.xx.2015-xx.xx.2017-ci və xx.xx.2018-xx.xx.2018-ci illərdə "xxxx" MMC şirkətində qabyuyan vəzifəsində işləmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə cəmi 28 il 0 ay 18 gün ümumi iş stajı olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövrə gəldikdə, məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdən görünür ki, iddiaçı xx.xx.2006-cı ildən sonra 2009-cu ilədək "xxxx" ASC-də işləsə də, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Belə olan halda, müəyyən olunur ki, onun xx.xx.2006-cı ildən sonra cəmi məcburi dövlət sosial sığorta haqları ödənilən 5 il 18 gün sığorta stajı olmuşdur. Beləliklə, qeyd olunanlardan aydın olur ki, iddiaçının 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə cəmi 33 il 1 ay 6 gün iş stajı olmuş, bununla da iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan hər iki şərti ödəmişdir. Lakin işdən görünür ki, cavabdeh bu halı qəbul etməyərək, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün iddiaçının xx.xx.1986-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" ASC-də olan iş dövrünü onun sığorta stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-13765/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 27 oktyabr 1997-ci il tarixli 931 nömrəli sərəncamı əsasında yaradılan Komvol ASC 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli, **********014100 nömrəli məktubudan görünür ki, hüquqi şəxs xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bakı Komvol kombinatının bazasında xx.xx.1998-ci il tarixdə "xxxx" X7 Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmışdır və onun hüquqi varisidir. Daha sonra xx.xx.2015-ci il tarixdən adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti kimi adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı "xxxx" İdarəsi ASC-nin natamam arxiv sənədlərində 1960-cı il təvəllüdlü vət.Cəfərova (Xəlilova) Şövkət Şəmsəddin qızına 1986-cı ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1987, 1988, 1989, 1990, 1991, 1993-cü illər, 1994-cü ilin mart və 1996-cı ilin fevral ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı “Komvol" İdarəsi ASC-nin natamam arxiv sənədlərinin 1992, 1995-ci illərə dair əmək haqqı cədvəllərində vət. Cəfərova (Xəlilova) Şövkət Şəmsəddin qızına əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Bakı "xxxx" İdarəsi ASC-nin 1986, 2009-cu illərə dair əmr kitabları və 1996-cı ildən sonrakı dövrlər üçün əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, işin sadalanan halları ilə Bakı Komvol kombinatının, daha sonra isə onun hüquqi varisi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mövcud olması və fəaliyyət göstərməsi, iddiaçının həmin müəssisədə işləməsi, əmək haqqı alması tam təsdiq olunur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, mübahisəəndirilən qeydlər bu tələblərə cavab vermiş, səlahiyyətli şəxsin imza və möhrü ilə təsdiq edilmiş, iddiaçı 01.030.2010-cu ildən etibarən isə Azəryolservis ASC-yə işə qəbul edilmiş, əmək kitabçasında aparılan bu qeydlər ardıcıl olmuş, hər hansı düzəliş edilməmiş, mötəbərliyini şübhə altına alan hər hansı bir əsas olmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasına gəldikdə, bu hal iddiaçının xx.xx.2006cı il tarixədək olan sığorta stajını şübhə altına almaq üçün əsas deyil. Çünki birincisi, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. İkincisi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmiş, həmin tarixədək, o cümlədən 2006-2009-cu illərdə həmin funksiya cavabdehin yuxarı orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumun səlahiyyətində olmuşdur və həmin qurumun qanunvericiliklə ona verilmiş funksiyalarını tam və vaxtında icra etməməsi nəticəsində iddiaçının işlədiyi dövrdə işəgötürən müəssisə onun barəsində ödəməli olduğu məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayına bilmişdir. Yəni, 2006-2009-cu illərdə iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi iddiaçının deyil, onun işəgötürənin, həmçinin cavabdehin tabe olduğu yuxarı orqanının məsuliyyətində olmuşdur. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan, iddiaçının həmin müəssisədə işləməsini təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq, əsasız olaraq onun 1986-2005-ci illərə aid sığorta stajını qəbul etməmişdir. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməklə ona pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1250/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1250/2024
08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver