Məhkəmə qərarları › İş №2-1(112)-12501/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12501/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12501/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmək kitabçasında təqvim illərinin qeyd olunması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hərbi xidmətkeçmə dövründə təqvim illərinin müəyyən edilərək əmək kitabçasına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsinə görə ’’Vətən naminə" və ’’Fədai”, “X2 Xidmətlərinə Görə”, ’’Müharibə Veteranı" medalları ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvü və Daxili İşlər Nazirliyinin müharibə veteranıdır. Yasamal Telefon qovşağında 1986-ci ildən işləyərək iş müqaviləsini itirmədən həqiqi hərbi xidmətə çagrılmış, 1987-1989-cu illərdə Azərbaycan SSR tərəfindən göndərilən həqiqi hərbi xidmətdə SSR silahlı qüvvələrində 2 il xidmət etmiş, hərbidən qayıdan kimi yenidən işinə qayıtmışdır. xx.xx.1990-cı ildən xx.xx.2001-ci ilə qədər əsgərlikdən göndərişlə Azərbaycan Respublikası DİN-in polis əməkdaşı kimi xidmət aparmışdır. xx.xx.1990-cı ildən Bakı şəhəri İH Dİİ PPX Alayında, xx.xx.1990-cı il tarixli 26 ş/h nömrəli əmrə əsasən işə Daxili İşlər Nazirliyinin polis (vəsiqə A35-21066-li) baş serjantı kimi fəaliyyət göstərmişdir. DİN-in Baş Mühafizə İdarəsinə pul attestatının xidməti illərinin düzgün hesablanması ilə bağlı müraciət etmişdir. xx.xx.2018-ci il tarixli ***-**** M-3218 nömrəli məktubla bildirilmişdir ki, Nəsimi RMİ tərəfindən təqdim olunan pul attestatına baxış keçirilmiş, həqiqətən xidmət illərinin düzgün hesablanmağı məlum olmuş və pul attestatın yenidən tərtib olunaraq təqdim olunması barədə Nəsimi rayon Mühafizə İdarəsinin rəhbərliyinə göstəriş verilmişdir. xx.xx.2018-ci ildə pul attestatı yenidən tərtib olunaraq iddiaçıya təqdim olunmuşdur. Həmin cavab məktubuna əsasən, Nəsimi Mühafizə xidmətinin Maliyə Plan İdarəsinin təqdim etdiyi 37 N-li Pul Attestatında 10 il 5 ay 06 gün qeyd edilmişdir. xx.xx.2001-ci il tarixli əmək kitabçasında xx.xx.2001-ci il xidmət təqvimi 12 il 07 ay 11 gün olmaqla güzəştli 17 il 09 ay 02 gün qeyd edilmişdir. Pul Attestatında illər, aylar, günlər, fasiləsiz xidmət illəri 25% əvəzinə 20% göstərilmiş və iddiaçıya təqdim olunmuşdur. 1987-1989-cu illərdə hərbi xidmət etdiyi dövr pul atestatında hesablanan zaman qeyd olunmamışdır. Pul attestatımda 10 il 5 ay xidmət hesablanaraq 20% göstərilmişdir. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq pul attestatında 25% göstərilməlidir. Hərbi xidmətin güzəştli sayılan hissəsi əsas verir ki, güzəştli xidmət illərində iki növbə xidmət apararaq 18 il 5 ay xidmət etmişdir. İddiaçı qeyd edir ki, fasiləsiz xidmət etmişdir və xidmət illəri 18 il 5 ay olduğu FHN-in xx.xx.2017-ci il, 37/M-00738 nömrəli cavab məktubunda qeyd olunmuşdur. Əgər əməkdaş iş yerində 13 il xidmət aparıbsa bu sülh əminamanlıq dövrünə aid olarsa tam fasiləsiz xidmət illəri 13 il götürülür. Polis əməkdaşı növbəli xidməti dövründə fasiləsiz 20 il xidmət edirsə Azərbaycan Respublikasının sabiq polisi kimi bu xidmət güzəşli xidmət kimi hesablanaraq əlavə olunmalı və pul attestatında 25% qeyd olunaraq təsdiqlənməlidir. Güzəşli xidmət illəri qanunla artıq əsas xidmət illərinə əlavə olunaraq öz yerin tutmuşdur. Artıq əməkdaş müharibə şəraitində 18 il 5 ayına görə dövlətdən müavinat (pensiya) alırsa demək 25% tam xidmət illərinə görə pul atestatında qeyd aparılmalıdır. Aşağıdaki cədvəldə "müharibə şəraitində “xidmət aparan fasiləsiz xidmət illəri nəzərə alınaraq pul attestatında əksin tapmalıdır; 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə; 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə 5%; 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə 10%; 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə 20%; 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə 25 %; 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə 30%; 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə 40%; 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə 50%. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra-“İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, inzibati məhkəmə icraatı çərçivəsində fərqli cavabdehlərə qarşı irəli sürülən müxtəlif tələblərə dair iddialara bir icraat çərçivəsində baxılması yolverilməz, bu növ iddialar mümkün hesab edilməməli olduğundan yuxarıda göstərilənlərə münasibət bildirməyi və ya iddia tələbini müvafiq şəkildə düzgün cavabdehə qarşı konkret tələb göstərilməklə dəqiqləşdirilməyi təklif olunmuşdur. Həmçinin inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olubolmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddiaçının nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl eyni tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Məhkəmə zəruri olaraq tələb etmişdir ki, müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı ərizənin təqdim edildiyi xx.xx.2024-cü il tarixdən əvvələ aid olmalıdır. Odur ki, iş üzrə göstərilən çatışmazlıqları aradan qaldıraraq müvafiq iddia ərizəsi ilə birlikdə cavabdehin münasibəti və ya cavabdehə müraciət etməsini təsdiq edən sənədi 10 gün müddətində Bakı İnzibati Məhkəməsinə təqdim etməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubunda qeyd olunanlara yazılı münasibət bildirməsi iddiaçıya təklif olunmuş, iddiaçı tərəfindən məhkəmənin yardım məktubu xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı oğlunun xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddia tələbinin “əmək kitabçasında iddiaçının təqvim illərinin qeyd olunması öhdəliyinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “əmək kitabçasında iddiaçının təqvim illərinin qeyd olunması öhdəliyinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinin tələbləri baxımından yenidən hüquqi yardım göstərilərək, cavabdehə iddia tələbində göstərilən məsələ ilə bağlı müraciətini təsdiq edən sənədi və ya cavabdehin imtinasını məhkəməyə təqdim etməsi təklif edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə iddia sürdüyü tələb üzrə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmək kitabçasında iddiaçının təqvim illərinin qeyd olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar