Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12507/2025 09.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi) “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov Rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 147 nömrəli qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavadeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri Əzizbəyov Rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 147 nömrəli qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.1097 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavadeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsinin dəyəri kassa mədaxil qəbzinə əsasən ödənilmiş və ərazinin planı bələdiyyə tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Əzizbəyov Rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 147 nömrəli qərar hal-hazırda qüvvədədir. İddiaçı torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmişdir. İddiaçı hesab edir ki, göstərilən bu hal iddiaçının gözlənilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Hesab edir ki, inzibati icraatla bağlı prosessual hərəkətlərin görülməməsi (yerləşmə cizgisində qərara istinad olunmaması və s.), eləcə də iddiaçının həmin akta münasibətdə etimad hüququnun mövcud olması baxımından aparılan qiymətləndirmə nəticəsində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsasın olmadığı ilə bağlı nəticəyə gəlinməsinə əsas yaradır. Həmin qərarlar qüvvədə olduğundan, ləğv olunmadığından və geri çağırılmadığından hüquqi qüvvəsini saxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bakı şəhəri Xəzər Rayonu Buzovna Bələdiyyəsi öz məktubunda da ayrılan torpaq sahəsinin torpaqayırma zamanı bələdiyyətinin mülkiyyətində olduğunu təsdiq etmişdir ki, həmin qərar hüquqmüəyyənedici sənəd qismində torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasına əsas verir.
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Bundan başqa, torpaq sahəsinin faktiki sahəsi 0.1097 ha təşkil edir. Eyni zamanda, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin ayrıc aktından kənarda, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin torpaq sahəsi dövlət mülkiyyətindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
6. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Bakı şəhəri keçmiş Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 147 nömrəli sərəncamında qeyd edilmişdir ki, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsini «Torpaq Məcəlləsi»nin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq baza qiyməti ilə vətəndaş İddiaçı satılsın.
7. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, Bakı şəhəri keçmiş Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi ərazisində 1200 kv.m torpaq sahəsi satılmışdır. İddiaçı tərəfindən Bələdiyyənin xəzinəsinə əvvəlcədən ******* manat haqq ödənilmişdir (Qəbz № 941576).
8. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2004-cü il tarixli ƏXZ/1 seriyalı 941576 nömrəli kassa mədaxil qəbzində qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri keçmiş Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin hesabına ******* AZN pul ödəmişdir.
9. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən tərtib edilmiş sxem və xəritə çıxarışında görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin sxem və xəritə çıxarışı tərtib edilmişdir.
10. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hər tərəfdən mişar daşı ilə sərhədlənmişdir. 2 tərəfi qonşu, 2 tərəfi isə yoldur. Torpaq sahəsində bir mərtəbəli yaşayış evi inşa olunub.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat iddianın təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri keçmiş Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 147 nömrəli sərəncamı ilə Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsinin İddiaçı satılmasına dair sərəncam verilmişdir. Həmin ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin cizgisi müəyyən edilmişdir. İddiaçı adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş edir.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
24. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
25. Məhkəmə hesab edir ki, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m. torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmasına dair Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 147 nömrəli sərəncamı iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
26. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin ayrıc aktından kənarda, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin torpaq sahəsi dövlət mülkiyyətindədir.
27. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının dəlili olaraq dövlət mülkiyyəti torpağı olması, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməməsinin bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
28. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
29. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
30. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
31. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
32. Belə ki, cavabdeh Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsini qeyd etsə də, ayrıc aktını məhkəmə təqdim etməmişdir.
33. Bununla yanaşı qeyd edilməlidir ki, Buzovna Bələdiyyəsinin cavabdehə ünvanladığı məktubunda bildirmişdir ki, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və xx.xx.2004cü il tarixli sərəncamla iddiaçıya satılmışdır.
34. Məhkəmə cavabdehin digər dəlili - torpaq sahəsinin faktiki sahəsinin 0.1097 ha təşkil etməsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, faktiki 0.1097 ha torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir.
35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
36. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov Rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 147 nömrəli qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.1097 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva