Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1251/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinıə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı X3 20 avqust 1960-cı ildə Şəki rayonunun Kiçik Dəhnə kəndində doğulmuşdur, hazırda 61 yaşı var. O, 1977 – 1982-ci illərdə X9 X4 adına Bakı Neft Texnikumunda təhsil amış və oranı bitirmişdir. 1978 – 1980-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 27 mart 1981-ci il tarixdən başlamışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azəriqaz” X1 X7 İdarəsi tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, 3 iyul 1985-ci il tarixdən 24 yanvar 1994-cü il tarixdək, 1 may 2006-cı il tarixdən 30 dekabr 2007-ci il tarixədək, 8 yanvar 2008-ci il tarixdən 11 mart 2014-cü il tarixədək Zaqatala RQİİ-nin Şəki rayonu üzrə təmir bərpa xidmətində 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işləmişdir. 12 mart 2014-cü il tarixdən hazırki vaxtadək sözügedən peşədə işləyir. Ümumilikdə hazırki vaxtadək onun (iddiaçının) 30 ilə yaxın əmək stajı var. Mübahisədən görünür ki, onun güzəştli şərtlərlə pensiya almaq üçün kifayət qədər əmək stajı toplanmışdır. Lakin 2018-ci il iyul ayının 1-dən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildiyindən və onun güzəştli şərtlərlə pensiya almaq hüququ həmin tarixdən yarandığından, 2018-ci il iyul ayının 1-dən sonrakı müddət ərzində ona güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Bu səbəbdən cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, 2018-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh 9 mart 2021ci il tarixli məktubla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtian etmişdir. Cavabdehin imtinası əsassız hesab edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindəntəsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək stajına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə «Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı» təsdiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Qanunvericiliyin tələblərindən də aydın olduğu kimi, 2004-cü ildə təsdiq edilmiş siyahıda iddiaçının işlədiyi peşə güzəştli şərtlərlə pensiya hüququna imkan verirdi və həmin vaxt 1979 – 2004- cü illərdə onun 25 il stajı vardı və həmin illərdə o, zərərli sahədə işləmişdir, bu da güzəştli şərtlərlə pensiya təminatı verirdi. Bundan əlavə 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Ona görə də yuxanda qeyd edilənləri nəzərə alaraq məhkəmədən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya 57 yaşdan – 20 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşaya görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassız və qanunsuz hesab edilir. Belə ki, məlum olduğu kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanunun həmin maddəsinin hal-hazırki redaksiyası 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və bu Qanuna əsasən 9.1ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 1 iyul 2017-ci il tarixdə güvvəyə minmişdir. İddiaçıya həmin Qanunun 9.1-ci maddənin 1 iyul 2017-ci ilədək olan mətni tətbiq edilə bilməz. Belə ki, İddiaçı 20 avqust 1960-cı il tarixdə doğulduğundan, onun 57 yaşı 20 avqust 2017-ci il tarixdə tamam olmuşdur, qeyd edilən tarixdə isə artıq sözügedən Qanunun 9.1-ci maddənin yeni mətni qüvvədə (kişilər 60 yaşdan). İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39.600 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 33.363,51 manatdır. İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabının sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada əsasən xüsusi hesaba əlavə vəsait ödəyərək artırılmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı mənbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdir. Göstərilənlərə əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların – kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 20 avqust 1960-cı il tarixdə doğulmuşdur. O, 1977 – 1978 və 1980 – 1982-ci illərdə Bakı Neft Texnikumunda təhsil almış, 1978 – 1980-ci illərdə hərbi xidmətdə olmuş, 27 mart 1981-ci il tarixdən əmək fəaliyyətinə başlayaraq ayrı-ayrı təşkilatlarda, o cümlədən 3 iyul 1985-ci il tarixdən 24 yanvar 1994-cü il tarixədək, 1 may 2006-cı il tarixdən 30 dekabr 2007-ci il tarixədək, 8 yanvar 2008-ci il tarixdən hal-hazıradək X8 İstismar İdarəsinin Şəki Rayonu üzrə Təmir Bərpa Xidmətində “6cı dərəcə əl ilə elektrik qaynaqçısı” vəzifəsində işləyir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinadən onunla əsaslandırılır ki, kişilərin müvafiq şərtlər daxilində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan yaranır və bununla bağlı iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, yəni tələb olunan pensiya kapitalı məbləği 39.600 manat olduğu halda, iddiaçının peniya kapitalı 33.363,51 manat təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, iddia ərizəsi məhkəmənin icraatına 1 oktyabr 2021-ci il tarixdən əvvəlki dövrdə daxil olduğundan, İPM-in 8.1.2-ci maddəsinin həmin tarixdən qüvvəyə minmiş dəyişiklik üzrə tələbləri hazırkı mübahisəyə tətbiq oluna bilməz. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir (maddənin birinci hissəsi). Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır (maddənin ikinci hissəsi). İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti (maddənin üçüncü hissəsinin “v” bəndi), ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti (maddənin üçüncü hissəsinin “ğ” bəndi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları 23200000 – 19906 kodu ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə Nazirlər Kabinetinn 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı qüvvədən düşmüş hesab olunmuş və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin Siyahının “35. Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı sosial sığorta stajı və güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışdığı dövrlə bağlı müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir və müvafiq mövqe bildirir: - İddiaçı 1977 – 1978 və 1980 – 1982-ci illərdə Bakı Neft Texnikumunda təhsil almış və 1978 – 1980-ci illərdə hərbi xidmətdə olmuşdur, bundan sonra o, 27 mart 1981-ci il tarixdən əmək fəaliyyətinə başlayaraq 24 yanvar 1994-cü il tarixədək əl ilə qaynaqda elektrik qaynaqçısı işləmişdir. Onun işlədiyi “əl ilə qaynaqda elektrik qaynaqçısı” vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən kateqoriyaya aid olsa da, 2006-cı ilin yanvar ayının 1-dək iddiaçının həmin peşədə iş 12 il 6 aydan az (8 il 6 ay 21 gün), ümumi iş stajı isə 25 ildən az (təhsil müddəti və hərbi xidmət dövrü də daxil olmaqla 16 il 5 ay) olduğundan, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinin və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinin tələbləri tətbiq edilməklə onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır; - İddiaçı 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı 12 il 6 aydan artıq, eləcə də ümumi iş stajı 25 ildən çox olsa da, onun 57 yaşı 20 avqust 2017-ci il tarixdə tamam olduğundan (20 avqust 1960-cı il tarixdə doğulmuşdur), müvafiq həddə pensiya kapitalı toplamadığından, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən əvvəlki və sonrakı dövrdə qüvvədə olan tələbləri üzrə müvafiq olaraq 57 yaşdan və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ona “57 yaşdan” təyin olunması tələb olunsa da, iddiaçının inzibati orqana müvafiq müraciəti olmadığından, məhkəmə İPM-in 13-cü maddəsinin tələbləri üzrə iddianın dəyişdirilərək müvafiq pensiyanın “60 yaşdan” təyin edilməsi kimi göstərilməsinin tövsiyə olunmasını məqsədəuyğun saymamışdır. Nəzərə alınmalıdır ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 33.363,51 manat təşkil edir, halbuki, tələb olunan müvafiq pensiya kapitalının məbləği 39.600 manatdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd sayılmamalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1251/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1251/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver