Məhkəmə qərarları › İş №2-1(112)-12510/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12510/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12510/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı "xxxx" MTK ilə aralarında bağlanmış 8 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının qeyriyaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 900 kv.m olan qeyri-yaşayış sahəsini satın almışdır. Müqavilə üzrə müəyyən olunmuş qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənildikdən sonra heç bir borcun olmamasına dair "xxxx" MTK tərəfindən 8 noyabr 2018-ci il tarixli 32 saylı maliyyə arayışı və "xxxx" MTK-nin 8 noyabr 2018-ci il tarixli 08/11 saylı protokolundan çıxarış ona verilmişdir. İddiaçı bina 2019cu ildə istismara verildikdən sonra satın aldığı qeyri-yaşayış sahəsini tam istismara yararlı vəziyyətə gətirərək sahədən təyinatına uyğun olaraq istifadə edir. Lakin qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Göstərilən səbəblərə əsasən satın aldığı ünvan 2 ünvanında inşa edilən yaşayış binasının qeyri-yaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 900 kv.m olan qeyri-yaşayış sahəsinin qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 9 aprel 2021-ci il tarixdə rəsmi müraciət etmiş, lakin ona 19 aprel 2021-ci il tarixli imtina məktubu verilərək müraciətin icrasından imtina edilmişdir. O, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sənədləşdirmə işlərini aparmaq fikrindədir və hesab edir ki, cavabdeh İdarə tərəfindən heç bir sənədləri araşdırmadan əsassız olaraq müraciətin icrasından imtina edirmişdir. İddiaçı bu halın, yəni cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərini qanunsuz qiymətləndirir və hesab edir ki, qanuni şəkildə satın aldığı qeyri-yaşayış sahəsini qeydiyyata alınmaqla reyestrdən çıxarışn və texniki pasportun verilməsi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Buna görə də öz hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 148.1, 152.1, 157.1, 178.8-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1, 2.2, 8.0.4-cü maddələrinə əsaslanaraq, ünvan 1 ünvanında olan yaşayış binasının qeyri-yaşayış hssəsinin 2-ci mərtəbəsində yerləşən 900 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 9 aprel 2021-ci il və 12 mart 2021-ci il tarixlərdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədləri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Həmçinin, razılaşdırılmış mərtəbəlilik planı təqdim edilməmişdir. Bundan əlavə, qeyd olunan qeyri-yaşaş sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 900,0 kv.m, faktiki ölçüsü isə 858.1 kv.m-dir. Bununla bağlı vətəndaşa 19 aprel 2021-ci il və 8 may 2021-ci ii tarixli məktublar ünvanlanmışdır. Göstərilənlərə və «Dşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 9, 10, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 101,2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarının müddəaalarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddia ərizısində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəısinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan "xxxx" MTK-nın 8 noyabr 2018-ci il tarixli 08/11 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı MTK üzvlüyünə qəbul edilmiş və razılıq yolu ilə ünvan 1 ünvanında inşa edilən "xxxx" MTK-ya məxsus yaşayış binasının 2-ci mərtəbəsində yerləşən sahəsi 900 kv.m olan qeyri-yaşayş sahəsinə düşməsi təsdiq edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında 8 noyabr 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yaşayş binasının 900 kv.m ölçüdə qeyri-yaşayış hissəsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" MTK-nın 8 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən yaşayş binasının qeyri-yaşayış hissəsinin 2-ci mərtəbəsində 900 kv.m ölçüdə qeyriyaşayış sahəsinin dəyərni qalıq olmadan 100% ödəmişdir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin, tələblərinə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsiu, 36 ünvanındakı yaşayış binasının qeyri-yaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşən 900 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları əldə etmiş və onun həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və bu barədə reyestrdən çıxarışlar verilməlidir. Belə olan halda, məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, ünvan 1 ünvanında olan yaşayış binasının qeyri-yaşayış hssəsinin 2-ci mərtəbəsində yerləşən 900 kv.m qeyriyaşayış sahəsinin İddiaçı mülkiyyəti hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında olan yaşayış binasının qeyri-yaşayış hssəsinin 2-ci mərtəbəsində yerləşən 900 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyəti hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar