Məhkəmə qərarları › İş №2-1(112)-12513/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12513/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12513/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncama dəyişiklik edilməsi və iddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatada olan hərbi qulluqçu kimi 2 nəfər ailə tərkibi ilə (özü və həyat yoldaşı) Yasamal Rayon İcra Başçısının 587 №li, xx.xx.2023-cü il tarixli sərəncamı ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan hərbi qulluqçuların (zabit) güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Lakin mənzil növbəsinə qəbul zamanı cavabdeh iddiaçının 2 övladını-xx.xx.1999-cu il təvəllüdlü Ruslan Mirzəyevi və xx.xx.2001-ci il təvəllüdlü Nurlan Mirzəyevi mənzil növbəsinə qəbul etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə müddət bərpa edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək AR Silahlı Qüvvələrində, xx.xx.2003-cü ildən xx.xx.2023-cü ilədək DİN DQ-da hərbi xidmətdə olmuş və AR DİN-nin müavini DQ Komandanının 0150 ş/h nömrəli xx.xx.2023-cü il tarixli əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Bakı şəhəri Cavabdeh 27 dekabr 2023-cü il tarixli, 587 №-li Sərəncamı ilə İddiaçı 2 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Mirzəyeva Nahidə) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan hərbi qulluqçuların (zabit) güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Şəxsiyyət vəsiqələrindən görünür ki, X3 xx.xx.2001-ci il, X4 isə xx.xx.1999-cu il təvəllüdlüdür. Daşınmaz əmlakın dövlət reyestrindən arayışlardan görünür ki, X1 və X2 Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 1 ci bəndinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Həmin maddənin 2-ci bəndinin üçüncü cümləsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 6 avqust 2012-ci il tarixli Qərarının:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat,

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan qanunvericiliyinə əsasən, hərbi qulluqçular müəyyən şərtlərlə mənzil növbəsinə daxil edilə bilərlər. Bu növbə, hərbi qulluqçuların sosial müdafiəsini təmin etmək məqsədilə yaradılıb və mənzil əldə etmələri üçün növbəlik əsasında təşkil olunur. Yuxarıda bəhs olunan qanunvericiliyin müddəalarında yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular ilə yanaşı həmçinin onlar ilə birlikdə yaşayan ailə üzvlərinin də mənzil növbəsinə dayanmaq, mənzillə təmin olunanadək kirayə haqqı almaq hüquqlarının olduğu qeyd olunmuşdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd, onun övladlarının mənzil növbəsinə götürülməsidir. Lakin cavabdeh iddiaçının bu müraciətinin təminindən imtina edərək, bu halı iddiaçının övladlarının yetkinlik yaşına çatması ilə əlaqələndirir. Məhkəmə cavabdehin imtinasının əsaslı olub-olmamasını müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulan “ailə üzvləri” anlayışının nəyi ehtiva etdiyini, ümumiyyətlə ailə münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə ailə üzvləri hesab olunan şəxslərin əhatə dairəsi imperativ şəkildə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdaki müddəalarına əsasən: 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. “Uşaq hüquqları haqqında Konvensiya”nın (BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilib) 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın. “Uşaqlar hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hüquqi nizamın prinsiplərinə əsaslaraq məhkəmə qeyd edir ki, ailə münasibətlərini tənzimləyən qanunvericiliyə görə ər-arvad, valideynlər və uşaq ailə üzvü hesab edirlər. Nəzərə alınmalıdır ki, uşaq anlayışı 18 yaşına çatmamış şəxsi ifadə edir. Bu, BMT-nın Uşaq hüquqları Konvensiyasına və Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə müəyyən edilir ki, 18 yaşa qədər olan hər bir şəxs hüquqi olaraq uşaq hesab edilir və buna uyğun xüsusi hüquq və müdafiə tədbirləri ilə əhatə olunur. Valideynlərin övladlarını saxlamaq vəzifəsi onların əsas ailə öhdəliklərindən irəli gəlir ki, bu öhdəlik uşaqların sağlam və təhlükəsiz böyüməsini, təhsil almasını və ümumi rifahını təmin etmək məqsədini daşıyır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən qanunvericiliyin müddəaları ailə qanunvericiliyin müddəalarının tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Bu zaman, övlad və ailə üzvü anlayışları arasında fərqləndirmənin aparılması, məhkəmə hesab edir ki, hazırkı iddianın rəddinə əsas yaradır. Belə ki, iddiaçı hərbi qulluqçuların məhz ailə üzvlərinin mənzil növbəsi və kirayə xərclərinin nəzərə alınması barədə qanunvericiliyin normalarının nəzərə almamış, övlad anlayışı ilə ailə üzvü kimi uşaq anlayışını eyniləşdirmişdir. Halbuki, ailə qanunvericiliyinə əsasən ailə üzvünün anlayışı övladı yox, məhz uşağı ehtiva edir ki, uşağın anlayışı isə göstərilən normativ tələblərdə konkret olaraq müəyyən edilmişdir. Uşaq dedikdə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxs başa düşülür. Göründüyü kimi mənzil növbəsinə götürülmə və kirayə xərclərinin ödənilməli olması zamanı yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən və valideynlərindən saxlanılmaq vəzifəsini tələb edə bilən övladların nəzərə alınması əsası müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Göründüyü kimi valideynlərin yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi övladın əmək qabiliyyətinin olmaması, bununla da maddi yardıma ehtiyacının olması ilə əlaqələndirmişdir. Hazırkı iki övlada münasibətdə isə göstərilən hal mövcud deyildir. Bu isə, o deməkdir ki, iddiaçının yetkinlik yaşına çatmış övladlarını saxlamaq kimi vəzifəsi qanunvericiliklə mövcud deyildir. Hərbi qulluqçular üçün mənzil şəraitinin yaxşılaşdırılmasının dövlət tərəfindən təmin edilməsi də, məhz həmin vəzifələrin icrası ilə birbaşa əlaqədardır. Belə ki, dövlət hərbi qulluqçusunun uşağını saxlamaq vəzifəsinə uyğun olaraq göstərilən öhdəliyin yüngülləşdirilməsi baxımından mənzil şəraitinin yaxşılaşdırılmasına (uşaq sayına görə mənzil otaqlarının sayının artırılması, əlavə kirayə xərclərinin ödənilməsi və s) təminat verir. Dövlətin valideynin yetkinlik yaşına çatmış övladını saxlamaq vəzifəsi olmadığı halda isə, olmayan vəzifəyə münasibətdə hərbi qulluqçu olan valideynə əlavə təminat verməsi göstərilən səbəbdən nəzərdə tutulmamışdır. Həmin səbəbdəndir ki, hərbi qanunvericilik məhz ailə üzvünə münasibətdə mənzil təminatı, kirayə xərcinin ödənilməli olması kimi müddəalar göstərmiş, bu zaman övlad və uşaq anlayışları arasında fərqləndirmə aparmışdır ki, həmin fərqləndirmənin xüsusiyyətləri isə ailə qanunvericiliyində öz təsbitini tapmışdır. Başqa sözlə, hərbi qulluqçuların mənzil şəraitini tənzimləyən normalarda ailə üzvn anlayışının istifadə edilməsi, ailə qanunvericiliyində ailə üzvünə verilən anlayışla birgə qiymətləndirilməlidir. Ailə üzvünün anlayışı isə Ailə Məcəlləsində birbaşa təsbit edilmişdir. Ailə üzvü dedikdə ər-arvad, valideynlər və uşaqlar başa düşülür. Maddənin tələbi göründüyü kimi konkretdir, necə ki, ikinci dərəcəli qohumlar ailə üzvü anlayışına daxil ola bilmirsə, yetkinlik yaşına çatmış övlad da, Ailə Məcəlləsinin tələbi baxımından uşaq hesab edilə bilməz. Uşaq dedikdə əsas kriteriya kimi yetkinlik yaşına çatmama başa düşülür ki, uşaq anlayışına daxil olmayan övlad valideynin saxlanılma borcu ilə əhatələnmədiyindən, dövlət üçün də xüsusi kateqoriyalı şəxs kimi üstünlüklərdən mənzil növbəsinə götürülmə baxımından nəzərə alınmamaqdadır. Qeyd olunur ki, dövlətin hərbi qulluqçusunun valideynlik vəzifələrinin icrası baxımından müəyyən etdiyi üstünlüklərin məhz hərbi qulluqçunun ailə üzvü kimi məhz uşaqlara və ya özünün saxlanılmasını tələb etmək hüququ olan yetkinlik yaşına çatsa da digər istisna təşkil edən övladlarına aid olması prinsipi oxşar normativ bazaya malikdir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin:

72. Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. z) həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan, səhhətinə görə hərbi xidmətə, yaxud dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, lakin səhhətinə, yaxud ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi-həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir. Bu zaman səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız hesab edilən hərbi qulluqçular ehtiyata buraxılmağa və ya istefaya göndərilməyə təqdim edilirlər. Xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy “Hərbi qulluqçuların və onların ailə üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan rayonlarda xidmət keçmələrinin (yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası haqqında Təlimata” uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən verilir. Bu məqsədlə tibbi müayinəyə göndərilə biləcək ailə üzvlərinə arvad (ər), hərbi qulluqçunun öhdəsində olan həddi-buluğa çatmamış uşaqlar, həddi-buluğa çatmış uşaqlar-şagirdlər, eləcə də orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladları aiddirlər. Hərbi qulluqçunun öhdəsində olan və onunla birgə yaşayan qalan ailə üzvləri səhhətlərinə görə daimi kənar qulluğa ehtiyacları olduğu və başqa yaxın qohumları olmadığı hallarda tibbi müayinəyə göndərilə bilərlər.

148. Hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər. [70] Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi tibb müəssisələrində, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun:

6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Göründüyü kimi, hərbi və ailə qanunvericiliyi baxımından övlad və uşaq anlayışları fərqləndirilmişdir. Ailə Məcəlləsinin 75 və 80-ci maddələri həmin fərqləndirmənin baris nümunəsi qismində xüsusi olaraq çıxış edir. Həmin fərqləndirmə isə, məhkəmə hesab edir ki, cavabdehin imtinasının qanuni və əsaslı olmasına dəlalət edir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar