Məhkəmə qərarları › İş №2-1(112)-12519/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12519/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12519/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan) nümayəndəsi və vəkili Vəkil (ünvan 2 ünvanında qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin hüquq şöbəsinin aparıcı mütəxəssisi, Laçın rayonunun Laçın şəhərində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik qrupunun bərpa edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 (bundan sonra iddiaçı) xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən 3-cü dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz olaraq müəyyən edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik. Kəskin və davamlı ağrı sindromu ilə. Döş qəfəsinin mühüm dərəcədə deformasiyası. TÇ İ.” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi şəxsə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona ömürlük müddətinə 3-cü dərəcəli əllik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəyişdirilməsi nəzərə alınmışdır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbi üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Bakı DİN Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli 4110003AADQH saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik. Kəskin və davamlı ağrı sindromu ilə. Döş qəfəsinin mühüm dərəcədə deformasiyası.TÇ İ.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2,5.12. üçüncü – dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Lakin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2019 -cu il tarixli 029- 1354-1219 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 378 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (286-cı sıra), xx.xx.2019-cu il tarixdə “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə ləğv edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət məktubundan görünür ki, iddiaçı ona xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən 3-cü dərəcəli əllik təyin olunduğu, təyin olunmuş əlilliyin müddəti müddətsiz olaraq müəyyən edildiyi, əlillik təyinatı zamanı diaqnoz bölməsində “Onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu, onurğanın arxa tərəfə əyilməsi, qozbellik, kəskin və davamlı ağrı sindromu ilə döş qəfəsinin mühüm dərəcədə deformasiyası, TÇ İ."' qeyd olunduğu bildirilərək 3-cü dərəcəli əlilliyin təyin edildiyini bildirmişdir. Lakin cavabdeh tərəfindən ona təyin edilmiş əlilliyin Əlillik Altsistemində etibarsız hesab edildiyi, qeyd olunanlara əsasən ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsini və əlilliyin əlillik alt sistemindən etibarsız sayılmasına dair sənədlərin və aparılmış inzibati icraat materiallarının ona təqdim edilməsini xahiş etmişdir. - Elektron məhkəmə sistemi vasitəsilə əldə edən şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1983-cü il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. - X9 klinikasının müalicə həkimi Ş.Mürsəlov və baş həkimin müavini tərəfindən tərtib edilən Epikrizdən görünür ki,İddiaçı xroniki kalkulyoz xolesistit diaqnozu qoyulmuşdur. Xəstənin deməsinə görə özünü uzun müddətdir ki, xəstə hesab edir. Konservativ müalicə almış lakin ağrıları artdığından cərrahi müdaxilə üçün BMP klinikasına müraciət etmişdir. Anamnesis vitae xüssusiyyətsizdir. Özündə və yaxınlarında dəri zöhrəvi və irsi xəstəliklərin olmasını inkar edir. Status praesens huşu aydındır, dəri və görünən selikli qişaları adi rəngdədir. Dayaq-hərəkət sistemində vizual patologiya qeyd edilmir. Periferik limfa düyünləri əllənmir. Ağ ciyərlər üzərində auskultasiya zamanı vezikulyar tənəffüs eşidlir. Cor tonları aydındır. A/T 140/90mm.c.siit. ps 90 vurğudur. Udma aktı sərbəstdir. Dili nəm.təmizdir. Qarnı simmetrikdir, tənəffüsdə iştirak edir, palpasiyada yumşaqdır. Qaraciyər və dalaq əllənmir. Döyəcləmə əlaməti hər iki tərəfdən mənfidir. Diurez N, defekasiya gəbizlivə meylilidir. Palpasiya zamanı sağ qabırqaaltı nahiyə ağrılıdır, həmin nahiyədə Merfi. Ortner - Qrekov əlaməti müsbətdir. Hb 15.4 q/dl. levkosit 8.25 *10/mm. eritrosit 4.82 *10 6/ml, EÇS 2 mm/h EKO :ÜEO -min horizontal vəziyyəti. Normal EKQ Ağciyər R-qrafıyasında patoloji dəyişiklik qeyd edilmədi.xx.xx.2012-ci il tarixində xəstəyə ümumi anesteziya altında “Laparoskopik xolesistektomiya. ” əməlliyyatı icra olundu. - X3 müalicə həkimi A.N.Hüseynov tərəfindən tərtib edilən Epikrizdən görünür ki, xəstə İddiaçı, 1985-ci il təvəllüdlü sağ diz oynağinda olan ağrılar, şişkinlik, hərəkin məhdudlaşması, kontrakturanın olması, şikayətləri ilə klinikaya müraciət etmişdir. Xəstə xəstəxanada kliniki laborator, rentgenoloji, MRT müayinələrdən keçmiş və xəstəyə “Sağ diz oynağinda, medial meninskinin arxa buyuzunun yırtığı və infrapatellar kista” diqnozu qoyulmuşdur. Xəstə əməliyyata hazırlanmış və xx.xx.2018-ci il tarixdə ümumi anesteziya altında “Sağ diz oynağinın artroskopiyası,” əməliyyatı aparılmışdır. Xəstə xx.xx.2018 ci il tarixdə kafi vəziyətdə ambulator şəraitdə həkim- travmatoloqun nəzarətinə yazılır. Xəstəyə 2 ay müddətində sağ aşağı ətrafa ağırlıq vermədən hərəkət etmək məsləhət olundu. 10 gündən sonra təkrari müayinə üçün klinikaya müraciət etməsi tövsiyyə edildi . Diaqnoz: “Sağ diz oynağinda medial meninskinin arxa buynuzunun yırtığı və infrapatellar kista”. Əməliyyat Sağ diz oynağının artroskopiyası, artroskopik meninskoektamiyası. - Azərbaycan Respublikası Diqnnostika Mərkəzinin lor həkimi T.Hüseynov və Baş həkim K.Xəlilova tərəfindən təsdiq edilən xx.xx.2020-ci il tarixli Epikrizdən görünür ki, İddiaçı özünü 1 ilə yaxındırki xəstə hesab edir. Səbəbini əlaqələndirə bilmir. stasionara qəbul olarkən hər hansi dərman maddəsi qəbul etmədiyini qeyd edir. Anamnez Vitae: Normal doğulub,normal inkişaf edib. Uşaqlıqda keçirdiyini xəstəlikləri xatırlamır. Özündə vərəm, dəri zöhrəvi, hepatit və sair infeksion xəstəliklərin olmasını inkar edir. Antibiotiklərə qarşı allergiyasının olmamasını qeyd edir St.lokalis : Rniskopik müayinədə burunun selikli qişasi hipermeiyalıdır. BƏC KT müayinəsində sol maksilyar cismi dolduran kist qeyd edilir Status Praesens:Vəziyyəti kafidir. Huşu aydındır. Dəri və gözlə görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy toxuması yaxşı inkişaf edib. Dayaq hərəkət aparatında gözlə görünən patologiya yoxdur. Periferik limfa düyünləri böyüməyib, əllənmir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. AT-120/80 mm.csüt, PS-80 vurğu. Udma aktı sərbəst, ağrısızdır. Dili nəm, qarın palasiyada nahiyyə ağrısızdır. Defekasiya adekvatdır. Diurez adekvatdır.Hər iki böyrək proyeksiyasında Pasternatski simptomu mənfidir. Evə yazılarkən vəziyyəti xəstənin ümumi vəziyyəti kafidir. Huşu aydınıdr. Hemodinamikası stabildir. A\T-125\80 mm.c.st. Patoliji qanaxma qeyd edilmir. Qarın yumuşaq və ağrısızdır. Fiziolojik aktları sərbəstdir. Sərbəst qalxır yeriyir və qidalanır. - Medi Style hospitalın baş həkimi Z.Hacıhəsənli və müalicə həkimi A.Hümbətovanın təsdiqlədiyi Epikrizdən görünür ki, xəstə İddiaçı, Medi Style hospitala xx.xx.2021-ci il tarixində sol diz oynağında olan ağrı, axsama, şişkinlik, dizin tez-tez boşa çıxması, gəzərkən və pilləkan qalxıb-düşərkən ağrıların artması, şikayətləri ilə daxil olmuşdur. Xəstəyə kliniki, laborator, MRT, R-ji müayinələrdən sonra “Sol diz oynağında medial meniskin arxa buynuzunun cırılması. Qığırdaq degenerasiyası İİ mərhələ. Sol diz oynağında ön çarpaz bağın qopması” diaqnozu qoyulmuşdur. Xəstə hazırlanaraq planlı şəkildə xx.xx.2021-ci il tarixində ümümi anesteziya ilə “Sol diz oynağının artroskopiyası. Artroskopik meniskin təmri. Sol diz oynağında ön çarpaz bağın plastikası” cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyat və sonrakı dövr ağırlaşmasız keçmişdir. Yara birincili sağalır. Xəstənin ümumi vəziyyətini nəzərə alaraq xx.xx.2021-ci il tarixində evə ambulator müalicəyə və müşahidəyə yazılır. Xəstəyə əməliyyatdan sonrakı dövrdə reabilitasion və fizikiterapevtik müalicə məsləhət görülür. - TSEK müayinələrindən görünür ki, Bakı Daxili İşlər Naziriyinin Tibb İdarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli 4110003AADQH №li Göndəriş əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmə aparılaraq “Səbəbi: Ümumi xəstəlik: X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu. Onurğanın arxa tərəfə əyilməsi.Qozbellik.Kəskin və davamlı ağrı sindromu ilə .Döş qəfəsinin mühüm dərəcədə deformasiyası.TÇ İ.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2,5.12. üçüncü – dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9);” səbəbi ilə müddətsiz İİİ dərəcə əlillik dərəcəsi verilmişdir. - Tibbi-Sosial Ekspertiza Müayinəsindən Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbəbilə Döş qəfəsinin mühüm dərəcədə deformasiyası.TÇİ. Əlilliyin müəyyən olunması meyarı: Üçüncü dərəcə əlillik => üçüncü -dördüncüdərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9) diaqnoz ilə müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən iddiaçıya verilən xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2019-cu il tarixədək İİİ qrup əlilliyə görə 1178.6 manat (bir min bir yüz yetmiş səkkiz manat 60 qəpik) əmək pensiyası almışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş Əlillik siyasəti şöbəsinin müdiri tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinə ünvanlanmış xidməti məruzədə aşağıdakılar göstərilmişdir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktuba Əlillik siyasəti şöbəsində baxılmışdır. Daxili İşlər Nazirliyinin Tibb idarəsi tərəfindən risk qrupuna daxil olan 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və müəyyən edilmişdir ki, adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur, onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar olaraq, 378 nəfərin (adlı siyahı əlavə olunur) əlillik müayinələrinin Əlillik altsistemində etibarsız edilməsinə dair Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə, vətəndaşların sosial müdafiə və təminat hüququnun yenidən nəzərdən keçirilməsi və artıq ödənilmiş vəsaitin bərpası ilə əlaqədar isə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna tapşırıq verməyinizi xahiş edirəm. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı DİN Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli 4110003AADQH saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik. Kəskin və davamlı ağrı sindromu ilə .Döş qəfəsinin mühüm dərəcədə deformasiyası.TÇ İ.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2,5.12. üçüncü – dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Lakin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2019-cu il tarixli 029-1354-1219 nömrəli məktubuna əsasən iddiaçıya təyin edilmiş əlillik etibarsız hesab edilmişdir. Göründüyü kimi iddiaçıya müddətsiz olaraq təyin edilmiş 3-cü dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi, məhz xidməti məruzə məktubu olmuşdur. İddiaçının 3-cü dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ yalnız yuxarıda göstərilmiş xidməti məruzə məktubu ilə həll olunmuşdur, yəni bu məsələyə dair hər hansı bir rəsmi qərar qəbul edilməmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək "Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Halbuki,“İnzibati icraat haqqında” Qanunun 11.1ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun - 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; - 24.1.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; - 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, "İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Beləliklə, iddiaçının əlilliyi barədə yuxarıda istinad olunan Əsasnamənin 4.9-cu və 4.16-cı bəndlərinin tələblərinə və inzibati icraat qaydalarına uyğun olaraq, qərar qəbul edən cavabdeh sonradan onun əlilliyini səhiyyə orqanının məktubu əsasında etibarsız hesab edərək bu qaydalardan kənarlaşmışdır. Halbuki ən azı "İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından sonradan iddiaçının da onun əlilliyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Konkret halda, məhz Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə müəyyən olunan qaydalar daxilində ünvanlanmış və birbaşa iddiaçının qanuni mənafelərinə toxunan məktubun daxil olması, eyni zamanda, sonradan iddiaçının məsələ ilə bağlı ona müraciəti - cavabdeh inzibati orqanının iddiaçı barəsində inzibati icraatı başlamaq vəzifəsi yaratmış olur. "İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericiliyin qeyd olunan müddəlarından göründüyü kimi cavabdeh sadalanan inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın üzərinə qoyulmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyinin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar