Məhkəmə qərarları › İş №2-1(112)-1252/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1252/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1252/2022 06.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 18 iyul 1980-ci il tarixdə Azərbaycan Dəmir Yolları Bakı Vaqon deposunda Yığma Sexinin TTO-də 3-cü dərəcəli hərəkətli heyətinə mirzə vəzifəsinə qəbul olunmuşdur. 15 oktyabr 1981-ci ildə həmin vəzifədən azad olunmuş, xx.xx.1981ci ildən xx.xx.1983-cü ilə qədər ordu sıralarında xidmət etmişdir. 17.01.194-cü il tarixdə Azərbaycan Dəmir Yollarında tikinti ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixdə 2 dərəcəli fəhlə vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə tikinti ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə düzləndirici və yol işlərinin ustası vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə NQU-2 saylı sexə keçirilmək üçün tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Mülki Tikililərin Biləcəri distansiyasının 4 saylı prorab məntəqəsinə işlərin istehsalçısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.1992-ci il tarixdə Azərbaycan Dəmir Yollarının TMM-78 sərəncamına keçirilmiş, xx.xx.1999-cu il tarixdə Müəssisələrin tərəflərin razılığına əsasən "xxxx" APPK prorab vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2000-ci il tarixdə "xxxx" Memarlıq-Lahiyə İsteshalat müəssisəsinə eyni vəzifəyə qəbul olunmuşdur. xx.xx.2003-cü il tarixdə texniki şöbənin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə "xxxx" MMC-də baş mühəndis vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2008-ci ildə “X5” MMC-də istehsalat şöbəsinin mühəndisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdə “X4 İndustruyu” MMC kimi hesab edilmişdir. xx.xx.2009-cu il tarixdə “X4 İndustruyu” MMC-də ştat cədvəlində edilən dəyişikliklərə əsasən İstehsalat şöbəsinin aparıcı mühəndisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Mcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2009-cu il tarixdə “A+A” Müstəqil Ticarət Firmasında İnşaat mühəndisi vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən smeta üzrə layihəçi mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012ci il tarixdə "xxxx" MMC-də mühəndis vəzifəsinə qəbul edilmişdir. "xxxx" MMC 2020-ci il tarixdən "xxxx" QSC adalandırılmış və həmin QSC-də istehsalat şöbəsinin rəisi vəzifəsində çalışır. Cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Lakin, cavabdeh heç bir məntiqi əsas göstərmədən onun müraciətindən imtina etmişdir. Halbuki, onun 40 ildən artıq əmək stajının və 59 yaşı tamam olmasına baxmayaraq, cavabdehin heç bir əsas olmadan pensiya təyin edilməsindən imtina etməsi başa düşülən deyil və heç bir zaman qanuni və əsaslı hesab edilə bilməz. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, az 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, iddiaçıya keçmiş qanunvericiliyə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməsi üçün iddiaçı müvafiq iş stajını xx.xx.2006-cı il tarixinədək toplamış olmalı idi. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. İddiaçının Filiala təqdim etdiyi 12 yanvar 1984-cü il tarixli əmək kitabçasında xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ALSM müəssisəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi” proqram təminatından araşdırma aparılmış və həmin müəssisənin xx.xx.2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövlər əmək pensiyası təyin edilərkən iş stajına daxil edilmədiyi üçün iddiaçının xx.xx.1999-xx.xx.2004cü il tarixlərindəki fəaliyyətini stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, iddiaçının xx.xx.2006-cı il tarixinə qədər ki, iş stajı cəmi 19 il 5 ay 26 gün təşkil edir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştli daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noaybr 2020-ci il tarixli məktub göndərilərək tövsiyyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçı tərəfindən arayış təqdim edilsə də, həmin arayışdan iddiaçının işləmiş olduğu peşələrin məhz hansı peşələrə uyğun hesab edildiyi bəlli olmur. Şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İşdə olan "xxxx" QSC tərəfindən iddiaçının əmək fəaliyyəti ilə bağlı verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək "xxxx" QSCnin nəzdində 404 saylı SMP-də tikinti ustası, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək Biləcəri mülki qurğular distansiyasında, xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək 781 saylı SMP-də iş icraçısı (ümumilikdə 14 il 6 ay 24 gün olmaqla) peşələrində çalışmışdır. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 01-4/2021 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixinə qədər "xxxx" Arxitektura Layihə-Sənaye Müəssisəsində müxtəlif vəzifələrdə işləmişdir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1980ci il - 755 saylı, xx.xx.1980-ci il tarixli əmrinə əasən Bakı Vaqon deposunun yığma sexinin PTTna 3-cü dərəcəli herəkətli heyətin çilingəri vəzifəsinə qəbul olunmuş, xx.xx.1981-ci il - 1142 saylı, xx.xx.1981-ci il tarixli əmrə əsasən Sovet Ordu sıralarında xidmətə çağırılması ilə əlaqədar olaraq Azərbaycan SSR ƏMQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1984-cü il – 10/k saylı, xx.xx.1984-cü il tarixli əmrə əsasən “Yoltikintitrestinin” TMM – 404 tikinti ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.1990-cı il – 313 saylı, xx.xx.1989-cu il tarixli əmrə əsasən Azərbaycan Dəmir Yollarının Biləcəri NQÇ köçürülməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990-cı il - 34 saylı, xx.xx.1990-cı il tarixli əmrə əsasən Biləcəri 4 saylı Prorab NQÇ-nə işlərin icraçısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.1992-ci il – 20 saylı, xx.xx.1992-ci il tarixli əmrə əsasən Azərbaycan Dəmir Yollarının SMP – 781 sərəncamına keçirilmişdir. xx.xx.1992-ci il – 47 saylı, xx.xx.1999-cu tarixli əmrə əsasən SMP – 781 prorab vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il – 10 saylı, xx.xx.1999-cu il tarixli əmrə əsasən müəssisələrin tərəfləinin razılığı ilə "xxxx" APPK sərəncamına keçirilmişdir. İşdə olan iddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, xx.xx.1981-19 dekabr 1983-cü illərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, i, xx.xx.1980-ci ildə Yığma sexinin TTO – də 3 dərəcəli hərəkətli heyətinə (avtomatçı) mirzə vəzifəsinə qəbul olunmuş, xx.xx.1981-ci il tarixdə tutduğu vəzifədən azad olunmuş, xx.xx.1981-xx.xx.1983-cü illərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1984cü il tarixdə tikinti ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixdə 2-ci dərəcəli fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixdə tikinti ustası vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixdə düzləndirici və yol işlərinin ustası vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə NQU- 2 saylı sexə keçirilmək üçün tutduğu vəzifədən imtina etmişdir. xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikasının Mülki Tikililərinin Biləcəri distansiyasına 4 saylı prorab məntəqəsinə işlərin istehsalçısı vəzifəsinə təyin olunmuş, xx.xx.1992-ci il tarixdə Azərbaycan Dəmir Yollarının TMM – 781 sərəncamına keçirilmişdir. xx.xx.1999-cu il tarixdə Müəssisələrin tərəflərinin razılığına əsasən "xxxx" APPK sərəncamına keçirilmiş, xx.xx.1999-cu il tarixdə Müəssisələrin tərəflərinin razılığına əsasən "xxxx" APPK prorab vəzifəsinə qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə "xxxx" Memarlıq-Layihə İstesahalat Müəssisəsinə eyni vəzifəyə qəbul olunmuş, xx.xx.2003-cü il tarixdən texniki şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2006-cı il tarixdə "xxxx" MMC-yə baş mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 21.004.2008-ci il tarixdə “X6” MMC-yə İstehsalat Şöbəsinin mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə ştat cədvəlinə edilən dəyişliyə əsasən istehsalat şöbəsinin aparıcı mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2009-cu il tarixdə “A+A” Müstəqil Ticarət Firması İnşaat mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə smeta üzrə layihəçi-mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********5 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyi 12 yanvar 1984-cü il tarixli əmək kitabçasında xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ALSM müəssəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış və həmin müəssəsinin xx.xx.2004- cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. xx.xx.1999-xx.xx.2004-cü il tarixləri arasındakı dövrdə həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) xx.xx.1999-cu il – xx.xx.2004-cü il tarixləri arasındakı dövrü onun iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (19 il 5 ay 26 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984- xx.xx.1999-cu il, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. İşdə olan «El-Seym İnşaat” QSC tərəfindən verilmiş 131 nömrəli, 14 iyun 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2012-ci il tarixdən indiyədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətində X1 rəisi vəzifəsində işləyir. Əmək haqqı ştat cədvəlinə əsasən 1200 AZN təşkil edir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, **********178100 nömrəli “Müraciətə baxılması barədə” məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" QSC xx.xx.2000-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək Cəmiyyətə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixdə olan uçot məlumatlarına əsasən, "xxxx" QSC-nin (VÖEN:**********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2015-ci il tarixli müraciəti əsasında xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər dayandırılmış, xx.xx.2015-ci il tarixli müraciəti əsasında xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər dayandırılmış, xx.xx.2016-cı il tarixdə təqdim olunan 2016-cı ilin 1-ci rübü üzrə cari sadələşdirilmiş verginin bəyannaməsinə əsasən xx.xx.2016-cı il tarixdən aktivləşmiş, 13.04.216-cı il tarixli müraciəti əsasında xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər dayandırılmış, xx.xx.2016-cı il tarixli müraciəti əsasında xx.xx.2016-cı il tarixdən aktivləşmiş, xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli müraciətləri əsasında xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə qədər dayandırılmış və xx.xx.2018-ci il tarixli müraicəti əsasında xx.xx.2018-ci il tarixdən yenidən aktivləşmişdir. Halhazırda "xxxx" QSC-nin (VÖEN: **********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları akivdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, **********653700 nömrəli “Müraciətə baxılması barədə” məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli uçot məlumatlarına əsasən "xxxx" Müəssisəsi xx.xx.2000-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək Müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Əlavə olaraq, "xxxx" Müəssisəsi ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarı ilə adı və təşkilati-hüquqi forması dəyişdirilərək "xxxx" QSC-nə (VÖEN: **********) çevrilməklə yenidən təşkil olunmuşdur. İşdə olan "xxxx" QSC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubun surətindən görünür ki, İddiaçı çalışdığı tikinti ustası və iş icraçısı vəzifələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 “b” bəndinin 1-ci və 2-ci abzaslarında və Azərbaycan Respublikası Nazirlər kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda isə 27-ci bölmənin “b” bəndində (kod: 2290000b-23419 və 2290000b-24441) nəzərdə tutulmuşdur. Məlumat üçün qeyd edirlər ki, dəmir yolu nəqliyyatı sahəsində “SMP” hərf birləşməsi kiril əlifbası ilə “СМП” abreviaturasında istifadə olunur və “Строително-монтажный поезд» (Tikinti-Quraşdırma qatarı) mənasını ifadə edir. İşdə olan "xxxx" APPK-ya aid sənədlərdən görünür ki, həmin müəssisənin 1999-cu ilin fevral ayında və digər dövrlərdə fəaliyyətdə olmasına, iddiaçı barəsində müvafiq əmrlərin qəbul edilməsinə dair aidiyyəti sənədlər (əmr və s.) mövcuddur. İşdə olan məhkəmə tərəfindən "xxxx" APPK müəssisəsinin fəaliyyətinin ətraflı araşdırılması məqsədilə göndərilmiş sorğulara Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli, **********615000 nömrəli və 08 iyun 2022-ci il tarixli, **********292500 nömrəli cavab məktublarının surətindən müəyyən edilir ki, İdarədə olan reyestrdə "xxxx" APPK adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən də, müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 31 may 2021-ci il tarixli, **********5 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının 01 yanvar 2006-cı il tarixədək 25 ildən az (19 il 5 ay 26 gün) təşkil etməsinə istinad edilərək imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və o, hazırda 01.01 2006-cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının xx.xx.2019-cu il il tarixdə 57 yaşı olmuş, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. İddiaçı cavabdehə ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə müraciət edən zaman onun əmək stajını təsdiq edən əmək kitabçasını, məlumat kitabçasını və 6 vərəqdən ibarət digər sənədləri təqdim etmiş, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasına əsasən 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 19 il 5 ay 26 gün hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş hərbi bilet, əmək kitabçası, arayış, "xxxx" APPK-nin fəaliyyəti ilə bağlı digər sənədlər və məhkəmə sorğusu nəticəsində əldə edilmiş müvafiq məlumatların birgə təhlili nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisəli dövrünü onun "xxxx" APPK, "xxxx" Memarlıq-Layihə İstehsalat Müssisəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrü təşkil etməsinə baxmayaraq, iddiaçı xx.xx.1999-cu il tarixdə, 10 saylı əmrə əsasən müəssisələrin tərəflərinin razılığı ilə "xxxx" APPK-nın sərəncamına keçirilmiş, onun həmin müəssisəyə köçürülmə yolu ilə işə qəbul edilməsinə dair müvafiq əmrlər olmuş, bundan başqa iddiaçının xx.xx.2000-ci il tarixdən "xxxx" Memarlıq-Layihə İsteshalat Müəssisəsindəki əmək fəaliyyəti də, vergi orqanı tərəfindən təqdim edilmiş müvafiq məlumatlara (müəssisənin xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınması və xx.xx.2000-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınması) əsasən öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən işlədiyi illər onun sığorta stajına daxil edildikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olur. Məhkəmə eləcə də, qeyd edir ki, hazırki iş üzrə iddiaçının güzəştli iş stajı mübahisənin predmeti olmasa da, məhkəmə iş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş güzəştli arayışı, iddiaçının işlədiyi peşələrin kodları dəqiq göstərildiyindən mötəbər qiymətləndirərək hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan çox güzəştli iş stajı da mövcud olduğundan, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şəilərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə sözügedən maddənin tələblərini nəzərə alaraq, hesab edir ki, iddiaçı iddia tələbinin xahiş edirəm hissəsində dəqiq tarix göstərməsə də, iddia ərizəsinin məzmununda ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Bu səbəbdən də, iddiaçının tələbinin ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi şəklində göstərilməsi maddənin tələblərinə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar