Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12523/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı (3-cü şəxs: X3) “alqı-satqı müqaviləsinin təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə X4 arasında bağlanmış alqı-satqı aktının təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs də iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İşin faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi ilə X4 arasında bağlanmış (əgər mövcuddursa) alqı-satqı müqaviləsinin təqdim edilməsidir. Məhkəmə tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X3 20 iyun 1974-cü il tarixdə anadan olmuş və onun hazırda 48 yaşı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə nəzər yetirdikdə məlum olur ki, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Beləliklə, məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsi ilə müraciət etmə hüququ İddiaçı deyil, onun nümayəndə kimi təmsil etdiyi X3 adlı şəxsə aiddir. Başqa sözlə desək, İddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olsa da, hazırki iddia tələbi üzrə iddiaçı qismində çıxış edərək iddia tələbini irəli sürmək üçün hər hansı subyektiv hüquqa malik olmamışdır. Məhkəmə qeyd edir ki, səlahiyyətli nümayəndə iddia tələbini imzalamaq, vətəndaşı təmsil etmək hüququna malikdir. Səlahiyyətli şəxs dedikdə, iddiaçının özü, nümayəndəsi başa düşülür. Səlahiyyətli şəxs anlayışı MPM-in 74.2-ci maddəsindən əlavə, MPM-in 69.2ci maddəsi ilə də tənzimlənir. Həmin maddəyə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmə diqqətə çatdırır ki, İddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olsa da, onun hazırki iddia tələbini irəli sürərək X1 adına olan alqı-satqı müqaviləsini tələb etmək hüququ olmamışdır. Bu hüququ yalnız X1 özünə məxsusdur. Beləliklə Məhkəmə hesab edir ki, hazırki iddia tələbi mümkünlük şərtlərini ödəmir. Bundan başqa, məhkəmə bildirir ki, hətta iddiaçı qismində X3 çıxış etsəydi belə, iddia müraciət olmaması əsası ilə mümkünlük şərtlərini də ödəməmişdir. Göründüyü kimi qeyd olunan iddia iddia növ etibarı ilə Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin işin faktiki hallarından görünür ki, o cümlədən hazırkı iş üzrə məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, nə iddiaçı, nə də ki X3 alqı-satqı müqaviləsinin təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən müraciət yalnız Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar olmuşdur. Göründüyü kimi alqı-satqı müqaviləsinin təqdim olunması tələbinə dair iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsinin nəzərə alınaraq işə mahiyyəti üzrə baxılıb iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-12523/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12523/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver