Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12524/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 27 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının 4.07.2014-cü il tarixli, 486 saylı Sərəncamı ilə Qala qəsəbəsində İddiaçı oğuna (bundan sonra – iddiaçı) torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılması məqsədi ilə 1200 kv.m torpaq sahəsi verilmişdir. Həmin tarixdə Xəzər Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək torpaq sahəsinə hüquqların dövlət reyestində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh 8.06.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “...qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə dair Xəzər Rayon İcra Hakimiyyətinin 486 nömrəli Sərəncamı 4.07.2014-cü il tarixli olmaqla torpaq sahəsinin icarəyə verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir...” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Xəzər rayonu İcra Hakimiyyəti Başçısının 4.07.2014-cü il tarixli, 486 saylı Sərəncamı ilə Qala qəsəbəsində ona Qala qəsəbəsində Binə-Qala yolunun sağ tərəfində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1200 kv m torpaq sahəsi və onun ətrafının abadlaşdırmaq orda sahibkarlıqla məşğul olmaq üçün icarəyə verilmiş torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ayrılan torpaq sahəsində tikinti işi apara bilməmə səbəbi olaraq torpaq sahəsinin çıxarışının olmaması bildirilmişdir. Həmin torpaq sahəsinin yerləşmə sxemi iddiaçıda olmadığı üçün Xəzər Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunmuş və xx.xx.2023-cü il tarixli cavab məktubunda Milli arxiv fondu haqqında Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə əsaən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətində sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilməsi qeyd olunmuş və bildirilmişdir ki, Xəzər Rayon İH tərəfindən 2014-cü il üzrə verilmiş sərəncamlar və onlara dair digər sənədləri Milli Arxiv İdarəsinin Bakı fılialına təhvil verilmədiyindən 4.07.2014-cü il tarixli 488 nömrəli Sərəncamın təqdim olunması mümkün olmamışdır. Arxiv İdarəsindən sərəncamı əldə etsə də. yerləşmə sxemi ona təqdim edilməmiş və daşınmaz əmlaka torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan keçirilməsi ilə bağlı müraciət etsə də, hal hazırkı müddətə kimi ona heç bir məlumat verilməmiş və şifahi olaraq imtina aldığı üçün, göndərmə qəbzini iddia ərizəsinə əlavə edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia ərizəsinə əlavə olunan 4.07.2014-cü il tarixli sərəncamdan göründüyü kimi Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə torpaq sahəsinin ona icarəyə verilməsinə dair sərəncam mövcuddur. xx.xx.2023-cü il tarixli məktubda sərəncam üzrə icarəyə verilən torpaq sahəsinin yerləşmə sxeminin verilməsi mümkün olmamışdır. Hal-hazırda da həmin ərazi onun sahibliyindədir və üzərində obyekt sahəsinin tikintisinin aparılması məqsədi ilə Memarlıq şəhərsalmada layihə çəkdirsə də, çıxarış olmadığı üçün tikinti işini həyata keçirə bilmir. Qeyd olunanlardan da görünür ki, torpaq sahəsi naturada ayrılaraq onun istifadəsinə verilmiş və bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bütün əsaslar mövcuddur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin coğrafi mövqeyini müəyyən edən yerləşmə cizgisi təqdim edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 196 kv.m hissəsi X1 və 314 kv.m hissəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşür. Eyni zamanda təqdim edilən sənədin göstərilən torpaq sahəsinə aidiyyəti olmaması müəyyən edilmişdir. Bundan əlavə, göstərilən sahə Donuzkökəltmə Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 500 kv.m təşkil edir və torpaq sahəsi mişar daşı ilə hasara alınaraq iki hissəyə bölünmüşdür. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. İddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş üzərində “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qayıtmışdır. Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil telefon nömrəsinə SMS xəbərdarlıqlar göndərilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə MPM-in 146 və İPM-in 62.3-cü maddələrinin tələblərinə əsasən işə iddiaçının iştirakı olamdan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının 4.07.2014-cü il tarixli, 486 saylı Sərəncamı ilə iddiaçıya Qala qəsəbəsində 1200 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə Sərəncam verilmiş, həmçinin iddiaçı ilə həmin tarixdə icarə müqaviləsi bağlanmışdır. İddiaçı həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinin həmin tarixdə torpaq ayırmaq səlahiyyəti olmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh həmçinin iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, torpaq sahəsinin coğrafi mövqeyini müəyyən edən yerləşmə cizgisi təqdim edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 196 kv.m hissəsi X1 və 314 kv.m hissəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahələrlə üstüstə düşür. Eyni zamanda təqdim edilən sənədin göstərilən torpaq sahəsinə aidiyyəti olmaması müəyyən edilmişdir. Bundan əlavə, göstərilən sahə Donuzkökəltmə Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 500 kv.m təşkil edir və torpaq sahəsi mişar daşı ilə hasara alınaraq iki hissəyə bölünmüşdür. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. Həmin sənədlər aşağıdakılardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 113 № li Fərmanının 4.2.4-cü bəndinə görə, Qanunun yuxarıda istinad edilən 8.0.1-ci maddəsində müəyyən edilmiş “icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir İddiaçı tələbinin faktiki əsası kimi həmin normada qeyd edilmiş yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş 4.07.2014-cü il tarixli Sərəncama istinad edir. Cavabdeh isə yerli icra hakimiyyətinin həmin tarixdə torpaq icarəyə vermək səlahiyyətinin olmamasını bildirir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanının 4.18-ci bəndində Rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər sadalanmışdır. 4.18.2-ci bəndə əsasən Bu Əsasnamənin 4.16.4-cü yarımbəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Fərmanın 4.16-cı bəndində Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyəti başçısının səlahiyyətləri sadalanmışdır. 4.16.4-cü bəndə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) təsbit edilmişdir. Göründüyü kimi, 6.06.2012-ci il tarixli Fərmandan sonra dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir, yəni rayon bölgüsü olan Bakı şəhərində Xəzər RİH başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə və icarəyə vermək səlahiyyəti yoxdur. İddiaçının təqdim etdiyi Xəzər rayon İcra Hakimiyyəti başçısının Sərəncamı isə 2014cü il tarixlidir. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Xəzər RİH başçısının iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı səlahiyyəti olmadığından və iddia tələbi məhz bu əsasla əsassız olduğundan, məhkəmə cavabdehin iddia tələbinə etirazının dəlilləri kimi qeyd etdiyi digər halları araşdırmaq və eyni zamanda digər şəxslərin məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməsi və prosessual status verilməsinə zərurət görmür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydə alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12524/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12524/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver