Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12525/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi və s tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək məhkəmədən İddiaçı xx.xx.2019-cu il tarixində “ümumi xəstəlik, gözdən əlillik” səbəbi ilə təyin edilmiş İİİ dərəcə müddətsiz əlilliyin “əlillik” altsistemində etibarsızlığının qanunsuz hesab edərək, əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2019-cu il tarixdən ona İİİ dərəcəli əlillik müddətsiz olaraq təyin edilmişdir. Daha sonra ona əlilliyə görə pensiya ödənişi həyata keçirilməli olmasına baxmayaraq onun əlilliyi cavabdeh tərəfindən birtərəfli dayandırılmışdır. Bu səbəbdən də zəruri tibbi ehtiyaclarına uyğun dərman vasitələrini ala bilmir. Halbuki, onun əlilliyi müddətsiz təyin edilmişdir. Cavabdeh onun barəsində düzgün inzibati icraat aparmadan, inzibati icraata onu cəlb etmədən əlilliyi qanunsuz olaraq ləğv etmişdir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün məktub əsasında iddiaçı əyani müayinəyə dəvət edilmiş, lakin o, müayinədən keçməmişdir. Bununla əlaqədar olaraq iddiaçının əlillik müayinəsi əlillik altsistemində etibarsız edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əlillik altsistemində olan sənədlərdən görünür ki, iddiaçıya 09 sentyabr 2019-cu il tarixli göndəriş əsasında müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Ak.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin məktubundan görünür ki, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məktubuna baxılmış, siyahıda göstərilən şəxslərin X5 adına Milli Oftalmologiya Mərkəzinin X3 müayinədən keçibkeçməməsi barədə məlumat hazırlanmış, 85 nəfərin müayinədən keçmədiyi müəyyən olunmuşdur. Siyahıda İddiaçı adı da göstərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ümumi xəstəlik – gözdən əlilliyi olan şəxs səbəbindən üçüncü dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra onun Milli Oftalmologiya Mərkəzinin X3 müayinədən keçməməsi, o cümlədən əlavə stasionar müayinəyə və müalicəyə ehtiyacı səbəbi ilə əlilliyin təyin edilməsi barədə qərar ləğv edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşin faktiki hallarından da görünür ki, hazırkı mübahisə müddətsiz təyin edilmiş əlilliyin, əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinənin aparılması ilə əlaqədar ləğv edilməsi ilə bağlıdır. Cavabdeh ləğv edilməni onunla əsaslandırır ki, iddiaçı Milli Oftalmologiya Mərkəzinin X3 müayinədək keçməmiş, bu səbəbdən də əlillik təyini barədə qərar ləğv edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati icraatı inzibati qanunvericiliyin pozulması ilə aparmışdır. Belə ki, əlilliyin müddətsiz təyin edilməsi barədə qərar əlverişli inzibati aktdır. Həmin əlverişli inzibati akt qanunsuz olsa belə hər bir halda bu onun ləğvinə əsas vermir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyin təyin ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə müddətsiz əlilliyini təyini barədə qərar qəbul etmişdir. Bu isə o deməkdir ki, iddiaçının əlilliyinin təyini həyata keçirmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa iddiaçının heç bir əsas olmadan əlilliyin ləğv edilməsinə dair inzibati icraatı başlaması və həmin inzibati icraat nəticəsində əlilliyi ləğv etməsi əsası yoxdur. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, əlilik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti aydın deyil. Qeyd edilməlidir ki, cavabdeh həmin ad altında kütləvi olaraq bütün müddətli və müddətsiz əlilliklərin yoxlanılması kimi müstəsna səlahiyyətə malik olacaqdır ki, həmin hal etimad hüququnun qorunduğu hallarda əlilliyin istər müddətli təyin edilməsi, istərsə də müddətsiz təyin edilməsi xüsusiyyətinə uyğun gəlmir. Halbuki, cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır ki, cavabdeh hazırda müddətsiz təyin edilmiş əlilliyi konkret hal müəyyən etmədən öz təşəbbüsü ilə araşdırmanın aparılması üçün əsas müəyyən etmədən ləğv etmişdir. Məhkəmə hesab edir ki, əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin müddətsiz olması açıq-aşkar müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “əlilik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılmasının zəruri olduğuna” istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, məzmununa etimad göstərdiyi əlillik ilə bağlı inzibati aktı ləğv etmədən, altsistemdə əlilliyi etibarsız hesab etmişdir. Doğrudur ki, cavabdeh iddiaçının əlillik vəziyyəti barədə məktubda onun barəsində qəbul edilmiş əlilliyin təyinatının ləğv qərarından şikayət vermə hüququnun olduğunu izah etmişdir. Buna baxmayaraq, cavabdeh nə məhkəmə sorğusuna cavab kimi təqdim etdiyi sənədlərdə, nə də ki məhkəmə icraatı zamanı əlilliyin ləğv edilməsi barədə qərarı təqdim etməmişdir ki, bu da qərarın mövcud olmadığına dəlalət edir. Məhkəmə xüsusi ilə bir məqamada toxunmaq istəyir ki, hər nə qədər cavabdeh iddiaçının əlilliyin ləğvinə əsas olan halın – onun əlavə müalicəyə ehtiyac olması ilə əlaqələndirsədə, ümumiyyətlə iddiaçını müayinə etmədən cavabdehin bu qənaətə gəlməsidə ağlabatan deyil. Ümumiyyətlə halın mövcudluğu da, yəni iddiaçının müalicəyə ehtiyacı olub-olmaması da məhkəmə qərarın qanunsuzluğu halının dəyişməcəyi qənaətinə gəldiyindən bu istiqamətdə əlavə araşdırma aparmamış, tibbi ekspertizayın təyininə zərurət müəyyən edilməmişdir. Belə ki, iddiaçı tam reabilitasiya olunsa belə, həmin hal qanuni əsaslarla müddətsiz təyin edilmiş, iddiaçının etimad hüququnu qorunması da nəzərə alınmaqla əlilliyin ləğvinə əsas yaratmır. Göründüyü kimi cavabdeh iddiaçının əlavə stasionar müayinəyə və müalicəyə istinad edərək əsassız olaraq iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1080/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi məhkəmə analoji mövqedən çıxış etmişdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmil edilsin. İddiaçı xx.xx.2019-cu il tarixində “ümumi xəstəlik, gözdən əlillik” səbəbi ilə təyin edilmiş İİİ dərəcə müddətsiz əlilliyin “əlillik” altsistemində etibarsızlığı qanunsuz hesab edilərək, əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-12525/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12525/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver