Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12528/2022 05.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən, A. Şərifzadə küçəsində yerləşən nömrəsiz evə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 pasport qeydiyyatına alınmaları” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bakı şəhəri, Nizami rayonunda yerləşən mənzili satdıqdan sonra ünvan 1 ünvanında fərdi yaşayış evi almışlar. Aldıqları fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmadığından pasport qeydiyyatına alına bilməmişlər. Bu səbəbdən onlar barəsində satdıqları mənzilin sahibi məhkəməyə müraciət etmiş və nəticədə məhkəmə qərarı ilə onlar ünvan 2 ünvanında yerləşən 71 saylı inzibati binaya qeydiyyata alınmışlar. Bir müddət sonra şəxsiyyət vəsiqələrinin deaktiv olması ilə bağlı məlumat almışlar. Cavabdehə yaşadıqları və istifadələrində olan fərdi yaşayış evinə qeydiyyata alınmaqları ilə bağlı müraciət etsələr də cavabdeh xx.xx.2022-ci il tarixdə müraciətlərinə imtina vermiş və məhkəməyə müraciət etməklərini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə həmin Məcəllənin 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən 20 sentyabr 2022-ci il tarixli məktub ilə iddiaçılara hüquqi yardım göstərərək qeydiyyata alınmaq üçün müraciət etdikləri evin dəqiq ünvanı və nömrəsi qeyd edilməklə iddia tələblərinin dəqiqləşdirilməsi üçün müddət təyin edilmişdir və həmin evə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclası təxirə salınaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçılar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçı1 müraciətinə cavab olaraq cavabdeh tərəfindən 073-39352H-3222 saylı, 09 sentyabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, onun ailə üzvlərilə birlikdə (İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5) qeydiyyatsız yaşadığı göstərilən ünvana qeydiyyatı üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlərin) təqdim olunması vacibdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı1 verilmiş 2169 saylı, 15 sentyabr 2022-ci il tarixli Arayışa əsasən İddiaçı1 həqiqətən İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 daxil olduğu ailə tərkibində Balaxanı qəsəbəsi, 6-cı Mədən, A.Şərifzadə küçəsində yerləşən nömrəsiz evdə qeydiyyatsız yaşayır. İş materiallarından da görünür ki, iddia ərizəsi formal tələblərə cavab vermir. Belə ki, iddiaçılar qeydiyyata alınmaları üçün müraciət etdikləri evin nömrəsini iddia ərizəsində qeyd etməmişlər. Bu barədə məhkəmə tərəfindən hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçılar iddia tələblərini dəqiqləşdirməmiş, həmçinin müvafiq evə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişlər. Bununla iddiaçılar cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu və ya və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini əsaslandıra bilməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-12528/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12528/2022
05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver