Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1253/2024 26.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı «iddiaçının pensiyasının yenidən hesablanması və əvvəlki dövrlər üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 1990 – 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Ona 20 may 2012-ci il tarixdən Milli Məclisin sabiq deputatı kimi yaşa görə ona əmək pensiyası təyin edilmişdir. 1 sentyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının vəzifə maaşlarına 25%, 1 sentyabr 2008-ci il tarixdə 50% əlavələrin edilməsi təqaüddə olan keçmiş deputatların da təqaüdlərinin ona müvafiq artmasını labüd edirdi. Lakin iddiaçıya pensiya hesablanarkən bu əlavələr nəzərə alınmamışdır. «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci bəndində nəzərdə tutulan aylıq pul təminatı nəzərə alınmaqla onun əmək pensiyasının 1 sentyabr 2007-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək yenidən hesablanması və yaranmış fərqin ödənilməsi xahişi ilə iddiaçı üç dəfə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. 20 sentyabr 2022-ci il və 26 noyabr 2022-ci il tarixli müraciətlərə formal cavab verilmiş, onun qanuni tələbi yerinə yetirilməmişdir. 13 aprel 2023-cü il tarixli müraciətə isə, bu günədək cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli hətat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergidən azad olunan pul təminatı alır. Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirilməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Milli Məclisin sədri 2.250 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faiz, Milli Məclis komitə və komissiya sədri 80 faiz, Milli Məclis komitə və komissiya sədrinin müavini 75 faiz, Milli Məclis deputatı isə, Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri, onların müavinləri. Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergidən azad olunan aylıq pul təminatı alırlar (maddə 21). Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 13 iyun 2008-ci il (№ 649-11İQD) tarixdə qəbul edilmiş və “Azərbaycan” qəzetində (27 avqust 2008-ci il tarixdə, № 190) dərc edilmiş Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsində “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin. Göründüyü kimi, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi onun sosial hüquqlarını pozmuş, vəzifə borcunu yerinə yetirmədən əmək pensiyasına əlavələr etməmişdir. Sabiq Milli Məclis deputatlarının bəzilərinin, məhkəmə qərarları əsasında pensiyalarına əlavələr ödənilmiş, bununla da sabiq deputatlar arasında ayrı-seçkiliyə yol verilmişdir. Belə ki, sabiq Milli Məclis deputatları Ş.Məmmədova, A.Abbasov, A.Manafova, E.Qəhrəmanov, Ə.Ağalarov və digərlərinin pensiyalarına əlavələr yalnız Ali Məhkəmənin qərarından sonra ödənilmişdir. Məsələn, sabiq deputat Ə.İ.Ağalarov pensiyasına əlavə edilməsindən qanunsuz imtina edildikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 21 avqust 2019-cu il tarıxli (İş № 2-1(81) 2578/2019) qərarı ilə iddia təmin edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 12 noyabr 2019-cu il tarixli (2-1(103)-2557/2019) qərarı ilə təmin edilməmişdir. İdarənin kassasiya şikayəti də Ali Məhkəmənin 25 fevral 2020-ci il tarixli (iş № 2-1(102)-396/2020) qərarı ilə rədd edilmişdir. Göstərilənlərə əsaslanaraq, «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan aylıq pul təminatı nəzərə alınmaqla İddiaçı əmək pensiyasının 1 sentyabr 2007-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddia ərizəsində 1 yanvar 2007-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək əmək pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha əvvəl 26 noyabr 2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 10 may 2023-cü il tarixli 3-17-1/2-M-102926/2023 nömrəli məktubla ona imtina cavabı verilmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçıya DSMF Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən 20 may 2012-ci il tarixdən deputat kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Deputatların əmək haqlarının artırılması ilə əlaqədar 1 yanvar 2019-cu il tarixdən vaxtilə tutduğu vəzifə üzrə vəzifə maaşı 1.732,50 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşının 50 faizi miqdarında əlavə 866,25 manat, nümayəndəlik səlahiyyətlərinin yerinə yetirməsinə görə hər il iki aylıq vəzifə maaşından hesablanan müavinətə görə əlavə 288,75 manat, müalicə olunma və istirahət etmə üçün iki aylıq vəzifə maaşından hesablanan müavinətə görə əlavə 288,75 manat və hər ay ödənilən vəzifə maaşının bir misli həcmində əlavə 1.732,50 manat olmaqla orta aylıq əmək haqqı 4.908,75 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən vaxtilə tutduğu vəzifə üzrə orta aylıq əmək haqqı (4.908,75 manat) 80 faizi – 3.927 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülmüşdür. «Əmək pensiyaları haqqında» Qanunun 20.2-ci maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən sabiq deputatların əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilirdi. Deputatların əmək haqlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2.485 manat, hər ay ödənilən vəzifə maaşının iki misli əlavə 4970 manat olmaqla orta aylıq əmək haqqı 7.455 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən vaxtilə tutduğu vəzifə üzrə orta aylıq əmək haqqının (7.455 manat) 80 faizi-5.964 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya 1 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr ərzində «Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Buna görə də cavabadehin imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının pensiyasının 1 sentyabr 2004-cü il tarixdən 1 dekabr 2013-cü il tarixədək yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzrinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə icraatının gedişində iddiaçı yenidən məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «2007-ci ildən Milli Məclisin sabiq deputatlarının təqaüdlərinə edilmiş 25% və 2008-ci ildə 50% əlavələrin iddiaçının təqaüdünə şamil edilməsi və 20 may 2012-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclsında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (20.1.1-ci maddə əmək pensiyası yaşma çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatları nəzərdə tutur) əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, təminat xərcliyi gəlir növü kimi, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Konstitusiya Məhkəməsinin Plenumu «Əmək pensiyaları haqqında» Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi və əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İş materiallarından göründüyü kimi, hazırkı inzibati mübahisə üzrə iddiaçı 2007-ci ildən Milli Məclisin sabiq deputatlarının təqaüdlərinə edilmiş 25% və 2008-ci ildə 50% əlavələrin iddiaçının təqaüdünə şamil edilməsi və 20 may 2012-ci il tarixdən hesablanaraq ödənilməsini arzulayır. Nəzərə alınmalıdır ki, iddiaçıya 20 may 2012-ci il tarixdən deputat kimi yaşa görə əmək pensiyası təyin edilmiş və o, müvafiq olaraq hazırki günədək artımlar tətbiq olunmaqla pensiya alır. İddiaçı Milli Məclisin sabiq deputatlarının təqaüdlərinə edilmiş əlavələri ona şamil edilərək onun pensiyası zamanı nəzərə alınmalı olması qənaətindədir. Halbuki, iddiaçının həmin əlavələri alması, ümumiyyətlə aldığı təqdirdə belə onlardan məcburi dövlət sosial sığorta haqlarının tutulması müəyyən olunmur. Belə ki, pensiya işində olan Azərbaycan Respublikası Milli Məclisinin Aparatının məktubundan da göründüyü kimi, X1 1995-ci ilin noyabrın 12-də 119 saylı seçki dairəsinin Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, 2000-ci il noyabrın 24-də isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı mandatından azad edilmişdir. Bu səbəbdən iddiaçının əmək pensiyasının hesablanması zamanı tətbiq olunmasını tələb etdiyi əlavələrin alması istisna olunur. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 396/2020 saylı iş üzrə 25 fevral 2020-ci il tarixli qərarına istinad edərək digər sabiq deputata olduğu kimi ona münasibətdə də əlavələrin nəzərə alınmasının zəruri olduğunu bildirir. Halbuki, iddiaçı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-396/2020 saylı iş üzrə 25 fevral 2020-ci il tarixli qərarı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarından əvvəl qəbul olunmuşdur. Konstitusiya Məhkəməsinin qərarından da aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Əgər əmək haqqından məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi nəzərdə tutulmamışdırsa, məhkəmə hesab edir ki, dövlətin kompensasia məqsədi ilə hər hansı ödənişindən də söhbət gedə bilməz. Yəni, iddiaçının almadığı əlavələrin hazırki pensiyanın hesablanması zamanı nəzərə alınması mümkün deyil. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı «əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi» tələbinə dair iddiası əsaslı deyil və cavabdeh inzibati orqanın üzərinə həmin pensiya təyinatı üzrə öhdəlik qoyula bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1253/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1253/2024
26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver