Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12533/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş maddibvə mənəvi ziyana görə respublika üzrə orta illik əmək haqqına (2016-2022-ci illər) istinad etməklə 53846 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Ukrayna Respublikasının Xarkov şəhərində Beynəlxalq Slavyan Universitetində əyani təhsil almış, 2015-ci ilin yanvar ayının 1-dən həqiqi hərbi xidmətə çağrılmış və bir il Füzuli rayonunda hərbi xidmət keçmişdir. Təhsil illərində (2009-2013) Xarkov vilayəti üzrə keçirilən idmanın güləş növü üzrə Kubok yarışında 3-cü yeri tutaraq bürünc medala layiq görülmüşdür. Uzun illər ərzində (2015- 2022) TKTA-nın əməkdaşlarının heç bir əsas olmadan, qərəzli olaraq yaratdıqları süni əngəllər nəticəsində hüquqları pozulmuşdur. Əsəb sarsıntısından güclü depressiyaya düşmüş, 2 ilə yaxındır ki, həkim nəzarəti altında fasiləsiz ambulator müaliscə olunur. Aldığı ixtisas üzrə dövlət strukturlarında işləmək imkanları heç bir səbəb olmadan cavabdeh (TKTA) tərəfindən tam məhdudlaşdırılmış, nəticədə ona çox ciddi maddi və mənəvi ziyan vurulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. İnzibati aktın qəbul edilməsindən təqribi 4 il sonra ərizəçi xx.xx.2021-ci il tarixində tanınma üzrə inzibati icraatın nəticələrindən məhkəmə qaydasında Bakı İnzibati Məhkəməsinə şikayət etmiş, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanına əsasən, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əsasında çevrilmə yolu ilə yenidən təşkil edilmiş Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra-Agentlik) cavabdeh qismində iddia tələbi üzrə məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsində baxılan iş ilə bağlı xx.xx.2021-ci il tarixində yekun olmayan məhkəmə aktı çıxarılmışdır. İddiaçı səhlənkarlıq göstərərək tələb olunan sənədlərin əslini cavabdehə təqdim etmə müddətini gecikdirmişdir. Daha sonra müvafiq icraat aparılaraq iddiaçı müsahibəyə dəvət olunmuş və müsahibə əsasında iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı səbəbi ilə ona müvafiq sənədin verilməsindən imtina edilərək məhkəmə məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-958/2022 nömrəli qərarı ilə sözügedən iddia tələbi təmin olunmuş, bununla bağlı aparılmış dəyərləndirmələrin nəticəsində, həmin dövr üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın layihəsində yer alan tanınmaya dair tələblər nəzərə alınmaqla məhkəmə qərarı icra olunaraq ərizəçi İddiaçı tanınma haqqında şəhadətnamələr təqdim olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin oxşar hallarla bağlı verdiyi hüquqi təfsir və formalaşmış məhkəmə təcrübəsindən göründüyü kimi, müvafiq qanunvericiliklə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmamazlıqlardan başqa digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamış, bu hallar üzrə də yalnız real zərərin mövcud olduğu hallarda əvəzin ödənilməsini nəzərdə tutur ki, İddiaçı vəziyyətinə nisbətdə onun xarici dövlətdə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın tanınması icraatının nəticələri ilə bağlı bu hallar müəyyən edilməmişdir. Bununla yanaşı, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Oxşar işlərlə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 2685/2023 saylı ən son qərarının 42 və 43-cü bəndlərində qeyd olunmuşdur ki, İddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi olsa da, işin müəyyən edilən hallarından görünür ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulduğunu sübut edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı X4 Universitetini 2013-cü ildə bitirərək “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə bakalavr dərəcəsini əldə etmiş, bu barədə ona Дİ 039163 nömrəli, 113/13 qeydiyyat nömrəli diplom verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli, 1486/ANİ-K-5275 nömrəli məktubla müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edildiyindən “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2-ci maddəsini (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Ukrayna Respublikası Beynəlxalq Slavyan Universitet tərəfindən iddiaçının adına verilmiş Dİ 039163 nömrəli, xx.xx.2013-cü il tarixli diplom üzrə aldığı ixtisas ölkə ərazisində tanınmamışdır. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-958/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xarici dövlətdə aldığı ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı X4 Universiteti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Дİ 039163 nömrəli, 113/13 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. İşdən görünür ki, həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini aldığından cavabdeh tərəfindən icra edilərək iddiaçıya tanınma haqqında şəhadətnamə verilmişdir. İddiaçı hazırda cavabdehin ona X4 Universiteti tərəfindən verilmiş diplomun tanınmamasından ibarət hərəkətinin qanunsuz olduğunu, buna görə 2016-2022-ci illərdə işləyə bilmədiyindən həmin dövrdə ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı adına verilmiş diplom üzrə ixtsasın tanınmaması nəticəsində ona ziyan dəyməsini iddia edir ki, həmin ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən, zərər cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. İşin araşdırılan halları ilə belə bir məcmuu müəyyən edilmir. Belə ki, işin yuxarıda qeyd olunan hallarına əsasən iddiaçı ilk dəfə 2016-cı ildə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2017-ci il tarixli, 1486/ANİ-K-5275 nömrəli məktubla onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin bu imtinası ilə razılaşaraq, həmin imtinanı məhkəmə qaydasında mübahisələndirməmiş, hüquqi müdafiə vasitələrini tükətməmişdir. Yalnız 4 ildən artıq müddət keçdikdən sonra 2021-ci ildə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı cavabdehin hərəkətsizliyi nəticəsində onun dövlət strukturlarında işləmək imkanlarının məhdudlaşdırıldığını bildirsə də, bununa dair hər hansı bir sübutu (işlə təmin edilməsi üçün müraciət, diplomun nostrifikasiya edilməməsi səbəbindən imtina verilməsi və sair) məhkəməyə təqdim etməmiş, bununla da ona maddi və mənəvi zərərin vurulmasını sübuta yetirə bilməmişdir. Beləliklə, göstərilənlərə əsasən işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-12533/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12533/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver