Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1254/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Zeynalabdi oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı “qanunsuz olaraq tutulmuş vergi güzəştlərinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı Zeynalabdi oğlunun, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Zeynalabdi oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı “qanunsuz olaraq tutulmuş vergi güzəştlərinin qaytarılması” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Zeynalabdi oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə (bundan sonra DNŞ Nəqliyyat İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DNŞ Nəqliyyat İdarəsinin üzərinə qanunsuz olaraq tutulmuş vergi güzəştlərinin qaytarılması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, SOCAR Nəqliyyat İdarəsində işləyir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda” döyüşlərdə iştirak etmiş və “Müharibə veteranı”dır. Hal-hazırda 6 saylı Nəqliyyat idarəsində işləyir. Bundan əvvəl 3 saylı Nəqliyyat idarəsində çalışmışdır. 2014-cü ildən ona vergi güzəştləri tətbiq edilməmişdir. Vaxtında buna etiraz etsə də, nəticəsi olmamışdır. Bir çox müraciətdən sonra ondan qanunsuz tutulmuş vergi güzəşti və Zəfər günü münasibətilə verilən maddi yardımı ala bilmişdir. Lakin 2014-2018-ci illərin tutulmuş vergi güzəşti qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh SOCAR Nəqliyyat İdarəsinin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Etiraz onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə görə fiziki şəxslərin vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir. Lakin iddiaçı Bakı şəhər 45 saylı notariat kontorunun təsdiq etdiyi MV 063121 nömrəli veteran sənədi xx.xx.2018-ci il tarixində təsdiq olunaraq idarəyə (iş yerinə) təqdim etmişdir. Ona görə də, vergi güzəşti 2015-2017ci illəri əhatə etməmiş və sənəd təqdim edildiyi andan yəni xx.xx.2018-ci il tarixindən hazırki vaxtadək iddiaçıya qanunla müəyyən edilmiş qaydada vergi güzəşti tətbiq olunur. Bu səbəbdən hesab edirlər ki, iddia tələbi əsassızıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı Zeynalabdi oğlu iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi X2 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Qaradağ RHK tərəfindən İddiaçı Zeynalabdi oğluna verilmiş MV seriyalı 063121 №li “Müharibə veteranı” vəsiqəsinin surətindən müəyyən olunur ki, qeyd olunan vəsiqə xx.xx.2001-ci ildə verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan SOCARın Nəqliyyat İdarəsinin xx.xx.2024-cü il tarixli, 14-2-18/2-M-xx-xx/2024 №li cavab məktubunda qeyd olunmuşdur ki, onun 2014-2020-ci illər ərzində müharibə veteranı vəsiqəsinə əsasən gəlir vergisi güzəştinin tətbiq olunmaması barədə Nəqliyyat idarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 14-2-18/1-M-xx-xx/2024 nömrəli müraciətləri tərəflərindən araşdırılmışdır. Məlumat üçün bildirmişlər ki, muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azad olan qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102-ci Gəlir vergisindən azadolmalar və güzəştlər maddəsinin 102.8-ci bəndində əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edildiyi qeyd olunur. Bakı şəhəri 45 saylı notariat kontorunun təsdiq etdiyi 1S-272 nömrəli MV seriyalı ******* №li müharibə veteranı sənədi xx.xx.2018-ci il tarixdən təsdiq olunaraq İdarəyə təqdim edildiyindən sözügedən vergi güzəşti 2015-2017-ci illərə tətbiq olunmamış, sənədin təqdim edildiyi ildən 01 yanvar 2018-ci ildən hazırki vaxtadək tətbiq olunmaqdadır. Məhkəmənin müvafiq sorğularına əsasən: - SOCAR-ın Nəqliyyat İdarəsinin xx.xx.2024-cü il tarixli, 14-2-18/2-420/2024 №li cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Zeynalabdi oğlu xx.xx.2014-cü ildə SOCAR-ın Nəqliyyat idarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinə sürücü kimi işə qəbul olunmuşdur. 2014-cü ildə 063121 nömrəli müharibə veteranı vəsiqəsinin surətini təqdim etmiş və avqust –dekabr ayı daxil olmaqla müharibə veteranı kimi vergi güzəşti İddiaçı şamil olunmuşdur. 2015-ci ilin yanvar ayından bütün müharibə veteranları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən arayış təqdim edilməsi barədə məlumatlandırılmışdır. İddiaçı arayış təqdim etmədiyi üçün 2015-2016-2017-ci illərdə güzəşt tətbiq olunmamışdır. 24 yanvar 2018-ci ildə İddiaçı 063121 nömrəli müharibə veteranı vəsiqəsinin təsdiqlənmiş notariat surətini idarəyə təqdim etməsi ilə 2018-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayı (xx.xx.2020-ci ildə işdən azad olunub) daxil olmaqla müharibə veteranı vergi güzəşti şamil edilib. xx.xx.2020ci ildə SOCAR-ın Nəqliyyat idarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə sürücü kimi işə qəbul olmuş, orada işlədiyi dövrdə də xx.xx.2020-ci ildə işdən azad olunduğu günə qədər vergi güzəşti şamil olunub. xx.xx.2020-ci ildə SOCAR-ın Nəqliyyat idarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə sürücü kimi işə qəbul olunmuş, orada işlədiyi dövrdə də vegi güzəşti şamil olunub, ha-hazırda da vergi güzəşti davam edir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, 1969-cu il təvəllüdlü İddiaçı Zeynalabdi oğluna keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən xx.xx.2001-ci il tarixdə MV seriyalı 063121 saylı “Müharibə veteranı” vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 dekabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində qeyd olunan məlumatlara əsasən İddiaçı Zeynalabdi oğluna xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə” müavinət, xx.xx.2019-cu il tarixindən ödənişi davam etdirməklə “Müharibə veteranları”na Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Tətbiq edilən hüquq. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Maddə 21. Veteranların sosial müdafiəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi. Veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika dövlət büdcəsinin, müvafiq icra hakimiyyəti orqanının vəsaiti hesabına maliyyələşdirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: ... Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər. ... 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: ... 102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin. ... 102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ondan tutulmuş vergi güzəştlərinin qaytarılması öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İddia tələbi ilə bağlı ilk öncə qeyd olunmalıdır ki, müharibə veteranlarına vergi güzəştlərinin tətbiq olunması ilə bağlı şərtlər təsbit edilmişdir ki, həmin şərtlərə malik olma müharibə veteranı olan işçiyə güzəştlərin tətbiq olunmasına yönələn tədbirlərin cavabdeh tərəfindən görülməsi öhdəliyi yaradır. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmişdir. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, xx.xx.2014-cü ildə işə qəbul olunmuş iddiaçı 2014-cü ildə müharibə veteranı vəsiqəsinin surətini təqdim etmiş və avqust – dekabr ayı daxil olmaqla müharibə veteranı kimi vergi güzəşti İddiaçı şamil olunmuşdur. 2015-ci ilin yanvar ayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən arayış təqdim edilməsi barədə məlumatlandırılsa da, İddiaçı arayış təqdim etmədiyi üçün 2015-2017-ci illərdə ona müharibə veteranı kimi vergi güzəşti tətbiq olunmamış, 24 yanvar 2018-ci ildə isə müharibə veteranı vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətini idarəyə təqdim etməsi ilə 2018-ci ilin yanvar ayından qeyd olunan güzəşt hüququnun şamil edilməsi yenidən davam etdirilmişdir. Qanunvericiliyin yuxarı qeyd olunan tələblərindən də göründüyü kimi əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1254/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1254/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver