Məhkəmə qərarları › İş №2-1(112)-12547/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12547/2022

05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12547/2022 05.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə Nikolayeviçin, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı «cavabdehin üzərinə məhkəmə qərardadını icra etmək və kassasiya şikayəti üzrə buraxılmış müddəti bərpa etmək öhdəliyinin qoyulması, iddiaçının zərərçəkmiş şəxs hesab edilməsi və iş materiallarının istintaq orqanına göndərilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı «cavabdehin üzərinə məhkəmə qərardadını icra etmək və kassasiya şikayəti üzrə buraxılmış müddəti bərpa etmək öhdəliyinin qoyulması, iddiaçının zərərçəkmiş şəxs hesab edilməsi və iş materiallarının istintaq orqanına göndərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, 13 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən 2-1(103)-1265/2022 saylı iş üzrə qərardad qəbul edilmişdir. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı şəhəri 4 saylı “ASANxidmət” Mərkəzinin notariuslarının hərəkətlərini (hərəkətsizliyini) qanunsuz hesab etməmişdir və inzibati xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçı L.İ.Fomninanı milliyətinə görə zərərçəkmiş hesab etməmişdir, 24 may 2022-ci il tarixdə Apellyasiya Məhkəməinin İnzibati Kollegiyası 2-1(103)-1 265/2022 saylı iş üzrə İddiaçı dövlət büdcəsi hesabına pulsuz hüquqi yardımın təyin edilməsi haqqında qərardad qəbul etmişdir. 24 may 2022-ci il tarixdə məhkəmə İddiaçı ərizəsini təmin etmişdir. 2 iyun 2022-ci il tarixdə 22 saylı Vəkil bürosunun vəkili X2 251 nömrəli order üzrə 13 aprel 2022-ci il tarixli 2-1(103)- 1265/2022 saylı iş üzrə qərardaddan 10 gün ərzində kassasiya şikayəti vermək tapşırılmışdır Vəkil Şimiyev Toğrul yalnız 4 avqust 2022-ci il tarixdə Nümayəndələ əlaqə saxlamış, bunu məzuniyyətdə olması və sonra xəstələnməsi ilə əsaslandırmışdır. Bu günədək vəkil Şimiyev Toğrul V.N.Fominlə yazışmada kassasiya şikayətinin verilməsinin vaxt məhdudiyyəti olmaması ilə əsaslandıraraq hərəkəsizlik edir, bildirir ki, o vəkildir və öz işinə görə cavabdehdir, kassasiya şikayətinin verilməsi müddəti sənədlərin məhkəməyə rəsmi təqdim edilməsi anından hesablanır. Vəkillə bütün yazışmanı V.N.Fomin saxlamışdır. Nümayəndə F.N.Fomin bilir ki, kassasiya şikayəti vəkilə orderin verildiyi andan vəkil tərəfindən 10 gün müddətində təqdim olunmalıdır və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa oluna bilməz. Vəkilin günahı cavabdehlə əlbir olmaqla onun hərəkətsizliyi ilə sübut olunmuşdur. Vəkilin hərəkətsizliyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 150.2.5, 150.3.1, 182.3.3-cü maddələri üzrə cəzalandırılan cinayət əməllərinin inkişafına səbəb olur. 7 sentyabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5, 150.3.1, 178.3.2, 182.3.3, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri üzrə cinayət işinin qaldırılması haqqında 24-cü Polis Şöbəsinə ərizə təqdim edilmişdir. İPM-in 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir.Göstərilənlərə əsaslanaraq, məhkəmədən Vəkillər Kollegiyasının üzərinə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli qərardadını həmin məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə icra edilməsi və 2-1(103)-1265/2022 saylı iş üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etmək öhdəliyinin qoyulması, 2-1(103)-1265/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi mümkün olmadığı halda, İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş fiziki şəxs hesab edilməsi və təqdimat üzrə qərarla birlikdə inzibati işin materialları cinayət işinin qaldırılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) bildirilir ki, İddiaçı iddia tələblərinin mahiyyətinə dair şəxsi mövqeyini ifadə edərək məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İddiaçının hazırkı iş üzrə iddia tələbləri inzibati icraat qaydasında baxılmalı deyildir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35-ci maddəsinin təfsirinə görə inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Həmin maddəynə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Göstərilənlərə əsaslanaraq, İPM-in 35 və 73.3-cü maddələrinin tələblərinə istinadən məhkəmədən İddiaçı “buraxılmış müddətin bərpa edilməsi” tələbinin mümkün sayılmaması, hazırkı iş üzrə iddia tələblərinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Nikolayeviç iddianın mümkün iddia olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirdi ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə: - (maddənin İ hissəsi) Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; - (maddənin İİ hissəsi) Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; - (maddənin İİİ hissəsi) Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Həmin Qanunun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, iddiaçı iddiasında aşağıdakı tələbləri irəli sürür: - apellyasiya instansiyası məhkəməsinin qərardadının müəyyənm edilmiş müddətdə icra edilməsi və iş üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması; - iş üzrə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi mümkün olmadığı halda, İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş fiziki şəxs hesab edilməsi və təqdimat üzrə qərarla birlikdə inzibati işin materialları cinayət işinin qaldırılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi. Məhkəmə qeyd edir ki, hər hansı məhkəmə icraatı üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması qaydası müvafiq məhkəmə icraatını tənzimləyən prosessual nornalara tənzimlənir və belə öhdəlik inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə qoyula bilməz. Eləcə də, inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində şəxsin zərərçəkmiş qismində tanınması və iş. materiallarının istintaq orqanına gödərilməsi məsələləri də inzibati məhkəmə icraatının predmetini təşkil edə bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı hazırkı iddiası üzrə inzibati mübahisənin mövcud olmadığı müəyyən edilir və həmin tələblər məcmusunda iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən qiymətləndirilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar