Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1255/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs X11 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra mətndə- AMEA) cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AMEA-nın Yataqxanasının yerləşdiyi ünvana – ünvan 2eri üzrə daimi qeydiyyata alınmış X6 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yekun məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın Aspirantlar Yataqxanasının gözətçisi vəzifəsində 11 yanvar 2019-cu il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X11 17 dekabr 2002-ci il tarixdə, 70 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 21В nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. X6 Əmək müqaviləsinə 11 yanvar 2019-cu il tarixində, AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdirinin 11 yanvar 2019-cu il 14-i.i. nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Bununla belə, vaxtilə AMEA-nın Yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin hazırda AMEA-da işləməyən X11 2017-ci ildən qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərində, ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın 2-ci mərtəbəsində yerləşən, 21В saylı otaqda yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022-ci il tarixli aktla müəyyən olunmuşdur ki, X11 həmin 21В nömrəli otaqda uzun müddətdir yaşamır, onun yaşayış yeri AMEA-ya məlum deyildir. 14 mart 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X13, həmin yataqxananın elektriki X8, fəhlə vəsifəsində çalışan X12, santexnik X14, xadimə X3 tərəflərindən tərtib olunan aktla müəyyən olunur ki, X11 vaxtilə yataqxanada məskunlaşsa da, lakin qeyd edilən otaqda uzun müddətdir yaşamır. 21В nömrəli otağı bağlı saxlamaqda davam edən X11 hal-hazırda AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsində işləmir və sözügedən 21В nömrəli otaqda yaşamır, lakin qeydiyyatda qalmaqda davam edir. Sözügedən 21 В nömrəli otağın X11 tərəfindən AMEAya qaytarılması məqsədi ilə müvafiq sənədlər AMEA-nın Hüquq şöbəsinə təqdim olunduqdan sonra, AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Nümayəndə tərəfindən 08 aprel 2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayon Polis idarəsinə 08-69- /2022 nömrəli məktub ünvanlanmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən cavab olaraq 14 aprel 2022-ci il tarixli 091-22994-1222 nömrəli məktubla AMEA-ya 25 aprel 2022-ci il tarixdə daxil olmuş AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinə bildirilmişdir ki, X6 ünvan 6 ünvanında yerləşən AMEA-nın Yataqxanasından qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunmalıdır. Hal-hazırda qeyd olunan səbəblərlə bağlı bir sıra şəxslərin, o cümlədən X6 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan Yataqxanada qeydiyyatdan çıxarmadan otaqla təmin olunmaq üçün AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X6 AMEA-nın aspirantlar yataqxanasından, yəni ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs isə heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxsin ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması barədə iddiaçı tərəfin müraciətinə baxılmış və ona müvafiq tələblə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1945-ci il təvəllüdlü X11 ünvan 8 ünvanında qeydiyyatdadır. -İddiaçı Azad Həmkarlar İttifaqının (AMEAAHİ) xx.xx.2002-ci il tarixli, 70 №-li orderinin surətindən görünür ki, AMEA Yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli, 04 №-li protokoluna əsasən gözətçi vəzifəsində işləyən X7 ünvan 9 ünvanında yerləşən yataqxanada məskunlaşma icazəsi verilmişdir. -İddiaçı Azad Həmkarlar İttifaqı (AMEAAHİ) tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş Yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, Aspirantlar yataqxanasında gözətçi olan X11 (ailə tərkibi: 1 nəfər) AMEA-nın 2 №-li yataqxanasına daimi qeydiyyata götürülmüşdür. -İddiaçı İşlər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 14-i.i №-li əmrin surətindən görünür ki, Aspirantlar yataqxanasının gözətçisi X11 ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi məqsədilə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqavləsinə xitam verilmişdir. -ünvan 6 ünvanında yerləşən AMEA əməkdaşı kimi yaşayış sahələri ilə təmin olunmuş və yaşayış yeri üzrə daimi qeydiyyata alınmış, lakin uzun müddətdir yataqxanada yaşamayan, hazırda AMEA-da işləməyən şəxslər barədə məlumat vərəqəsindən görünür ki, X11 (otaq №-si 21B, ailə tərkibi 1 nəfər) hazırda orada işləmir və 4 ilə yaxındır otağında yaşamır. -İddiaçı Rəyasət Heyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01/6/748 nömrəli məktubdan görünür ki, üçüncü şəxs X1 magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almır. -İddiaçı Rəyasət Heyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 53 nömrəli arayışdan görünür ki, üçüncü şəxs X2 işləmir. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxsin qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanuna müvafiq qaydada məhv edilmişdir. Həmin məktuba üçüncü şəxsin fərdi uçot kartoçkasının təsdiq edilmiş surəti əlavə edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 358 №-li məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil Nazirliyin balansına aid deyildir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 10 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. -Müəssisənin balansında olan daşınmaz əmlaklar barədə əldə edilmiş elektron məlumatlardan görünür ki, mübahisəli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrinda “Aspirantlar üçün yataqxana binası” adı altında qeydiyyata alınmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 ünvanında daşınmaz əmlak obyekti olaraq 3 ədəd çoxmənzilli yaşayış binası yerləşir. Göstərilən ünvan üzrə mövcud olan 2 girişli, 36 mənzildən ibarət 9 mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar hissəsinin, aspirantların yaşadığı 1 girişli, 119 mənzildən ibarət, 9 mərtəbəli yataqxana binası isə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının balansındadır. Həmin ünvanda 5 girişli, 16 mərtəbəli çoxmənzilli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Qeyd edilən binalar Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin struktur təşkilatlarının balansında yoxdur. -Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, A.M.Şərifzadə küçəsi, ev 12, mənzil 21B Yasamal rayon MKTB-nin balansında olmadığından hər-hansı məlumatın verilməsi imkan xaricindədir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlakın balanssaxlayıcı subyektləri tərəfindən təqdim olunan sənədlər əsasında aparılır. Bu baxımdan, İddiaçı İşlər İdarəsi tərəfindən təqdim edilmiş "Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi”nə əsasən qeyd edilən yataqxana binası həmin müəssisənin balansında olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. -Məhkəmənin sorğusuna cavab olaraq İddiaçı AMEA-nın Yataqxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 40 №-li məktubdan görünür ki, üçüncü şəxs mübahisəli ünvanda faktiki olaraq yaşamır. İşin faktiki hallarından görünür ki üçüncü şəxs X11 iddiaçı tərəfindən AMEA-nın Aspirantlar yataqxanasında gözətçi vəzifəsində işləməsi əsası ilə Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən 21B saylı otaqla təmin edilmiş, daha sonra həmin ünvana yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. Lakin xx.xx.2019cu il tarixdə iddiaçı tərəfindən üçüncü şəxslə olan əmək müqaviləsinə xitam verilmişdir. Sonradan iddiaçı qeyd olunan otaqda faktiki yaşamayan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; Həmin Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən: 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri; 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllədən: 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən, yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AMEA-nın Aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir və istinad olunan normalardan da göründüyü kimi yataqxanalar daimi istifadə üçün deyil, yalnız istifadəsinə verilmiş vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, üçüncü şəxs X11 faktiki olaraq AMEA-da təhsil almır, xidmət keçmir və AMEA ilə arasında hər hansı əmək münasibətləri mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, üçüncü şəxsin Mənzil Məcəlləsinin 102.2-ci maddəsinin təsiri altına düşməsi müəyyən edilmir. Belə ki, həmin Məcəllənin: 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdırlar. Yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilən mövqeyə görə, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, sözügedən qərara istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün şəxsin həmin yaşayış sahəsində faktiki olaraq yaşamaması və həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüququ əldə etməməsi müəyyən edilməlidir. Hazırkı halda iş materialları ilə ilə üçüncü şəxsin qeyd olunan yaşayış sahəsində yaşamadığı və onun qeydiyyatda olduğu yaşayış sahəsinə dair əmlak hüquqları əldə etmədiyi təsdiq olunur. Bu baxımdan, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında qeyd olunan hər iki şərtin mövcudluğu təsdiqini tapdığından və buna uyğun olaraq sözügedən mənzildə üçüncü şəxsin qeydiyyatda qalması üçün əsaslar olmadığından iddiaçı tələbində haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməli və iddia əsaslı olduğundan təmin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxs X6 AMEA-nın Aspirantlar yataqxanasından, yəni ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1255/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1255/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver