Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1255/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Johnun cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı John (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03 aprel 2024-cü il tarixli, İQ- 18/5 nömrəli qərarı ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətlərinin təmin edilməsi və iddiaçı və ailə üzvlərinə "Qaçqın vəsiqəsi"nin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı John və ailə üzvləri 10 yanvar 2024cü il tarixdə “Qaçqın statusu verilməsi haqqında" vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək vətəndaşı olduqları Pakistan İslam Respublikasında ailəsinin həyatı təhlükəsizliyinin təminatının inamsız olduğunu bildirmiş və göstərmişlər ki, xristianlarla yaxınlıq etdiklərinə görə Pakistanda söz sahibi olan molla rejimi bütün ailəni təqibə məruz qoymuşdur. Pakistanın bir neçə şəhərinə getsələr də, təqibdən yaxa qurtara bilməmişlər. Pakistan polisi isə dini rejimə münasibətdə hər-hansı müqavimət göstərə bilmir və aşkar surətdə şifahi olaraq təhlükəsizliklərinə təminatın verilmədiyi etiraf olunur. Ona görə də həyati təhlükəsizliyinin təmin olunması üçün onlar Azərbaycan dövlətinə sığınmışdırlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vəsatətlərini təmin etməmiş və bu barədə 03 aprel 2024-cü il tarixli İQ- 18/5 nömrəli qərar qəbul edilib. Qərar belə əsaslandırılmışdır ki, radikal islamçılar tərəfindən təqibə məruz qalmaqlarını sübut edən hallar mövcud deyil. İddiaçı cavabdeh DMX-nin imtinasını haqlı hesab etməmiş, ona görə də məhkəmə müdafiəsinə müraciət etmək qərarına gəlmişdirlər. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı ailəsi ilə birlikdə onlara qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-18/5 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, 1. Azərbaycan Respublikasına gələnədək dövlət hər hansı təqibə və təhdidə məruz qalmamış; 2. Müsahibəsindən göründüyü kimi o iş yerini tərk etməmiş, dini ritualları yerinə yetirməkdə davam etmişdir. Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1 -ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1 -ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən sonra, həmin qərarı aldığı tarixdən (cavabdeh daha tez almasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir) qanunvericiliklə nəzərdə tutulmuş müddətdə, xx.xx.2024-cü il tarixdə iddianı qaldırmışdır (İPM, maddə 38.2). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan xx.xx.2011-ci il tarixdə verilmiş PAK BX9106741 nömrəli X1 pasport məlumatlarından görünür ki, İddiaçı John xx.xx.1980-ci il tarixdə Karachi şəhərində anadan olmuşdur. Pasport xx.xx.2028-ci il tarixədək etibarlı olmuşdur. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizəanket) görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyəti urdu, dini etiqadı xristian, ana dili urdu, pəncabi dili olmuşdur, həmçinin ingilis dilini orta səviyyədə bilir. İddiaçı Methodist secondary high schoolda 10 il, 1997-cu ildə bitirmiş, Allama iqbal Collegedə 2 il, 1999-cu ildə bitirmişdir. Peşəsi tibb qardaşıdır. Patei Hospital, tibb qardaşı 2002-2006-ci illərdə, Liaqat hospital, tibb qardaşı 2006-2023-cü illərdə işləmişdir. Qanuni nikahdadır, arvadı X4 evdar qadındır. 2006-cı ildən etibarən iddiaçı X3 tibb sahəsində baş tibb qardaşı (senior technician) işləmişdir. 3 il bundan əvvələ qədər iddiaçının xristian olduğu üçün heç bir problemi olmamışdır. Onlar hər səhər işə başlayanda xristianlar dəhlizə yığışıb dua edirmişlər. Düz 3 il bundan əvvəl Məhəmməd Axtar adlı bir şəxsi onlara inzibati rəis təyin etmişlər. O, dəhlizdə yığışıb etdikləri dualara qarşı çıxmış və bunu qadağan etmişdir. Demişdir ki, “Allahdan nəsə istəyirsinizsə bunu nümayişkaranə şəkildə burada etməyin.” O, iddiaçını baş tibb qardaşı olduğu üçün bunda günahkar sayırdı ki, iddiaçı öz şöbəsində olan personalı həm xristian, həm müsəlmanları xristian duası etməyə sövq etmişdir. İddiaçlnı dəfələrlə təhdid etmişdir ki, xristianlar bir yana buradakı müsəlmanlara yaxşı bir şey göstərmir. İddiaçı isə ona başa salmaq istəmişdir ki, iddiaçı müsəlmanları xristianlığa keçməyə təşviq etmir. Bundan sonra o, iddiaçının ailə üzvlərinin harada yaşadığı öyrəndi və iddiaçını da ailəsi ilə təhdid etməyə başlamışdır. İddiaçıya elə gəlmişdir ki o, bu işi tək etmirdi, onun hansısa radikal islamçılarla əlaqəsi var idi. Onların iddiaçı ilə bu cür rəftarı iddiaçıya mənəvi cəhətdən pis təsir edirdi və bu da nəticə olaraq işinə təsir edirdi. Çünki iddiaçı xəstələrlə işləyirmiş və onlara qayğı göstərməli idi. 2023-cü ilin avqust ayında oğlu Abiel məktəbdə çıxarkən iki nəfər motosikldə olan naməlum şəxs oğlunu saxlamış ona demişlər ki, “atana denən ki etdiyi işləri dayandırsın yoxsa ona pis olacaq.” Bundan sonra oğlu evə gəlib iddiaçıya olanları danışmışdır. 26 noyabr 2023-cü ildə Məhəmməd Axtar iddiaçıya qarşı polisə şikayət yazmış və hospitalda müalicə alan Ali Navaz adlı şəxsi də bu işdə şahid kimi göstərmiş. xx.xx.2023-cü ildə polis iddiaçıya qarşı FİR yazdı (ərizəçi FİR-ın surətini təqdim etmişdir). Bu işə görə onu polisə dəvət etmişdilər, lakin iddiaçı dostlarının məsləhəti ilə polis məntəqəsinə getməmiş, bunun tələ olduğunu düşünmüşdür. Ailəlikcə bu məsələdən qorxub Kəraçidə olan evlərini tərk edib, Kəraçinin Maripur məhəlləsində yaşayan yeznəsi Johnsonun evinə getmişdir, 26.11. tarixindən Azərbaycana gələnə qədər onun evində qalmışdır. Sonra turist agentliyinə müraciət etmiş, onlara Azərbaycana getməyin asan olduğunu bildirmişlər, bu səbəbdən də iddiaçı ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında İQ-18/5 nömrəli, xx.xx.2024-cu il tarixli qərarından görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı Johna və ailə üzvlərinə (arvadı - 25.05 1982-ci il təvəllüdlü X4, oğlu - xx.xx.2011-ci il təvəllüdlü Abiel Ryan, qızı- xx.xx.2015-ci il təvəllüdlü Arsala Ryna, oğlu - xx.xx.2017-ci il təvəllüdlü Vivian Victor) qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizə-anketin qeydiyyatı və müsahibə zamanı ərizəçinin verdiyi məlumatlarda bir sıra uyğunsuzluqlar aşkar edilmiş və o, bu uyğunsuzluqların səbəbini izah edə bilməmişdir. Belə ki, ərizəçi ərizə-anketinin qeydiyyatı zamanı iş növbəsini dəyişdirdikdən sonra da hər gün dua etməyi davam etdirdiyini bildirsə də, müsahibəsi zamanı növbəsini dəyişdikdən sonra bunu dayandırdığını bildirmişdir. Bundan əlavə o, ərizə-anketinin qeydiyyatı zamanı oğlunun 2023-cü ilin avqust ayında təhdid olunmasından sonra iş növbəsini oktyabr ayına dəyişdiyini dediyi halda, müsahibəsi zamanı bu növbəni sentyabr ayından dəyişdiyini qeyd etmişdir. Eyni zamanda ərizəçi ona qarşı polisdə tərtib edilən "ilk məlumat raportu"nda (“first , information report") şahid qismində adı çəkilən Alı Navaz adlı şəxsin xəstəxanada müalicə alan xəstələrdən biri olduğunu dediyi halda müsahibəsi zamanı həmin şəxsin xəstəxana əməkdaşı və inzibatçının qohumu olduğunu bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, ərizəçi avqust ayında baş vermiş hadisədən sonra daxili yerdəyişmə alternativindən istifadə edərək ailə üzvləri ilə birlikdə Kəraçi şəhərini tərk etmiş və Maripur kəndinə getmişdir. O. həmin müddətdə heç bir təhdid və təzyiqə məruz qalmamış, nə hüquq-mühafizə orqanları, nə də fətva verən radikal islamçılar tərəfindən axtarılmamışdır. Diqqət çəkən digər məqamlardan biri ərizəçinin problemlərinin 3 il bundan əvvəldən başlamasına baxmayaraq, onun ötən müddət ərzində öz iş yerini tərk etməməsi, bu təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməməsi və öz dini ayinlərini hər gün iş yerində icra etməsi olmuşdur. Ərizəçinin məruz qaldığı təhdidlərə məhəl qoymadan hər gün dini ayinləri icra etməsi onun əsaslı təqib qorxusunun olması ehtimalını şübhə altına almış və bu şübhə onun xeyrinə həll edilməmişdir. İddiaçı Johnun və arvadının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, siyasi əqidələrinə və dini etiqadına görə ciddi təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin özü və ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı Johnun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvünün gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu İİ tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fermanı ilə təsdiq edilmiş "‘Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir ("Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 3 aprel 2024-cü il tarixli, 08 saylı protokolu). İddiaçı hazırda bu qərarı mübahisələndirərək ləğv edilməsini və ona və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən: - Bənd 1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. - "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. - bənd 3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. - 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. İşdən görünür ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsaslı olmuşdur. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı müsahibə zamanı verdiyi izahatda iş yerində dini etiqadına görə təqibə məruz qaldığını bildirsə də, problemlərin başladığı tarixdən 3 il ərzində iş yerini tərk etməmiş, hüquq-mühafizə orqanlarına müraciət etməmiş, ölkdə daxilində yerdəyişmə etdikdən sonra hər hansı bir təqibə məruz qalmadığını etiraf etmiş, müsahibə zamanı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını, irqi əlamətinə, milliyyətinə görə təqib olunmadığını bildirmişdir. İddiaçının vətəndaşı olduğu ölkədə yerdəyişmə edərək hər hansı bir təhlükə olmadan yaşamaq imkanına malik olmuşdur. Yəni iddiaçı vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etmək imkanından məhrum olunduğunu, rəsmi qurumların onu qorumaq iqtidarında olmadığını əsaslandıra bilməmişdir. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-1255/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1255/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver