Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12550/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əzizbəyov rayon XDS İK-nın 17/630 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Mərdəkan qəsəbəsində 11/3 №-li sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin Bakı şəhəri Xəzər rayon icra hakimiyyəti tərəfindən yerləşmə sxemi hazırlanmşdır. Həmin sxemdə torpaq sahəsinin ölçüsü 450 kv.metr göstərilmişdir. İddiaçı həmin torpq sahsəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,06 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki sahənin 0,0418 ha təşkil etdiyi məlum olmuşdur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əzizbəyov Rayon X1 İcraiyyə Komitəsinin 1988-ci il tarixli 17/630 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi (yerləşmə sxeminə uyğun olaraq) üzərində iddiaçının mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ona torpaq sahəsinin ayrılması barədə qərar hal-hazırda həmin qərar qüvvədədir və iddia olunan torpaq sahəsidə uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 17/630 nömrəli Qərarı ilə hüquq sahibinə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən deyil, sonradan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən torpaq sahəsində vahid konstruktiv yükgötürən divara və vahid dam örtüyünə malik fərdi yaşayış evinin 50 kv.m hissəsinin yerləşdiyi məlum olmuşdur (evin digər hissəsi qonşunun istifadəsindədir). Torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki 450 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Əzizbəyov rayon XDS İK-nın 17/630 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı ilə iddiaçıya Bakı şəhəri, Mərdəkan qəsəbəsində 11/3 №-li sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin Bakı şəhəri Xəzər rayon icra hakimiyyəti tərəfindən yerləşmə sxemi hazırlanmşdır. Həmin sxemdə torpaq sahəsinin ölçüsü 450 kv.metr göstərilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini tıəmin etməkdən imtina etdiyinə görə hazırkı mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinin etiraz olaraq, torpaq sahəsinin ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılmasının təmin edilmədiyini, təqdim edilmiş yerləşmə sxeminin torpaq sahəsi ayrılan zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən deyil, sonradan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edildiyini, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən torpaq sahəsində vahid konstruktiv yükgötürən divara və vahid dam örtüyünə malik fərdi yaşayış evinin 50 kv.m hissəsinin yerləşdiyini, (evin digər hissəsi qonşunun istifadəsindədir), həmçinin torpaq sahəsinin sənəd üzrə ölçüsünün 600 kv.m qeyd edilsə də, faktiki 450 kv.m təşkil etdiyini bildirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.8-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı təşkil edir. Həmin normalara görə, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Əzizbəyov rayon XDS İK-nın qərarına istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilən qərar ləğv edilməmiş, dəyişdirilməmiş, etibarsız hesab edilməmiş, geri çağırılmamış və heç bir şəxs və orqan tərəfindən mübahisələndirilməyərək qanuni qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmçinin Xəzər Rayon İcra Hakimiyyəti torpaq sahəsinin yerləşməsinə dair sxem tərtib edərək iddiaçıya vermişdir. Cavabdehin etirazında qeyd etdiyi torpaq ümumi sahəsinin 450 kv.metr təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində torpaq sahəsi üzərində yerləşmə sxeminə uyğun olaraq fakitki vəziyyətə uyğun mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. Torpaq sahəsinə dair yerləşmə cizgisinin Əzizbəyov rayon XDS İK tərəfindən deyil, Xəzər rayon İcra Hkimiyyəti tərəfindən tərtib edilməsi barədə cavabdehin dəlili əsassız olmaqla, mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Xəzər rayon İcra Hakimiyyəti, Əzizbəyov rayon XDS İK tərəfindən ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib etmək səlahiyyətində malik orqanıdr. Torpaq sahəsində vahid konstruktiv yükgötürən divara və vahid dam örtüyünə malik fərdi yaşayış evinin 50 kv.m hissəsinin yerləşməsi, evin digər hissəsi qonşunun istifadəsində olması ilə məhkəmə qeyd edir ki, göstərilən hallar da, mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyil. Belə ki, iddiaçı fərdi yaşayış evinə deyil, torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Digər tərəfdən torpaq sahəsinin qonşunun istifadəsində olması da, iddiaçının hüququnun qeydə alınmasına mane olmamamlıdır. Belə ki, iddiaçı ona ayrılmış torpaq sahəsi ilə bağlı hüquqlarının müdafiəsi üçün mülkiyyət hüququnun qeydə aldırmaq hüququna malikdir. Qonşu sahə ilə münasibərlər isə mülki hüquq münasibətləri olmaqla hazırkı işin predmeti deyildir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin imtinasında qeyd etdiyi hal iddiaçının təqsiri ucbatından baş verən hal olmamaqla onun etimad hüququ qorunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 67.5-ci maddəsinə görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Əzizbəyov Rayon X1 İcraiyyə Komitəsinin 1988-ci il tarixli 17/630 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi (yerləşmə sxeminə uyğun olaraq) üzərində İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12550/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12550/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver