Məhkəmə qərarları › İş №2-1(112)-12552/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12552/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12552/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, Tornado şirkətində mühafizəçi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı “Asan Xidmət’ Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “iddiaçının xx.xx.2022ci il təvəllüdlü oğlan övladının adı Muhəmməd olmaqla, soyadı Ələkbərov, ata qrafasında İddiaçı, ana qrafasında X4 göstərilməklə doğum aktının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 6 saylı “Asan Xidmət’ Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “iddiaçının xx.xx.2022-ci il təvəllüdlü oğlan övladının adı Muhəmməd olmaqla, soyadı Ələkbərov, ata qrafasında İddiaçı, ana qrafasında X4 göstərilməklə doğumunun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və X5 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə xx.xx.2022-ci il tarixdə Bakı şəhərində oğlu anadan olmuşdur. Bu yaxınlarda Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə müraciət edərək övladının doğumunun qeydə alınmasını və uşağa Muhəmməd adı verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi övladına həmin adın verilməsindən imtina edərək məhkəməyə müraciət edə biləcəyini bildirmişdir. Cavabdeh təşkilat qərarını əsaslandırmayıb. Cavabdeh təşkilatın iddiaçının övladına Muhamməd adının verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də övladına Muhamməd adının verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Övladına qoymaq istədiyi Muhəmməd adı uşağın cinsinə uyğundur və gülünc xarakter daşımır. Əksinə dini inanclarına rəğbət xarakteri daşıyır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, bu adın yazılış qaydasına aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və verilən məlumata əsasən həmin adın anomastik lüğətdə ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması “Məhəmməd” və “Məmməd” adı kimidir. “Muhəmməd” adının isə, Azərbaycan dilinin ədəbi normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. 2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (səh.825) orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” və “Məmməd” formaları düzgün yazılış forması kimi göstərilmişdir. Eyni zamanda AMEA-nın Ədəbiyyat İnstitutu tərəfindən tövsiyə olunmuş adlar siyahısında qeyd olunan ad “Məhəmməd" kimi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı seçdiyi ad Qanunun tələblərinə uyğun olmadığından ərizəsinin təmin edilməsi şöbə tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəmədən inzibati işə nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının 30 sentyabr 2002-ci il tarixli, 365-İİQ nömrəli “Dövlət dili haqqında” Qanununun 8-ci maddəsinə, əsasən, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Seçilən ad Qanunun tələblərinə uyğun olmadığından həmin adın verilməsi mümkün deyildir. Adın verilməsindən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Doğum haqqında tibbi şəhadətnamənin surətinə əsasən ana haqqında məlumatlarda X4, ata haqqında məlumatlarda İddiaçı, uşaq haqqında məlumatlarda xx.xx.2022-ci ildə doğulması, kişi cinsindən olması, soyadı Ələkbərov, adı isə yeni doğulmuş kimi qeyd olunmuşdur. AZ-İ 390142 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı və X4 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. AA3139898 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X4 Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı və arvadı Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, onların nikahından xx.xx.2022-ci ildə oğlan uşağı doğulmuşdur, uşağın doğumunun qeydə alınması üçün iddiaçı cavabdehə müraciət etmiş və uşağın adını “Muhəmməd” kimi qeyd edilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan vətəndaşının adı dövlət dili olan Azərbaycan dilində yazılmalıdır, eyni zamanda eyni zamanda AMEA-nın tövsiyə etdiyi adlar siyahısında həmin ad “Məhəmməd” kimi yazılmışdır. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinə müvafiq olaraq, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3-ci maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydanın 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir Həmin Qaydanın 2.10-ci maddəsinə əsasən uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi qaydaları”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Göründüyü kimi qanunvericiliyə əsasən uşağa adın verilməsində valideynlər müstəqildirlər və qanunvericiliklə onların bu hüququ məhdudlaşdırılmamışdır və işin faktiki hallarına görə də iddiaçının uşağa “Muhəmməd” adının verilməsi ilə Azərbaycan Respublikasının heç bir normativ-hüquqi aktının tələbi pozulmur, belə ki, o, uşağın adının başqa dildə deyil, məhz Azərbaycan dilində “Muhəmməd” kimi yazılmasını istəyir, cavabdehin istinad etdiyi Azərbaycanın Milli Elmlər Akademiyasının adlar siyahısı isə yalnız tövsiyə xarakteri daşıyır və iddiaçı və ya başqa şəxslər üçün məcburi olan hüquqinormativ akt qüvvəsinə malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 iyun 2022-ci il tarixli qərarında qeyd etmişdir:”Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır...Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X3rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X1rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21)...Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32).” Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər, 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər, həmin qaydaların 2.24-cü bəndinə əsasən Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2022-ci il təvəllüdlü oğlan övladının adı Muhəmməd olmaqla, soyadı Ələkbərov, ata qrafasında İddiaçı, ana qrafasında X4 göstərilməklə doğumunun qeydə alınması vəzifəsi cavabdeh 6 saylı “Asan Xidmət’ Mərkəzi Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü oğlan övladının adı Muhəmməd olmaqla, soyadı Ələkbərov, ata qrafasında İddiaçı, ana qrafasında X4 göstərilməklə doğumunun qeydə alınması vəzifəsi cavabdeh 6 saylı “Asan Xidmət’ Mərkəzi Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar