Məhkəmə qərarları › İş №2-1(112)-12559/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12559/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12559/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “yekun qərarın ləğv edilməsi və hərbi xidmətə yararsız sayılma” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2.15-ci bəndində qeyd olunan “Ç” kateqoriyasına (“Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”) dair X3 barəsində verilmiş rəyin, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2.15-ci bəndində qeyd olunan “Ç” kateqoriyasına (funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) dair rəylə dəyişdirilməsinin əsassız hesab edilməsi və ləğv edilməsi, Mərkəzi Hərbi Həkim Komissiyasının barəsində qəbul etdiyi, edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 2.15-ci bəndində qeyd olunan “Ç” kateqoriyasına (“Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”) dair rəyin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “X3 barəsində verilmiş rəy” hissəsini mahiyyətə təsir etməyən texniki səhv kimi qəbul edir, həmçinin iddia tələbi üzrə iddiaçının hüquqi marağının aydın olduğunu nəzərə alaraq tələbin dəqiqləşdirilməsinə zərurət görmür. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2006-cı il təvəllüdlü İddiaçı 18 yaşı tamam olduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış və hərbi həkim komissiyasından müayinədən keçdikdən sonra barəsində verilmiş rəyə əsasən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmişdir. 10 iyun 2025-ci il tarixdə hərbi həkim komissiyasının qərarına əsasən “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2317 nömrəli, 06 sentyabr 2023-cü il tarixli Fərmanına uyğun olaraq, yekun tibbi müayinədən keçməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra Agentlik) göndərilmişdir. Agentliyə gəldiyi 10 iyun 2025-ci il tarixdə iddiaçının zahiri görünüşünə əsasən, o, heç bir mütəxəssisə göstərilmədən barəsində qəbul edilmiş əvvəlki rəy (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təyin olunmuş “Ç” kateqoriyası aid (həqiqi hərbi xidmətə müvəqqəti yararsız)) ləğv edilmiş və barəsində “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Əlin və barmaqların olmaması, deformasiyaları, qüsurlarına dair qrafasının” “Ç” bəndi üzrə, yəni funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda, A-3 rəyi verilmişdir və bildirilmişdir ki, hərbi xidmətə yaralı sayılır. İddiaçı barəsində qəbul edilmiş sonuncu rəyi tibbi araşdırma aparılmadan verildiyi üçün düzgün hesab etmədiyindən Apellyasiya Şurasına müraciət etmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq hər dəfə təkrar müayinədən keçiriləcəyi vəd edilsə də, təmin olunmamışdır. İddiaçı qanusuz hesab etdiyi vəziyyətlə əlaqədar həm Agentliyə, həm də komissarlığa müraciət etsə də, ona nə qəbul edilmiş rəyin surəti verilməmiş, nə də ki, qaydalara uyğun müayinə olunması təmin edilməmişdir və hesab edir ki, tam qərəzli olaraq hazırda mübahisələndirdiyi rəy qəbul edilmişdir. Ona görə də, cavabdeh Agentlik tərəfindən pozulmuş hesab etdiyi hüquq və azadlıqlarının müdafiə olunması üçün bu məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, xx.xx.2025-ci il tarixli forma-44 üzrə İddiaçı şəhadətləndirilməsi aparılmış və Hərbi-həkim komissiyasının qərarına əsasən o, XBT kodu İ84 olan “Xəstəliklər cədvəli”nin 43-cü maddəsinin “ç” bəndində nəzərdə tutulmuş babasil xəstəliyi üzrə cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları diaqnozu ilə “Ç” kateqoriyası üzrə “hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmişdir. AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrinə əsasən İddiaçı 43-cü maddənin “c” bəndində nəzərdə tutulmuş babasil xəstəliyi, müalicə uğurlu olduqda nadir kəskinləşmələrlə diaqnozu ilə yararsızlıq səbəbi fərqli kateqoriya, yəni İ qrafanın “A-3” kateqoriyası üzrə təsdiqlənmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qəradadı əsasında mütəxəssis rəyinin alınması ilə əlaqədar iş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 göndərilmişdir. Mərkəzin xx.xx.2025-ci il tarixli K/253-2025 №-li rəyinə əsasən də iddiaçının hərbi xidmətə yararsız olması ilə bağlı heç bir tibbi fakt öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı (yaxud səlahiyyətli nümayəndəsi) və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı onun üçün hərbi xidmətə yararlı sayılması barədə cavabdehin 10 iyun 2025-ci il tarixli yekun qərarının ləğv edilməsinə və hərbi xidmətə yararsız hesab edilməsi haqqında qərarın qəbul edilməsinə yönəlmişdir. Sözügedən qərar iddiaçı üçün hüquqi nəticə yaradır. Bu mənada ki, həmin qərarın əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının hərbi xidmətə çağırılmasına dair qərar qəbul olunur. Həmçinin iddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. Məhkəmə hesba edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Müddətli həqiqi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2023-cü il tarixli 2317 nömrəli Fərmanından:

1. 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamədən: 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEİS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEİS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.7. Çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu Əsasnamənin 2-1.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEİS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin İİ-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; İİ qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar. İİİ qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar. Hazırkı iddia üzrə işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı və məqsədi onun hərbi xidmətə yararsız sayılması barədə qərarın qəbul edilməsinə yönəlmişdir. İş materiallarında olan iddiaçının xx.xx.2025-ci il tarixli sonuncu Forma 44 sənədindən görünür ki, Hərbi-Həkim Komissiyasında müayinələrin nəticələri üzrə İddiaçı “Xəstəliklər cədvəli”nin 43-cü maddəsi üzrə: Babasil: -ç) cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları xəstəliyi müəyyən edilmişdir. Həmin göndəriş üzrə İddiaçı şəhadətləndirilməsi aparılmış və Hərbi-həkim komissiyasının qərarına əsasən o, XBT kodu İ84 olan “Xəstəliklər cədvəli”nin 43-cü maddəsinin “ç” bəndində nəzərdə tutulmuş babasil xəstəliyi üzrə cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları diaqnozu ilə “Ç” kateqoriyası üzrə “hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmişdir. Cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrinə əsasən İddiaçı 43-cü maddənin “c” bəndində nəzərdə tutulmuş babasil xəstəliyi, müalicə uğurlu olduqda nadir kəskinləşmələrlə diaqnozu ilə yararsızlıq səbəbi fərqli kateqoriya, yəni İ qrafanın “A-3” kateqoriyası üzrə təsdiqlənmişdir. Beləliklə, hazırkı iddia üzrə iddiaçının hüquqi marağı və məqsədi onun hərbi xidmətə yararsız sayılması barədə qərarın qəbul edilməsinə yönəlmişdir. İstinad olunan “Xəstəliklər cədvəli”nin 43-cü maddəsində babasil xəstəliyi üzrə funksiyaların pozulma dərəcələri və həmin pozulma dərəcələrinə müvafiq olaraq hərbi xidmətə yararlılıq kateqoriyası nəzərdə tutulmuşdur. Hərbi xidmətə çağırılan vətəndaşların yararlılıq kateqoriyası İ qrafaya uyğun tətbiq edilir. Həmin maddəyə görə babasil: a) tez-tez kəskinləşmələrin olması və ikincili anemiya ilə - C b) İİ–İİİ mərhələ düyünlərin düşməsi ilə- C c) müalicə uğurlu olduqda nadir kəskinləşmələrlə- C ç) cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları- Ç Maddənin açıqlamasında göstərilir ki, bu maddə ilə “Xəstəliklər cədvəli”nin bütün qrafaları üzrə şəhadətləndirilənlərə tibbi göstərişlərə görə cərrahi və ya konservativ müalicə təklif edilir. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, ikincili anemiyanın ifadə olunma dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olaraq, şəhadətləndirilmə “a”, “b” və ya “c” bəndi üzrə keçirilir. Babasilin tez-tez təkrarlanan kəskinləşmələrinə şəhadətləndirilən şəxsin qanaxmaya, tromboz və iltihaba, yaxud hemorroidal düyünlərin İİ–İİİ dərəcəli düşməsinə görə ildə 3 dəfə və daha çox uzunmüddətli (1 ay və artıq) stasionar müalicədə olması, habelə xəstəliyin stasionar müalicə tələb edən təkrar qanaxmalarla fəsadlaşması halları aiddir. Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşlar “Xəstəliklər cədvəli”nin 43-cı maddəsinin “ç” bəndi üzrə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar və 3 ay müddətinədək müvəqqəti yararsızlığı, hərbi qulluqçulara isə 15 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsi barədə qərar çıxarılır. Operativ müdaxilələrdən sonra fəsadlaşma olduqda və hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin tam bərpası üçün bir aydan artıq müddət tələb olunduğu hallarda hərbi qulluqçulara 30 (otuz) gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin barədə qərar çıxarılır. 43-cü maddənin “Ç” bəndindən göründüyü kimi, babasil xəstəliyi üzrə cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları müəyyən edildikdə hərbi xidmətə çağırılan vətəndaş “Ç” kateqoriyası ilə “hərbi xidmətə müvəqqəti yararsız” sayılır. Maddənin açıqlanmasının təhlilindən aydın olur ki, babasil xəstəliyinə görə aparılmış operativ, yəni planlaşdırılmış və ya təcili cərrahi müdaxilədən sonra səhhətində fəsadlaşmalar yaranmadıqda, sağlamlığının tam bərpası üçün çağırışçı müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı “ç” bəndi üzrə 3 ay müddətinədək hərbi xidmətə müvəqqəti yararsız hesab olunur və bu barədə müvafiq qərar çıxarılır. Göründüyü kimi, bu 43-cü maddənin “Ç” bəndinin təsirinə düşmək üçün müvafiq xəstəlik üzrə cərrahi müdaxilənin olması şərti mövcuddur. Lakin hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək hərbi xidmətə aparılmasının üçüncü şəxsə qadağan edilməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsinə baxılarkən məhkəmə iclasında iştirak etmiş iddiaçı qeyd olunan xəstəliyə görə cərrahiyyə əməliyyatı keçirmədiyini bildirmiş, həmçinin onun iş materiallarında olan tibbi sənədlərində də belə bir məlumat müəyyən edilməmiş, iddiaçı tərəfindən sonradan da məhkəməyə bu halı təsdiq edən heç bir sübut təqdim edilməmişdir. O da qeyd edilməlidir ki, maddənin açıqlamasından görünür ki, bu maddə ilə “Xəstəliklər cədvəli”nin bütün qrafaları üzrə şəhadətləndirilənlərə tibbi göstərişlərə görə cərrahi və ya konservativ müalicə təklif olunur. Göründüyü kimi, tək cərrahi üsul yox, müalicə vasitəsilə də reabilitasiya imkanlarının olması tibbi baxımdan istisna edilmir. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə isə ikincili anemiyanın ifadə olunma dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olaraq, şəhadətləndirilmə “a”, “b” və ya “c” bəndi üzrə keçirilir. Bu mənada iddiaçının tibbikomissiya tərəfindən əyani müayinəsi zamanı müalicəsinin nəticəsi uğurlu hesab edilərək sağlamlıq vəziyyəti kəskinləşmələrin tezliyinə müvafiq olaraq 43-cü maddənin “c” bəndi, yəni “müalicə uğurlu olduqda nadir kəskinləşmələrlə” diaqnozuna uyğun hesab edilmiş, beləliklə də onun “A-3” kateqoriyası, yəni məhdud şərtlər altında hərbi xidmətə yararlılığı nəticəsinə gəlinmişdir. Mübahisənin tibbi sahəyə aid olmaqla böyük ölçüdə xüsusi bilik tələb edən məsələ olduğu nəzərə alınaraq iddiaçının sağlamlıq durumunun hərbi xidmətə yararlı, yaxud yararsız olmasının müəyyən edilməsi üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 müraciət edilmiş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.2006-cı il təvəllüdlü İddiaçı hazırda hərbi xidmətə yararlıdırmı (hərbi xidmətə yararlılığının kateqoriyası göstərilməklə)?

2. İddiaçı əyani müayinəsi zamanı onda babasil xəstəliyinin tez-tez kəskinləşmələrinin olması və ikincili anemiya ilə müəyyən olunur?

3. İddiaçı babasil xəstəliyinin kəskinləşmələrinin tezliyi (tez-tez baş verən, yoxsa nadirən) müəyyən edilsin.

4. İddiaçı babasil xəstəliyinin təkrar qanaxmalarla fəsadlaşması halları ilə əlaqədar stasionar müalicə tələb edən dərəcədə ağırlaşması müşahidə olunurmu?

5. İddiaçının əyani müayinəsi zamanı onda cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları müəyyən olunurmu? Müəyyən olunursa bu onun sağlamlığında hansı formada təzahür edir? İddiaçı babasil xəstəliyinə görə cərrahi müdaxiləyə məruz qalıbmı? Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, K/253-2025 nömrəli ekspert rəyində qoyulmuş suallara aşağıdakı qaydada cavab verilmişdir: -İddiaçı hazırda “K21. Reflyuks xəstəliyi”; “K29.3. Xroniki qastrit, natamam remissiya mərhələsində” və “K60.0. Xroniki daxili babasil” diaqnozlu xəstəliklərdən əziyyət çəkir, bu xəstəliklər hərbi xidmətdən əvvəlki dövrdə yaranmaqla, hərbi xidmətə çağırılarkən onda olmuşdur. Bu xəstəliklərlə İddiaçı hazırda “Xəstəliklər cədvəli”nin - maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “hərbi xidmətə yararlıdır”. -İddiaçı hazırı məhkəmə-tibbi ekspertizasının gedişatında, MN Mərkəzi Hərbi Poliklinikasında şəhadətləndirilməsi zamanı onda “babasil” xəstəliyinin kəskinləşməsi, ikincili anemiya və təkrar qanaxmalarla fəsadlaşması, bu xəstəliklə cərrahi müdaxiləyə məruz qalması aşkar edilməmişdir. Göründüyü kimi iş üzrə təqdim edilmiş mütəxəssis rəyi ilə də iddiaçının hazırda hərbi xidmətə yararlı olması təsdiqlənmiş və onda hərbi dixmətə yararsız hesab edilən ağırlaşmaların “babasil” xəstəliyinin kəskinləşməsi, ikincili anemiya və təkrar qanaxmalarla fəsadlaşması, bu xəstəliklə cərrahi müdaxiləyə məruz qalması aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyində göstərilənləri təkzib edən hər hansı obyektiv dəlillər iddiaçı tərəfindən təqdim edilmədiyindən, sözügedən rəy mötəbər sübut qismində qiymətləndirilməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə növündə olmaqla qeyd olunan iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar