Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12568/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X16, X11, X5, X17, X21, X27, X22) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər xx.xx.1968-ci il təvəllüdlü X6, xx.xx.1986-cı il təvəllüdlü X7, X12, xx.xx.1991-ci il təvəllüdlü X2, xx.xx.1994cü il təvəllüdlü X1, xx.xx.1996-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X18 və onların azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2023cü il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X4 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, döngə 1, ev 32 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında ailəsi ilə birlikdə pasport qeydiyyatındadır. Bu yaşayış sahəsində iddiaçı ilə birlikdə 3-cü şəxslər də ailə üzvüləri ilə birlikdə pasport qeydiyyatındadırlar. Üçüncü şəxslər uzun müddətdirlər ki, bu ünvanda yaşamırlar. Onlar ünvan 3 ünvanında yaşayırlar. Bu faktı X6 adına Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 063258 saylı Qeydiyyat Vəsiqəsi təsdiq edir. Üçüncü şəxslərin bu ünvanda formal olaraq pasport qeydiyyatında qalmaları iddiaçıya bir sıra problemlər yaradır, iddiaçının yaşayış sahəsi üzərində bir sərəncam vermək hüququnu məhdudlaşdırır və iddiaçı əlavə kommunal xidmət haqqları ödəməyə məcbur olur. İddiaçı məhz buna görə həmin şəxslərin pasport qeydiyyatından çıxarılmaları üçün Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin, Nəsimi Polis İdarəsindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə istinad edərək bildirmişdirlər ki, həmin şəxslərin ünvan 5 ünvandan pasport qeydiyyatından çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş pasport qeydiyyatından çıxarılma barədə qərarına əsasən həyata keçirilir. Ona görə də həmin şəxslərin pasport qeydiyyatından çıxarılması haqqında məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də iddiaçı məcbur olaraq həmin şəxslərin pasport qeydiyyatından çıxarılmaları üçün məhkəməyə müraçiət etməyi qərara almışdır və hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir.
3. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, döngə 1, ev 32 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Odur ki, mülkiyyətçisi olduğu ünvanda qeydiyyatda olan şəxs(lər)in qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunmuşdur.
4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X16, X11, X5, X17, X21, X27, X22 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışa əsasən İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü), X16 (xx.xx.1968-ci il təvəllüdlü), X11 (xx.xx.1991-ci il təvəllüdlü), X5 (xx.xx.1994-cü il təvəllüdlü), X19 (xx.xx.1996-cı il təvəllüdlü), X21 (xx.xx.1986-cı il təvəllüdlü), X27 (xx.xx.2007-ci il təvəllüdlü) ünvan 6 ünvanında qeydiyyatdadır.
6. 14 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən Cəfərov X20 qardaşları döngə 1 küçəsindəki 32 saylı evin ümumi sahəsi 112,90 kv.m olan 5 otaqlı mənzilində yaşayır.
7. Bakı şəhər X15 xx.xx.1989-cu il tarixli, 95 nömrəli Sərəncamına əsasən Bakı şəhər X26 İcraiyyə Komitəsinin 11 aprel 1989-cu il tarixli, 3/92 nömrəli “Ermənistan SSR-dən gəlmiş azərbaycanlı vətəndaşların immiqrasiyasını tənzimləmək üçün əlavə tədbirlər haqqında” qərarın icra edilməsi qərara alınmışdır. İddiaçı 19 nəfər ailə tərkibi ilə 4-cü aşırım... ünvanına qeydiyyata alınmışdır.
8. Cavabdeh Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsinə etiraz edilmədiyi qeyd olunmuşdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhər X15 xx.xx.1989-cu il tarixli, 95 nömrəli Sərəncamında qeyd olunan ünvan hazırda “ünvan 8
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
12. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı üçüncü şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, döngə 1, ev 32 ünvanından qeydiyyat çıxarılmasını tələb etmişdir və iddia tələbini əsaslandırmaq üçün Bakı şəhər X15 xx.xx.1989-cu il tarixli, 95 nömrəli Sərəncamını dəlil kimi məhkəməyə təqdim etmişdir.
13. Məhkəmə müəyyən edir ki, Bakı şəhər X15 xx.xx.1989-cu il tarixli, 95 nömrəli Sərəncamı əsasında İddiaçı və 19 nəfər ailə tərkibi müvafiq ünvana qeydiyyata düşmüşdür (Sərəncamda qeyd edilən ünvan aydın oxumadığından hazırda Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, döngə 1, ev 32 kimi adlandırıldığı nəzərə alınaraq). Lakin iddiaçının mübahisələndirilən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Bununla belə iddiaçı, tələbin hüquqi əsası kimi Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarına istinad edir.
14. Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarından:
8. Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Əli Bayramlı, Lənkəran, Naftalan, Şəki şəhər xalq deputatları Sovetlərinə, rayon xalq deputatları Sovetlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, yaşayış evlərini və mənzillərini Ermənistandan Azərbaycana qanuni yolla dəyişdirmək haqqında müvafiq icraiyyə komitələrinin qərarları, vəkalətnamələri və başqa sənədləri olan qalan qaçqın ailələrini 2 ay müddətində mənzillə təmin etsinlər və daimi qeydiyyata alsınlar. Qaçqınların bir hissəsinin öz xüsusi evlərini respublika tabeli şəhərlərdə dövlət mənzilləri ilə dəyişdirdiyini nəzərə alaraq yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, özləşdirmə haqqında müvafiq qanun qəbul edildikdən sonra həmin mənzilləri qaçqın ailələrin mülkiyyətinə versinlər. 1988-ci ildən sonra qaçqınları yerləşdirmək üçün müxtəlif nazirlik, idarə və təşkilatlar tərəfindən kənd rayonlarında tikilmiş evlər daimi yaşamaq üçün bu evlərə köçürülmüş qaçqınların xüsusi mülkiyyəti hesab edilsin və göstərilən ailələrə müvafiq sənədlər vermək yerli icra hakimiyyəti orqanlarına tapşırılsın Respublikadan köçmüş ailələrin dəyişilməmiş və ya satılmamış, boşalmış xüsusi mənzilləri Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilsin.
15. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən fərdi yaşayış evi üzərində qərardan irəli gələrək hüquqların dövlət qeydiyyatını təmin etməmişdir, bununla belə, iddiaçının həmin fərdi yaşayış evi üzərində birgə mülkiyyət hüqunun tanınmasına dair “qanuni gözləntisi” istisna edilməsə də, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən İddiaçı və üçüncü şəxslər X16, X11, X5, X17, X21, X27, X22 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, döngə 1, ev 32 ünvanında qeydiyyatdadır. Odur ki, nəticə etibarilə, iddiaçı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan üçüncü şəxslərlə hazırda eyni hüquqi vəziyyətdədir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
16. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur və iddianın mümkün sayılmaması qarşıya qoyulan məqsədə (bərabərlik hüququnun təmin edilməsinə) uyğundur.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva