Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12569/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MMC) qarşı “məlumatın hüquqi şəxslərin dövlət reyestrindən silinməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək "xxxx" MMC-nin direktoru olması ilə bağlı məlumatın hüquqi şəxslərin dövlət reyestrindən silinməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı "xxxx" MMC-nin direktoru olması ilə bağlı məlumatın hüquqi şəxslərin dövlət reyestrindən silinməsi” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının şirkəti olan "xxxx" şirkəti xx.xx.2021-ci ildə "xxxx" MMC-ni alaraq qeydiyyatdan keçirmiş və "xxxx" MMC-nin təsisçisi olmuşdur. Həmin MMC-ni alarkən səlahiyyətli nümayəndəsi Alkan Özdemir iddiaçının aylıq əmək haqqını ödəmək şərtilə onu direktor vəzifəsində saxlamış və söz vermişdir ki, hər ay onun əmək haqqını ödəyəcək. Həmin vaxtdan bu günə qədər əmək haqqı ödənilməmiş və əlaqə kəsilmişdir. 3 ilə yaxındır ki, bu məsələ həll olunmadan qalmışdır. Bu səbəbdən İddiaçı başqa dövlət işinə düzələ bilmir. Onun himayəsində xəstə ata, ana, həyat yoldaşı və 3 övladı vardır. Direktorluq vəzifəsindən azad olunmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinə məktubla müraciət etmiş və imtina cavabı almışdır. Bu səbəbdən məhkəməyə müraciət etmiş, ailə vəziyyətini nəzərə alaraq başqa işlə təmin olunması üçün müvafiq qərar verib direktor vəzifəsindən azad olunmasına köməklik göstərilməsini xahiş etmişdir.
5. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2013-cü il tarixli ümumi yığıncağın qərarı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) direktor təyin edilmişdir. Həmin qərar hüquqi şəxslərin dövlət reyestrini aparan quruma qanunla müəyyən edilmiş vaxtda və qaydada təqdim edildiyi üçün dəyişiklik dövlət reyestrinə daxil edilmiş və xx.xx.2013- cü il tarixdən İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisidir. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Qanunun 5.2-ci maddəsinə əsasən ərizə qanuni təmsilçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci və 49.2-ci maddələrinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Mülki Məcəllənin 91.3.2-ci maddəsinə və Cəmiyyətin Nizamnamənin 4.3-cü bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Hazırkı iddia predmetindən göründüyü kimi iddiaçı cavabdehin üzərinə onun səlahiyyətlərinə aid olmayan vəzifənin qoyulması tələbi ilə İnzibati məhkəməyə müraciət etmişdir. Belə ki, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün "xxxx" MMC-nin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi, yəni iddiaçının adının qanuni təmsilçi kimi dövlət reyestrindən çıxarılması mümkünsüzdür. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin baxış icraatı üzrə iclasında dinləmələr (şifahi məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
8. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
10. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən, dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir. 15.3-cü maddəsinə əsasən, təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir. 15.4-cü maddəsinə əsasən, dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11. Qeyd edilən səlahiyyətlərin icrası Bakı şəhəri üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təmin edilir.
12. İddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ““Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (Bundan sonra - Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyətin ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. Beləliklə, qanunvericiliyin və nizamnamənin tələblərindən göründüyü kimi Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və iddiaçının adının "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.”
14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə əsasən, "xxxx" MMC xx.xx.2015-ci il tarixdə 386220 dövlət qeyiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 113, mənzil 48-dir.
15. Kommersiya hüquqi şəxslərin reyestr məlumatlarına əsasən, "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi "xxxx" (Türkiyə Respublikası) şirkəti, qanuni təmsilçisi İddiaçıdur.
İV. Məhkəmənin mövqeyi
16. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrin haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-1.1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9-1.2. Müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. 9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. 9-1.4. Təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. 9-1.5. Müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir. 9-1.6. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) təsdiq olunaraq kağız daşıyıcılarında da verilir. 9-1.7. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı aparılmış notariat hərəkətləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlayn rejimdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 9-1.8. Təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin (təsisçi dəyişikliyi istisna olmaqla) dövlət qeydiyyatı bu maddəyə uyğun olaraq həyata keçirilir.
17. Beləliklə, normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, qanuni təmsilçi barədə məlumat qeydə alınmış faktların sonrakı dəyişikliyi ilə bağlı məlumat olduğundan təsisçilərin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Lakin iddiaçının vəziyyətində məhkəmə həmin dəyişikliyin təqdim edilməsi imkanının və bununla bağlı mümkün hüquqi müdafiə vasitəsinin mövcudluğu və qəbul edilən qərarın icrası mexanizmini nəzərə almalıdır. Belə ki, cavabdeh qurum qanunun tələbinə uyğun dəyişikliklə bağlı təsisçilərin ümumi yığıncağının qərarının təqdim edilməli olduğu qənaətindədir. Lakin məhkəmə həm də vətəndaşın vəziyyətinə uyğun olaraq həmin qərarın əldə edilməsi və ya təqdim edilməsi imkanının mövcud olub-olmamasını araşdırmalıdır.
18. Belə ki, məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
19. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
20. Qeyd edilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçının "xxxx" MMC-yə və ya onun təsisçisinə qarşı mülki qaydada qaldırdığı iddianın icrası mexanizmi aydın deyil. Cavabdeh həmin məsələyə hər hansı münasibət bildirmir. Eyni zamanda məhkəmə qeyd edir ki, qurumun rəhbəri olması barədə məlumatın silinməsi, yəni qeydə alınmış faktların sonrakı dəyişikliyin aparılması üçün həmin dəyişikliyi təsdiq edən sənədləri təsisçidən tələb edib təqdim edilməsi və ya müraciətin yeni qanuni təmsilçi tərəfindən ünvanlanması tələbi onun üzərinə qoyulmuş həddən artıq yükdür və bu cür öhdəliyin onun üzərinə qoyulması qanunda nəzərdə tutulmamışdır.
21. Məhkəmə həm də nəzərə alır ki, iddiaçı ilə MMC arasında bağlanmış əmək müqaviləsi yoxdur. Odur ki, əmək müqaviləsinin ləğvinə (və ya ləğv edilmiş hesab edilməsi) dair iddia tələbi də məqsədinə çatmaq üçün səmərəsizdir.
22. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda qeyd edir ki, iddiaçının seçdiyi hüquqi müdafiə vasitəsi (yəni hazırda qaldırılan iddia) qarşıya qoyduğu məqsədə uyğundur. Qanuni təmsilçinin dəyişdirilməsi tələbi ilə MMC-yə (və ya təsisçilərinə qarşı) qarşı qaldırmış olacağı iddia səmərəli hüquq müdafiəsi vasitəsi hesab edilə bilməz. Belə ki, qanunun mənasına görə təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişiklik ərizə, yəni könüllü iradə ifadəsi əsasında həyata keçirilir. Könüllü iradə ifadəsinin məcburi icra mexanizmləri vasitələri ilə təmini qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla onun məqsədi kimi qiymətləndirilə bilməz. X1 Məhkəməsi dəfələrlə öz qərarlarında göstərmişdir ki, Konvensiya hüquqları nəzəri və ya xəyali deyil, praktiki və səmərəli təmin etməyə yönəlib (digərləri ilə yanaşı bax Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005-ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarlar).
23. Məhkəmə hesab edir ki, iddiaçının "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydiyyatının onun iradəsinə zidd olaraq qalmasının davam etməsi onun əmək hüquqlarının pozulmasıdır. Odur ki, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra üçüncü şəxs olan MMC-nin qanuni təmsilçisinin dəyişdirilməsi və ya qanuni təmsilçi olaraq onun təsisçisinin qeyd edilməsinin onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmadığı qənaətindədir.
24. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-nin direktoru olması ilə bağlı məlumatın hüquqi şəxslərin dövlət reyestrindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva