Məhkəmə qərarları › İş №2-1(112)-1257/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1257/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1257/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımının verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona və dörd azyaşlı övladı xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X4 beş nəfər üçün qanunla nəzərdə tutulmuş miqdarda yaşayış minimumuna uyğun olaraq ünvanlı dövlət sosial yardımının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla nəzərdə tutulmuş qaydada elektron yolla ünvanlı dövlət sosial yardımənın alınması üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına müraciət etmiş, lakin imtina cavabı almışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra-ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********461 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şəraitin yaradılmaması əsası ilə imtina verilmişdir. Maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən təmsilçinin yaşadığı ev tanışlarına məxsusdur və müvəqqəti həmin ünvanda yaşayırlar. Ünvana gəlmiş əməkdaşlar müayinə zamanı həyətdə 3 evin olduğunu aşkar etsələr də, digər evlərin qapıları bağlı olduğundan baxış keçirmək mümkün olmamışdır. Beləliklə, digər evlərə baxış keçirilməsinə şərait yaradılmamış, maddi-məişət şəraitinin müayinəsinin tam olaraq həyata keçirilib başa çatdırılmasına şərait yaradılmadığından daxil olan müraciətə imtina cavabı verilmişdir. Bildirilmişdir ki, qanunvericiliyin birbaşa tələbləri daxilində mənzildə yoxlamanı həyata keçirən əməkdaşlar yoxlamanı tam olaraq həyata keçirməlidirlər. İstənilən halda yoxlamanın tam olaraq həyata keçirilməsinə şərait yaradılmaması və ya maneçilik törədilməsi imtina əsasıdır. Qeyd edilənlərlə bağlı həmçinin bildirilir ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə, təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarından göründüyü kimi maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamış, nəticədə verilən imtina qanunauyğun olmuşdur. Bu səbəbdən iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı verdiyi izahatlarında ərizə bəyannaməsində göstərdiyi ünvanda bir həyətin daxilində üç ədəd tikilinin olduğunu, həmin evlərdən birində özünün uşaqları ilə birlikdə yaşadığını, digər evlərdə tanımadığı ayrı şəxslərin yaşadığını bildirmiş, yaşadığı evə, həmçinin həyətdəki digər iki evdən birinə cavabdehin nümayəndəsinin baxış keçirdiyini bildirmiş, maddi-məişət şəratinin yoxlanılmasına hər hansı etirazının və maneə törətmək fikrinin olmadığını qeyd edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı təqdim edilmiş etiraza uyğun məzmunda izahat verərək tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının ünvanlı dövlət sosial yardımın təyin olunması barədə sonuncu müraciətinə imtina verilməsi barədə qərarda “Ailənin gəlirləri barədə məlumatların göstərilməməsi” texniki səhv olaraq qeyd edilmişdir. İmtina üçün yeganə səbəb iddiaçının maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmaması olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Ünvanlı sosial yardımın alınması üçün müraciətin qəbul edilməsinə dair bildirişdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti X7 və X12 tərəfindən **********46101 nömrə ilə qeydiyyata alınmışdır. -Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair İddiaçı ünvanlanmış bildirişdən görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli, **********46101 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “Maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadı” səbəbinə görə imtina edilmişdir. -İddiaçı ünvanlı sosial yardımla bağlı müraciətin edilməsinə dair **********461 nömrəli ərizə-bəyannamədən görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 007, mənzil 0248-i faktiki yaşayış ünvanı kimi qeyd etmişdir. -**********461 nömrəli ərizə üzrə Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, təmsilçi İddiaçı və digər ailə üzvlərinin yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına baxış keçirilmiş, mənzilin ailənin tanışına məxsus olduğu, iddiaçı və ailə üzvlərinin orada müvəqqəti yaşadıqları, təmsilçinin ilk nikahının xx.xx.2018-ci ildə tarixində pozulduğu, aliment təyin olunmadığı, ikinci nikahının qeyrirəsmi olduğu və 2020-ci ildə ayrıldıqları bildirilmiş, həyətdə ümumilikdə 3 evin olduğu, digər evlərinin qapısının bağlı olduğu müəyyən edilərək baxış keçirilməsi mümkün olmamışdır. -İddiaçının xx.xx.2024-cü il tarixli, **********2065-1 nömrəli müraciətinə uğyun olaraq: xx.xx.2024-cü il tarixdə keçirilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatdan görünür ki, təmsilçi və digər ailə üzvlərinin yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına baxış keçirilmiş, iddiaçı tərəfindən mənzilin keçmiş həyat yoldaşının tanışına məxsus olduğu, 1 ildir ödəniş etmədən yaşadıqları, ailə gəlirinin olaraq son 1 il 7 aydır ortalam 225 AZN maddi yardımdan və son 1 ildə alınan ÜDSY-dan ibarət olduğu bildirilmiş, həyətdə ümumi 3 evin olduğu, sayğacların və mətbəxlərin ayrı olduğu göstərilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda ünvanda heç kəsin olmadığı, “Ərizə-bəyannamə”də qeyd edilmiş nömrə vasitəsilə əlaqə saxlanıldığı, iddiaçının anasıgilə qonaq getdiyi, yaxın müddət ərzində gələ bilməyəcəyinin bildirildiyi, bu səbəbdən də müayinənin aparılmasının mümkün olmadığı göstərilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda ünvana yenidən baxış keçirildiyi, “Ərizə-bəyannamə”də qeyd edilmiş nömrə vasitəsilə əlaqə saxlanıldığı, iddiaçının anasıgildə olduğu, yaxın müddət ərzində gələ bilməyəcəyinin bildirildiyi, bu səbəbdən də müayinənin aparılmasının mümkün olmadığı göstərilmişdir. -“Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli, **********2065-1 nömrəli müraciətinə cavab olaraq bildirilmişdir ki, “Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında olan “Ərizə-bəyannamə”dən (VEMTAS) görünür ki, iddiaçı və ailə üzvlərinin faktiki yaşayış ünvanı Bakı şəhəri, ünvan 1 kimi göstərilmişdir. -Cavabdeh tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, məhkəmə tərəfindən İddiaçı ÜDSY işinin hərtərəfli, tam və obyektiv araşdırılmasında yaranmış zərurətlə əlaqədar olaraq iddiaçının yaşadığı ünvan 3 ünvanında müayinənin keçirilməsi 18 noyabr 2024-cü il tarixə, saat 15:00-a təyin olunmuşdur. Bakı şəhər sakini İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində saat 15:00-da əməkdaşlar tərəfindən ünvana baxış keçirilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli **********2065-1 nömrəli müraciətinə əsasən vətəndaş ilə telefon əlaqəsi saxlanılmış, İddiaçı ünvanda olmadığını, yaxın müddət ərzində ünvana yaxınlaşa bilməyəcəyini bildirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən VEMTAS tərəfindən imtina edilmişdir. Bu barədə təmsilçinin “Ərizəbəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumatın göndərilməsi təmin olunmuşdur. Beləliklə, işin hallarından görünən odur ki, iddiaçı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş edir. Bununla bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə etdiyi müraciətləri təmin edilməmişdir. Hər iki halda cavabdehin imtinasının səbəbi iddiaçının yaşadığı evdə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması olmuşdur. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: -3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. -6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 №-li Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ndan: -1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: -1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; -1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; -1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; -1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; -1.2.5. ailə üzvünün vəfat etməsi; -1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; -1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; -1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. -2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. -2.6. Elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (3 nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. -3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. -3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X2 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. -3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. -3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. -3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. -3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. -3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə. Göründüyü kimi qanunvericilik ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsinin şərtlərini və qaydasını konkret müəyyən etmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə hesab edir ki, istinad olunan normalardan da göründüyü kimi ünvanlı dövlət sosial yardımın alınması üçün edilmiş hər bir müraciət ilkin mərhələdə “ərizə-bəyannamə” üzrə VEMTAS-da araşdırıldıqdan sonra, ikinci mərhələdə ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir ki, bu da ərizədəki məlumatlardakı uyğunluğunun müəyyən edilməsi məqsədi daşıyır. İddiaçı da Qaydalara uyğun olaraq təmsilçi kimi “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə etməklə, “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq VEMTAS altsisteminə göndərmiş, həmin ərizədə faktiki yaşayış ünvanı kimi ünvan 3 –ni qeyd etmişdir. Cavabdeh orqanın əməkdaşı - sosial yardım üzrə işçisi tərəfindən istinad olunan Qaydaların 3.4-cü bəndinə uyğun olaraq sözügedən ünvana video və foto çəkilişi əsasında baxış keçirilmiş, həyətdə ümumilikdə 3 evin olması müəyyən edilmişdir. İddiaçı tərəfindən də bu hal təkzib edilmir, həmçinin digər 2 evin ona məxsus olmaması da bildirilir. Habelə, “ərizə-bəyannamə”də göstərilən digər məlumatların uyğunsuzluğu, iddiaçının mülkiyyətində daşınmaz əmlakın olması kimi hallar aşkar edilməmiş, cavabdeh tərəfindən əksini sübut edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçının yaşadığı evdə maddi-məişət şəraitinin yoxılanılmasını həyata keçirən aidiyyəti qurumun nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən müvafiq yoxlamaya maneə törədilməsi və sair halların müşahidə edilmədiyini, həyətdə yerləşən üç evdən ikisinə baxış keçirdiklərini, yalnız bir evin qapısı bağlı olduğundan həmin evə baxa bilmədiklərini qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud situasiya Qaydaların 3.7.1-ci bəndinə nəzərdə tutulan “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluğun aşkar edilməsi kimi qiymətləndirilməməlidir. Həmçinin bu hal 3.7.7-ci bəndin də təsir dairəsinə düşə bilməz, çünki həmin normada ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olması təsbit edilir, faktiki vəziyyətdə isə hər üç ev eyni ünvan altında yerləşir. Məhkəmə həmçinin hesab edir ki, “maddi-məişət şəraitinin yoxlanılmasına şəraitin yaradılmaması” mahiyyət etibarı ilə şəxsin iradəndən irəli gələn, yəni arzuladığı məqsədə nail olmaq üçün cavabdeh tərəfindən zəruri qanunamüvafiq tədbirlərin keçirilməsinə hər hansı formada mane olmaqda, yaxud lazımi təşəbbüskarlıq göstərməməkdə ifadə olunan davranışları ehtiva etdiyi nəzərə alınarsa, işin məhkəmə araşdırması zamanı belə bir hal iddiaçının hərəkətlərində müəyyən edilməmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə iclasları zamanı iddiaçı ünvana baxış keçirilməsində maneçilik törətmək marağında olmadığını nümayiş etdirmiş, maddi-məişət şəraitinin yoxlanılmasına heç bir narahatlıq bildirməmiş, ünvana baxış zamanı baxış keçirilməyən 3-cü evin qapısının bağlı olmasını həmin evin başqa şəxsin istifadəsində olmasına görə ondan asılı olmayan səbəblərdən çətinlik yarandığını qeyd etmişdir. Belə olan halda məhkəmə, faktiki vəziyyətin “maddiməişət şəraitinin yoxlanılmasına şəraitin yaradılmaması” kimi qiymətləndirilməsini cavabdeh orqanın güddüyü qanuni məqsədə çatması üçün zəruri və yararlı hesab etmir, nəticədə bu halın müəyyən edilməsi ilə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsini onun hüquqlarının pozulmasına səbəb olan hal kimi dəyərləndirir. Oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Alii Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki,”38. Kollegiya cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə isə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər.” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin belə qənaə gəlir ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya müraciətinin qeydə alındığı xx.xx.2024-cü il tarixdən dörd nəfdər ailə üzvü ilə birlikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müraciətinin qeydə alındığı xx.xx.2024-cü il tarixdən dörd nəfdər ailə üzvü ilə birlikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar