Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12575/2024 04.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "asfalt örtüyünün çəkilməsi, kanalizasiya ilə təmin olunma, təmizlik işlərinin aparılması" tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək küçənin asfalt örtüyü, işıqlandırma, kanalizasiya ilə təmin edilməsi və müntəzəm olaraq təmizlik işlərinin aparılması üçün lazım olan bütün hərəkətlərin edilməsi vəzifəsinin Bakı şəhəri Xəzər rayon İcra Hakmiyyətinin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları Mərdəkan qəsəbəsinin Dərya Dadaşov küçəsi 1990-cı ildə salınmışdır. O vaxtdan bu günə qədər küçələri asfalt örtüyü, işıqlandırma və kanalizasiya ilə təmin edilməmişdir, eyni zamanda küçədə təmizlik işləri aparılmır. Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 12 iyun 1990-cı il tarixli qərarının 2.3-cü bəndində şərt qoyulur ki, tikinti 3 il ərzində qurtarmalıdır. Bu o deməkdir ki, həmin müddətdə küçələri də abadlaşmalı idi. Küçə sakinləri bu işlərin görülməsi üçün 2018-ci ildə İH başçısının müavininə şifahi, xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixlərdə Cavabdehnə yazılı müraciət etmişlər. İcra Hakimiyyəti isə bu işlərin yerinə yetirilməsi üçün faktiki olaraq heç bir hərəkət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edəərk tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 3 (yeni qaydalarla: AZ 1076 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dərya Dadaşov küçəsi, 65) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında, xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 1-78/24 nömrəli məktubunda qeyd olunur ki, Ərizədə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi müvafiq olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq ümumilikdə rayon ərazisində istismara yararsız yolların təmiri və yenidənqurulması tədbirlərinin X1 nəzərdə tutulan prioritet layihələrin siyahısına əlavə olunması üçün tərəfimizdən aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciət ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-ci il tarixli 5-12/2-1-39-109/2024 nömrəli məktubunda qeyd olunur ki, Ərizədə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, həmçinin yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi müvafiq olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq Cavabdeh tərəfindən Mərdəkan qəsəbəsi ərazisində istismara yolların təmiri işlərinin X1 nəzərdə tutulan prioritet layihələrin siyahısına əlavə olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciət ünvanlanmışdır. Həmçinin bildiririk ki, sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarının, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmət göstərilməsi "xxxx" ASC tərəfindən həyata keçirilir. Bununla əlaqədar Cavabdeh tərəfindən 20 may 2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət ünvanlanmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırkı iş üzrə iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin xüsusi mülkiyyətçisi olmaqla evinin yerləşdiyi küçənin asfalt örtüyü, işıqlandırma, kanalizasiya ilə təmin edilməsinin Cavabdeh üzərinə qoyulmasını mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə iddiaçının tələbi yerli icra hakimiyyətinin üzərinə yaşadığı küçənin asfalt örtüyü, işıqlandırma, kanalizasiya ilə təmin edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin qoyulmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti orqanı aşağıdakıları həyata keçirir: -3.9.4. küçələrin işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işinin təşkilinə nəzarəti həyata keçirir; 4.5.10. elektrik, içməli su, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək; 4.5.11. vətəndaşların öz hesabına və müqavilələr əsasında yaşayış məntəqələrinin elektrikləşdirilməsi, qaz və su ilə təchizatı məsələlərini həll etmək, suyun keyfiyyətinə nəzarəti həyata keçirmək, müvafiq ərazidə müəssisə və təşkilatların inşa etdikləri elektrik, su kəməri, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının tikintisinə dair rəy vermək, əhalinin yanacaqla təmin olunması üçün tədbirlər görmək; 4.5.12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhərin, rayonun su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı üzrə regional sxemləri hazırlamaq və təsdiq etmək, su təchizatı və kanalizasiya müəssisəsinə müəssisənin xidməti zonasının hüdudlarından kənarda fəaliyyətini həyata keçirməsinə səlahiyyət vermək, müəyyən miqdarda yerüstü və yeraltı suyun qəbuluna, tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına, su bəndlərinin, su anbarlarının və digər hidrotexniki qurğuların tikintisinə icazə vermək, su təchizatı və kanalizasiya obyektlərinin layihələndirilməsinə və tikintisinə razılıq vermək. -4.9.1. müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan avtomobil yollarının təmiri və saxlanılması işlərini təşkil etmək, istismara qəbulu barədə aktları təsdiq etmək, ərazidə olan digər avtomobil yollarının təmiri və saxlanılması barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq və işlərin görülməsinə nəzarəti həyata keçirmək; -4.9.7. küçələrin işıqlandırılması sisteminin əsaslı təmiri üzrə ünvanlı proqramlar təsdiq etmək və onların icrasını təşkil etmək(...). Göründüyü kimi cavabdeh yerli icra hakimiyyəti orqanının küçələrin işıqlandırılması, yolların təmiri sahəsində, su təchizatı və kanalizasiya obyektlərinin tikintisi üzrə aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq və işlərin görülməsinə nəzarət kimi səlahiyyətləri həyata keçirir. Qeyd edilən vəzifələrin yerli icra hakimiyyətinin bilavasitə icra etməsi qanunla müəyyən olunmamışdır. Hazıkı iş üzrə iddiaçının tələbləri üzrə Cavabdeh Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasını təmin edərək müvafiq qurumlara rəsmi müraciət ünvanlamışdır. Belə olan halda cavabdeh yerli icra hakimiyyətinin üzərinə səlahiyyətinə aid olmayan qərarın qəbul edilməsi vəzifəsinin qoyulması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-12575/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12575/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver