Məhkəmə qərarları › İş №2-1(112)-12581/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12581/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12581/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə “ölüm haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək 21 yanvar 1994-cü ildə Şuşa rayonu Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 1 “b” saylı ölüm haqqında akt qeydinin ölümün səbəbi qrafasında “Şuşa rayonu ermənilər tərəfindən işğal olunanda Xələfli kəndindən çıxarkən vəfat etmişdir” qeydini “Şuşa rayonu işğal olunarkən aldığı güllə yarasından Xələfli kəndindən çıxarkən vəfat etmişdir” sözləri ilə əvəz dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olunmasını mübahisələndirir və ölüm haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi anası X2 vəfatı ilə əlaqədar tərtib edilmiş ölüm haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, ölüm haqqında akt qeydində düzəliş üçün əsasların olub-olmadığını müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: . 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 161.1.Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verənşəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 195.2. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 8.6. Ölüm ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; - nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; - atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; - atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; - vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; - övladlığa götürmə ləğv edildikdə; - atalığın müəyyən edilməsi ləğv olunduqda; - vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; - cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; - vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; - vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; [8] - qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - övladlığa götürmə barədə məhkəmənin qərarı; - nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; - adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; - yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; - övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; - atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; - atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; - cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; - vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Cinsin dəyişməsi ilə əlaqədar olaraq ada, soyada və ata adına dəyişiklik edildikdə, ərizə, həmçinin cinsin dəyişməsi haqqında rəy vermiş tibb müəssisəsinin olduğu yerdə verilə bilər. [13] Ölənlər barəsində vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir.

8. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq akt qeydi digər qeydiyyat şöbələrində və ya konsulluq idarələrində olduqda həmin qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

10. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki ölüm ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Nəzərə alınmalıdır ki, qanunvericilik vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklərin edilməsinin əsaslarını fərqləndirmiş, lakin konkret olaraq müəyyən şərtlər əsasında təsbit etmişdir. Qeyd olunmalıdır ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verənşəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda bəhs edilənləri hazırki işin faktiki hallarına tətbiq etdikdə Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçı anası X2 ölüm haqqında akt qeydində ölüm səbəbi qrafasında dəyişiklik edilməsini arzulasa da, akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslı və mötəbərli dəlillər müəyyən olunmamışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş ölüm haqqında akt qeydindən və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ölüm səbəbi kimi “Şuşa rayonu ermənilər tərəfindən işğal olunanda Xələfli kəndindən çıxarkən vəfat etmişdir” olduğu göstərilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı Şuşa rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli arayışına istinad edərək hesab edir ki, onun anasının ölüm haqqında akt qeydində ölüm səbəbi kimi qeyd olunan yuxarıda göstərilən ifadə dəyişdirilməlidir. Sözügedən arayışa nəzər yetirsək görünür ki, əl yazması ilə olan arayışın ksero surətində qeyd olunmuşdur ki, X1 ermənilən tərəfindən işğalı zamanı şəhid olmuşdur. Eyni zamanda məhkəmə icraatı zamanı Şuşa rayon İcra Hakimiyyəti sorğuya cavab məktubunda da arayışda göstərilənləri təsdiq edərək X2 1992-ci il may ayının 8-də Şuşa rayonu Xəlfəli kəndində ermənilər tərəfindən qətlə yetirildiyini vurğulamışdır. Məhkəmə qeyd edir ki, baxmayaraq ki həm arayışda, həm də sorğuya cavab məktubunda yerli icra hakimiyyəti X2 Şuşa rayonu Xəlfəli kəndində ermənilər tərəfindən qətlə yetirildiyini təsdiq etsə də, bu hal ölüm haqqında akt qeydində ölüm səbəbinin iddiaçının arzuladığı formada dəyişdirilməsi üçün kifayət etmir. Çünki iddiaçı ölüm səbəbinin aldığı güllə yarasının olması ilə əsaslandırdığı halda, bu halı təsdiq edən dəlil təqdim edə bilmir. Arayışda şəxsin ermənilər tərəfindən qətlə yetirildiyi anlayışı, həmin şəxsin ölümünün bilavasitə güllə yarası nəticəsində olmasını şərtləndirmir. Çünki, qətlə yetirilmə dedikdə şəxsin təkcə güllə yarasından ölməsi deyil, ümumiyyətlə bir çox hallarda, misal olaraq minaya düşməsi nəticəsində ölüm də başa düşülür. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının anasının ölüm səbəbinin bilavasitə güllə yarasından olması təsdiq olunmadığından, vətəndaşlıq vəziyyəti haqqında akt qeydində ölüm səbəbinin güllə yarası ilə əlaqədar olması barədə dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar olmamışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə o zaman haqlı olardı ki, əgər onu anasının həmin əsas ilə ölümünü təsdiq edən “faktın tanınması” barədə məhkəmə qətnaməsi olsun. Bununla bağlı Məhkəmə aşağıdakiları vurğulamağı zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Əvvəla, mülki prosessual qanunverciliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qayadasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktlar- hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Lakin bir sıra hüquqi faktlara münasibətdə, belə qeydə alınma qaydası qanunda nəzərdə tutulmayıb. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə- həmin faktın qeydiyyatının mövcud olmaması; faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü; hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi; həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə- həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmamasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçının anasının ermənilər tərəfindən qətlə yetirildiyi təsdiq edən yalnız arayış olduğundan və bu arayışda onun ölümünün bilavasitə güllə yarasından olub-olmamasının müəyyən edilməsi mümkün olmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılan zaman inzibati icraat qaydalarına riayət olunmaması, ümumiyyətlə müraciət üzrə araşdırmanın düzgün aparılmaması müşahidə olunmur. Çünki, Cavabdeh öz səlahiyyətləri çərçivəsində müraciətə baxmış, dəlilləri müqayisəli şəkildə təhlil etmiş və nəticə etibarı ilə müraciətin təmin edilməsi üçün əsaslar olmadığı qənaətinə gəlmişdir. Məhkəmə diqqətə çatdırır ki, əgər iddiaçının anasının ölümü məhz güllə yarası nəticəsində olması məhkəmə qətnaməsi ilə təsdiq olunsaydı və məhz bu halda cavabdeh yenidən müraciətdən imtina etsə idi, bu zaman iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olardı. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, ölüm haqqında akt qeydində dəyişkliyin edilməsi üçün nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 4-cü bəndində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar