Məhkəmə qərarları › İş №2-1(112)-12588/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12588/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12588/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (X12) cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı “akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (X12) cavabdeh Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin etibarsızlığı faktının təsdiq edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “Şahbuz rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 avqust 2016-cı il tarixli №126 akt qeydinin və buna uyğun verilmiş şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İqar qızı (X12) xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyası Leninqrad vilayəti Viborq şəhərində doğulmuşdur. X1 (X6) isə 03 aprel 2016-cı il tarixdə Rusiya Federasiyası Leninqrad vilyəti Viborq şəhərində doğulmuşdur. Lakin Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən verilmiş sənədlərdə anket məlumatları səhv göstərilmişdir. İddiaçının qızının adı yanlış olaraq Əminə kimi, doğum yeri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu kimi, soyadı Aqarkova kimi, doğum tarixi isə xx.xx.2016-cı il kimi göstərilmişdir. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsində isə onun soyadı Aqarkova kimi, eləcə də qızına dair tərtib edilmiş AZ-İİİ 535479 saylı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə də məlumatlar yanlış göstərilmişdir. Yəni göründüyü kimi, Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən verilmiş sənədlərdəki məlumatlar Rusiya Federasiyası tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrdə göstərilmiş məlumatlardan fərqlidir. Bu hal isə iddiaçının və onun övladının normal yaşamasında mütəmadi çətinlik törədir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı əlavə olaraq bildirir ki, qüvvədə olan qanunvericiliyin tələblərində bir qeydiyyat şöbəsi tərəfindən verilən akt qeydinin digər qeydiyyat şöbəsi tərəfindən ləğv edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarda vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən fərqli olaraq akt qeydlərinin ləğv hissəsində şəxsin öz seçimi əsasında qeydiyyat şöbələrinə müraciət etməsi nəzərdə tutulmasa da, müvafiq olaraq aidiyyəti üzrə daimi yaşadığı yerində qeydiyyat şöbəsinə müraciət etmək hüququna malikdir. İddiaçı yaşayış yeri üzrə Xəzər rayonu ərazisində qeydiyyatda olduğundan, o, qanunvericiliyin tələbləri ilə ona verilən imkandan istifadə edərək doğum haqqında akt qeydinin ləğvi ilə bağlı Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, sonuncu onun müraciətinə baxmış və özünü səlahiyyətli hesab edərək müraciətin təminindən imtina etmişdir. Məhkəmədə hazırda cavabdehin verdiyi imtinanın əsaslı olubolmamasını araşdırır. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, yuxarıda adıçəkilən Əsas Müddəaların 29.cu maddəsində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq akt qeydinin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Göründüyü kimi akt qeydinin ləğvi məsələsinə baxıldıqdan sonra əgər akt qeydi ləğv olunarsa ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbəsi və konsulluq idarəsi həmin sənədləri 3 gün müddətində müvafiq akt qeydinin olduğu yerdəki qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərir. Göstərilən bu hal bir qeydiyyat şöbəsi tərəfindən verilən akt qeydinin digər qeydiyyat şöbəsi tərəfindən ləğv edilməsinin mümkünlüyünün göstəricisidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1991-ci il təvəllüdlüdür. Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X10 arasında 07 iyul 2014-cü il tarixdə nikah bağlanmışdır. AZ İİİ № 535479 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 03 aprel 2016-cı il tarixdə Naxçıvan MR Şərur rayonunda doğulmuşdur. Onun atası X8, anası isə İddiaçıdır. AZE 11089234 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 03 aprel 2016-cı il təvəllüdlü Əminə Aqarkova Azərbaycan, Naxçıvan MR, Şərur rayonunda doğulmuşdur. Rusiya Federasiyası tərəfindən verilmiş 41 №-li, 12 aprel 2016-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X5 03 aprel 2016-cı il tarixdə Rusiya Federasiyasının, Leninqrad vilayəti, Vıborq şəhərində doğulmuşdur. Bu barədə 2016-cı il aprel ayının 12-ci günündə 451 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. İmtina məktubundan görünür ki, Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2016- cı il tarixli 126 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı müraciətə baxılmış və cavab olaraq bildirilmişdir ki: -“Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Qeyd olunur ki, iddiaçının uşağının Rusiya Federasiyası, Leninqrad vilayəti, Viborq administrasiyasının BTWAQ idarəsi tərəfindən qeydə alınmış xx.xx.2016-cı il tarixli 451 saylı doğum haqqında akt qeydində uşağın soyadı “Ələkbərova”, adı “Amira” yazılmışdır. Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2016-cı il tarixli 126 saylı doğum haqqında akt qeydində isə uşağın soyadı “Aqarkova”, adı isə “Əminə” yazılmışdır. Həmçinin şəxsiyyətininı təsdiq edən sənədində də soyadı “Aqarkova”, adı “Əminə” qeyd edilmişdir. Yuxarıda qeyd olunan aktlar arasında ziddiyyət olduğundan akt qeydinin ləğvinin şöbə tərəfindən edilməsi mümkün deyildir. Müvafiq ləğvin edilməsi üçün kifayət qədər əsas olmadığından və təqdim olunan sənədlərdə ziddiyyət olduğundan, akt qeydinin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.” Şahbuz rayon Qeydiyyat Şöbəsində saxlanılan 01 avqust 2016-cı il tarixli doğum haqqında akt qeydindən görünür ki, X11 (valideynləri: X8 və İddiaçı) 03 aprel 2016-cı il tarixə Şahbuz rayonunda anadan olmuşdur. Uşağın doğumunu təsdiq edən sənəd kimi Şahbuz MRX **********54 nömrəli, “05.07.201*” arayışı göstərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X11 xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatda olmaqla AZE-11089234 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Rusiya Federasiyası tərəfindən verilmiş 71 ******* nömrəli pasportun surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X12 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının hüdudları ərazisinə gəlmiş və xx.xx.2016-cı il tarixdə tərk etmişdir. Şəxsin növbəti uçuşu Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən (X18) olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Qaydaların: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların:

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

25. Bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər.

26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) tələb edə bilər.

28. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən onun qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində müvafiq qeyd aparılır, akt qeydinin digər nüsxəsinin də üzərində müvafiq qeydin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.

29. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq akt qeydinin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Qüvvədə olan qanunvericiliyin tələblərindən göründüyü kimi qanunvericilik vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa və dəyişdirilməsi ilə yanaşı, həmçinin həmin akt qeydlərinin ləğvini nəzərdə tutur. Akt qeydlərin ləğv edilməsinin əsasları və həmin müraciətlərə baxılma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” ilə təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd onun övladının adına tərtib olunmuş doğum haqqında akt qeydinin və onun əsasında verilmiş şəhadətnamənin ləğvidir. Məhkəmə iddiaçının tələbinə qiymət verməzdən əvvəl bildirir ki, uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, doğum tarixi, habelə onun valideynləri haqqında məlumatın doldurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Hazırki işin müəyyən olunan hallardan görünür ki, Rusiya Federasiyası Vıborq rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İ-BO № 876265, 12 aprel 2016-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X7 03 aprel 2016-ci il tarixdə Rusiya, Leninqrad vilayəti, Vıborq şəhərində doğulmuşdur. Ana qrafasında X4 adı qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, qeydiyyat orqanı tərəfindən azyaşlı X3 adına xx.xx.2016-ci il tarixdə doğum haqqında qeyd aparılarkən sonuncuya artıq Rusiya Federasiyasında doğum şəhadətnaməsi verildiyi nəzərə alınmamışdır. İddiaçının qızı Amira Ələkbərovanın adına doğum qeydi Rusiya Federasiyasında aparılmaqla bu barədə müvafiq doğum şəhadətnaməsi verildiyi halda inzibati orqanın yenidən doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Məhkəmə qeyd edir ki, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nn yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 21 iyun 1992-ci il tarixli 277 №li Qərarı ilə qoşulmuşdur). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində də göstərilir ki, hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir. Nəzərə alınmalıdır ki, həmin Qanunun preambulasına görə bu Qanun, Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. İddiaçının uşağı Rusiya Federasiyasında doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda yenidən (təkrar) qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır. Bu vəziyyət onu deməyə əsas verir ki, qeydiyyat orqanı tərəfindən iddiaçının uşağının doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamışdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, ümumiyyətlə azyaşlı Amira Ələkbərovanın doğum anında iddiaçı Azərbaycan Respublikasının hüdudları daxilində olmamışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş 71 ******* nömrəli pasportun surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X12 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının hüdudları ərazisinə gəlmiş və xx.xx.2016-cı il tarixdə tərk etmiş, şəxsin növbəti uçuşu Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən (X18) olmuşdur. Göründüyü kimi uşağın doğum anında iddiaçı Azərbaycan Respublikasının hüdudları kənarında olmuşdur ki, bu hal faktiki olaraq azyaşlı Amira Ələkbərovanın doğum haqqında akt qeydində göstərildiyi kimi yəni, Şərur rayonunda doğulması faktını istisna edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının uşağının adına xx.xx.2016-ci il tarixdə doğum haqqında qeyd aparılarkən sonuncuya artıq Rusiya Federasiyasında doğum şəhadətnaməsi verildiyindən, həmçinin həmin sənəd hal-hazırda qüvvədə olduğundan, o cümlədən iddiaçı uşağın doğulduğu anda Azərbaycan Respublikasının hüdudları kənarında olduğundan, Şahbuz rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 01 avqust 2016-cı il tarixli doğum haqqında akt qeydi əsassız olmuşdur. Bu isə faktiki olaraq hazırki cavabdeh Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinin həmin aktı ləğv etməkdən imtina edilməsi barədə imtinanın əsassız olduğuna dəlalət edir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-78/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “cavabdeh orqan tərəfindən azyaşlı Ceyla Bağırovanın adına xx.xx.2012-ci il tarixdə doğum haqqında qeyd aparılarkən sonuncuya artıq ABŞ-da doğum şəhadətnaməsi verildiyi nəzərə alınmamışdır. İddiaçının qızı Ceyla Bağırovanın adına doğum qeydi ABŞ-da aparılmaqla bu barədə müvafiq doğum şəhadətnaməsi verildiyi halda cavabdeh inzibati orqanın yenidən doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur.” Göründüyü kimi oxşar faktiki əsaslara söykənən iş üzrə kassasiya instansiya məhkəməsinin mövqeyi məhz vətəndaşın xeyrinə olmuşdur. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi təmin edilsin. Şahbuz rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 avqust 2016-cı il tarixli №126 akt qeydinin və buna uyğun verilmiş şəhadətnamənin ləğv edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar