Məhkəmə qərarları › İş №2-1(112)-1259/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1259/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1259/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Vahib oğlunun cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “ kompensasiyanın ödənilməsi üçün siyahıya salınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Vahib oğlu cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Suraxanı Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə barədə ərizə verilmiş və ərizə icraata qəbul edilərək Suraxanı Rayon İcra Hakimiyyətinin əsl cavabdeh qismində tanınması, Dövlət Agentliyinin üçüncü şəxs qismində cəlb edilməsi və iddia tələbinin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ev və həyətyani torpaq sahəsinə görə 89000 manat məbləğində kompensasiyanın alınması üçün iddiaçının adının evləri sökülərək kompensasiya alan şəxslərin siyahısına alınması vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi formasında icraata qəbul edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanında yerləşmiş və hal-hazırda sökülmüş fərdi yaşayış evinin və 04039 kv.m ha ölçüdə torpaq sahəsinə kompensasiyanın ödənilməsi ilə əlaqədar siyahıya alınması və kompensasiyanın ödənilməsi üçün siyahının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilməsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətimdə olan daşınmaz əmlaka görə 89 min manat məbləğində kompensasiyanın ödənilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, kompensasiyanı yerli icra hakimiyyəti orqanı yox Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ödəməlidir. İddiaçı qeyd edir ki, daşınmaz əmlakı Hava Limanına qədər avtomobil yolunun tikintisi işləri aparılan zaman sökülmüşdür. Bu səbəbdən də həmin əmlaka dair kompensasiya ödənilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Qeyd olunur ki, ilkin iddia Dövlət Agentliyinə qarşı qaldırılsa da, sonradan cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti olmuşdur ki, dəqiqləşdirilmiş formada iddia və sənədlər cavabdehə təqdim edilmiş, lakin əsl cavabdeh tərəfindən də müraciətin təmini istiqamətində heç bir tədbir həyata keçirilməmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir ki, məhkəmə prosessual qənaət prinsipini əsas götürməklə, cavabdehin müraciət üzrə mövqeyini müəyyən etdiyindən hesab edir ki, dəqiqləşdirilmiş formada iddiaya baxılmasında hər hansı mümkünlüyü istisna edən hal mövcud deyil. Məhkəmənin yardımı əsasında iddia tələbi düzgün cavabdehə münasibətdə dəqiqləşdirilmiş, cavabdehin müraciətin təminindən imtina əsasları aydınlaşdırılmışdır ki, həmin hallar işə mahiyyəti üzrə baxılmağa imkan yaratmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Dövlət Agentliyinin məktubundan görünür ki, X3 avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində tikilən yolun tikinti zolağına düşən maneələrin müəyyən edilməsi və siyahıya alınması yerli icra hakimiyyəti orqanında yaradılmış komissiyalar tərəfindən həyata keçirilir. İddiaçıya məxsus sahə isə həmin layihə çərçivəsində tikinti altına düşən sahə olmamışdır. Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı ş, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi 6 saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı ş, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi 6 saylı evin həyətyani sahəsi 0,04039 ha təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 fevral 2017-ci il tarixli qərarından görünür ki, məhkəmə kollegiyası hesab etmişdir ki, kompensasiyanın ödənilməsinə münasibətdə cavabdehliyi yerli icra hakimiyyəti daşımır. Həmin iş üzrə istinad edilmiş "xxxx" ASC-nin iddiaçıya ünvanladığı 02 sentyabr 2013cü il tarixli məktubunda göstərilmişdir ki, fərdi yaşayış evi və torpaq sahəsi tikinti altına düşmədiyi qeyd edilmişdir. Həmin iş üzrə ekspert rəyində isə qeyd edilmişdir ki, torpaq sahəsi söküntüyə məruz qalmış sahədir və avtomobil yolunun yaşıllaşdırma zonasına düşür. Dövlət Agentliyinin məhkəmə sorğusuna əsasən təqdim etdiyi cavab məktubundan görünür ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 371 nömrəli sərəncamına əsasən yaradılmış komissiya tərəfindən siyahıya alınmış əmlakların söküntüsü ilə bağlı mülkiyyətçilərə kompensasiyalar ödənilmişdir. İddiaçıya kompensasiya ödənişi həyata keçirilməmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin 371 nömrəli 19 oktyabr 2007-ci il tarixli sərəncamından görünür ki, X4 gedən avtomobil yolunun yenidən qurulması ilə əlaqədar Suraxanı rayonu ərazisindən keçən hissəsinin altına düşən tikililərin sənədləşdirilməsi, dəyən ziyan məbləğinin müəyyən edilməsi məqsədi ilə komissiya yaradılmış, Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi dövlət ehtiyaclarının, o cümlədən Dövlət əhəmiyyətli yolların çəkilməsi zərurəti ilə əlaqədar şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın alınması mümkündür. Bununla bağlı ya mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma olmadı, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməlidir. Göründüyü kimi razılığın olub-olmamasından asılı olmayaraq dövlət ehtiyacı üçün alınan əmlakla bağlı kompensasiyanın ödənilməsi mütləqdir və məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, həmin kompensasiya məbləği ödənilməmişdir. Doğrudur iş materialları, o cümlədən yuxarı instansiya məhkəmələrinin mövqeyindən də aydın olur ki, həmin kompensasiya məbləği Suraxanı Rayon İcra Hakmiyyəti orqanı tərəfindən yox Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ödənilməlidir. Lakin, iş materiallarında olan sənədlərdən o, cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubundan və cavabdehin özü tərəfindən qəbul edilmiş 19 oktyabr 2007-ci il tarixli 371 nömrəli sərəncamından görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi və onun yerləşdiyi həyətyani torpaq sahəsinin avtomobil yolunun yaşıllaşdırılmasına düşdüyü üçün sökülməsi və faktiki istifadəsindən çıxması səbəbindən kompensasiyanın ödənilməsi üçün yolun tikintisi alına düşənmaneələrin siyahıya alınması cavabdeh yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməli idi ki, həmin əmlakın siyahıya alınması həyata keçirilməmiş və aidiyyəti siyahı kompensasiyanın ödənilməsi üçün üçüncü şəxs Dövlət Agentliyinə təqdim edilməmişdir. Göründüyü kimi Dövlət Agentliyi tərəfindən yerli icra hakimiyyəti orqanının təqdim etdiyi siyahı üzrə layihə çərçivəsində yolun tikintisi altına düşən daşınmaz əmlaklarla bağlı ödənişlər həyata keçirilsə də iddiaçının mülkiyyətində olmuş fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı ödəniş siyahıya alınma, sənədləşmə aparılmadığından həyata keçirilməmişdir. Odur ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddaçı İddiaçı Vahib oğlunun mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşmiş və hal-hazırda sökülmüş fərdi yaşayış evinin və onun yerləşdiyi 04039 kv.m ha ölçüdə torpaq sahəsinə kompensasiyanın ödənilməsi ilə əlaqədar həmin əmlakların siyahıya alınması və kompensasiyanın ödənilməsi üçün siyahının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilməsi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar