Məhkəmə qərarları › İş №2-1(112)-12590/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12590/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12590/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı qanuni nümayəndələri X4 (anası) və X8 (atası), Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 və (həkim-mütəxəssisi) X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müstəqil tibb komissiya təyin edilməsi və komissiyanın rəyinə əsaslanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında əlillik təyinatını müəyyən etmək öhdəliyi qoyulması barədə qərar qəbul edilmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixi qərardadı ilə X4 iddiaçı qismində prosessual iştirakına xitam verilməsi və iddia tələbi “İddiaçı əlilliyin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi və ödənilməmiş müavinətin ödənilməsi” kimi dəyişdirilməsi qərara alınmışdır.

3. İddiaçı son olaraq iddia tələbini “İddiaçı əlilliyin son qiymətləndirildiyi tarixindən cavabdehin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında əlillik təyinatını müəyyən etmək öhdəliyinin qoyulması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 10 yaşında əlil uşaqdır. Əlilliyə görə 2015-ci ilin fevral ayından başlayaraq, uşaq hər ay sosial müavinət alır. Hər 3 ildən bir tibbi sosial ekspert komissiyasından keçirilir. 2023-cü il mart ayının 20-dən müavinət dayandırılmışdır. Ona görə ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində müavinətin bərpa edilməsindən imtina edilmişdir. İlkin Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Daha sonra isə TSEK-in əyani yoxlanışı zamanı EXO edilmiş, uşağa baxılmış və bildirilmişdi ki, TSEKin yoxlanışının nəticəsi ilə həkimlərin rəyi eynidir və uşaq həqiqətən də xəstədir. Lakin buna baxmayaraq, elektron sistemdə sonrakı səbəbdə isə: Diaqnoz əlillik təyin etmir göstərilmişdir. TSEK-in əyani yoxlanışı zamanı uşağın həqiqətən də sənədlərdə yazıldığı kimi xəstə olduğu aşkarlansa da, sonda çıxardığı qərar obyektiv olmamışdır. TSERA-nın bütün bu qanunsuz hərəkətlərindən sonra onlar məhkəməyə müraciət etməyi qərara almışdır. İddiaçının qanuni nümayəndələri bildirmişdir ki, oğulları anadangəlmə ürək qüsurları ilə doğulub. Maddi çətinliklər olduğundan əməliyyat bir xeyli uzanmışdır. Lakin X17 prezidenti ölkənin 1-ci xanımı Mehriban Əliyevaya məlumat çatdırılmış və əməliyyatın xərcləri X17 hesabına ödənilmişdir. Əməliyyat zamanı qüsurun biri, yəni mədəciklərarası çəpərin deffekti 2014-cü il 12 dekabr X20 Əliyevin vəfatı günündə açıq və ağır ürək əməliyyatı olunaraq aradan qaldırılmışdır. Lakin aortal qapağın zədəsi qüsurunu aradan qaldırmaq üçün heç 1 cərrahi müdaxilə edilə bilmədi. Çünki cərrah bildirdi ki, azyaşlı uşaq olduğu üçün 16 yaşa qədər ürək inkişaf edir deyə, indi qapaq dəyişdirilsə, 16 yaşa qədər gərək hər 2 ildən bir qapaq dəyişdirilməlidir. Bu isə uşağın həyatının ölüm təhlükəsi altında olması deməkdir. Qapağın zədəsi əvvəllər 1-ci dərəcə, daha sonrakı illərdə get-gedə artaraq 2-2,5-ci dərəcə və artıq 3-cü dərəcəyə çatmışdır, bunun maksimumu 4-cü dərəcədir. Əməliyyat olunandan bu günə qədər gecə-gündüz uşağı həkim nəzarəti altında müxtəlif ürək dərmanları ilə (gündəlik verilən kaptopril 2 dəfə, furosimed 1 dəfə verməklə) birtəhər bu günə gətirib çıxarmışıq. Yəni ən yaxşı halda iddiaçını 16 yaşda növbəti açıq ürək əməliyyatı gözləyir. Qeyd edilmişdir ki, uşaq 10-15 addım gedəndən sonra tez yorulur, rəngi boğulur, saralır, dodaqları göyərir, yatanda nəfəsi çatmır, oyanır, əl və ayaqları buz kimi soyuq olur, qan dövranı yaxşı işləmir, hər gün əl-ayaqları və bütün bədəni tez-tez öz-özünə tərləyir, ayaqları keyiyir, şişir. Furosimed dərmanın verəndən sonra ayağının şişi çəkilir. Bildirilmişdir ki, ürək əməliyatından 6 ay əvvəl, yəni xx.xx.2014cü ildə hər 2 tərəfli qasıq-xayalıq yırtığı diaqnozu ilə də əməliyyat olunmuşdur. İddiaçı bu zamana kimi ümumilikdə 2 əməliyyat keçirmişdir (hələ qarşıdakı illərdə də növbəti əməliyyat gözləyir) və çox zəif uşaqdır. Bir sözlə, valideyn köməyi və qayğısı olmadan özünü sərbəst idarə edə bilmir. Uşağın diaqnozu:

1. Q21 Mədəciklərarası çəpərin deffekti

2. Q23 Aorta qapaq prolapsusu

3. 150 QDÇ İİ dərəcə İddiaçı yuxarıda sadaladığı bu diaqnozları "Əlilliyin müəyyən olunması meyarlarında - 2.3 bəndində ürək çatışmazlığı 150, Q20-28 öz əksini tapmışdır. İddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli son qərarı ilə "Əlilliyin müəyyən olunması meyarlar"na əsasən qanunla sosial müavinət düşdüyü və bütün sənədlərinin də yetərli olduğu halda, tibbi sosial ekspert komissiyası qanuna zidd olaraq, əlilliyi bərpa etməmişdir. İddia ərizəsinə əlavə etdiyi bütün tibbi arayışlara baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi heç bir əsaslı dəlil gətirmədən oğluna əlillik təyin etməkdən imtina edir. Bu səbəbdən də, məhkəmə tərəfindən övladının hüquqları bərpa edilməli, ona əlillik təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək X11 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə imtina qərarı verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxanda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edilmişdir.

6. TSEK-Müayinə tarixi xx.xx.2015-ci il tarixində anadangəlmə ürək üsuru, mədəcikarası çəpərin qüsuru, aorta çatmamazlıq diaqnozun mətni ilə ilkin iki il müddətinə (anadangəlmə ürək qüsuru) əlillik təyin edilmişdir.

7. TSEK-Müayinə tarixi xx.xx.2017-ci il tarixində anadangəlmə ürək üsuru, mədəcikarası çəpərin qüsuru, aorta çatmamazlıq diaqnozun mətni ilə təkrar üç il müddətinə (3.1 uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.12 ürəyi ritmi pozulmaları (o cümlədən kordiostimulyator implantasiyası ilə) nəticəsində sinkopol vəziyyət, durğunluq tipli İİ-İİİ dərəcəli ürək) əlillik təyin edilmişdir.

8. TSEK-Müayinə tarixi xx.xx.2020-ci il tarixində Q21.0 mədəcikarası çəpərin qüsuru, ağırlaşma Q23.1 aorta qapağının anadangəlmə çatışmazlığı, aorta qapağının anadangəlmə çatışmazlığı İ-İİ dərəcə, ağırlaşma İ50.0 durğunluq ürək çatmamazlığı, durğunluq ürək çatmamazlığı İ-dərəcə diaqnoz mətni ilə göndərişin natamam doldurulması (funksional pozğunluq instrumental-diaqnostik müayinə dəqiqləşdirilsin) səbəbi ilə imtina edilmişdir.

9. TSEK-Müayinə tarixi xx.xx.2020-ci il tarixində mədəcikarası çəpərin qüsuru, aorta qapağının anadangəlmə çatışmazlığı İ-İİ dərəcə ağırlaşma qeyd edilir diaqnoz mətni ilə təkrar 3 il müddətinə (3.1 uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.12 ürəyi ritmi pozulmaları (o cümlədən kordiostimulyator implantasiyası ilə) nəticəsində sinkopol vəziyyət, durğunluq tipli İİ-İİİ dərəcəli ürək) əlillik təyin edilmişdir.

10. TSEK-Müayinə tarixi xx.xx.2023-cü il tarixində mədəcikarası çəpərin defekti, əməliyyatdan sonrakı vəziyyət, qan dövranı çatmamazlığı İİ (ikinci) dərəcə, aortal qapaq çatmamazlığı İİİ (üçüncü) dərəcə, aortal qapaq prolapsusu diaqnoz mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin transtorakal exokardioqrafiyanın xx.xx.2023-cü il tarixində olan müayinəsində qapaqlarla bağlı heç bir məlumat qeyd edilməmişdir və nəticə olaraq əməliyyatdan sonrakı vəziyyətin aorta normal olduğu, ürək kameralarının normal ölçüdə, solmədəciyin sistolik və diastolik funksiyası pozulmadığı (LVEF=68%) qeyd olunmuşdur.

12. İddiaçının doğulduğu tarixdən bəri illər üzrə müayinəsinin nəticələrinə dair məlumatlar iş materiallarına əlavə edilmişdir.

13. X2 tərəfindən xx.xx.2022-ci il tarixində aparılmış müayinənin nəticəsində iddiaçının xx.xx.2014-cü il tarixində mədəciklərarası çəpər defektinin cərrahi korreksiyası əməliyyatından sonrakı vəziyyətdə 2-3 dərəcə aortal çatışmazlıq və aortal prolapsus aşkar edilmişdir.

14. X13 tərəfindən xx.xx.2023-cü il tarixində aparılmış müayinənin nəticəsində iddiaçının ventikulyar septal defekt korreksiyası sonrası vəziyyət (xx.xx.2014 MNX), aort qapaq prolapsusu, aort qapaq yetərsizliyi İİİ dərəcə aşkar edilmişdir.

15. Sonuncu dəfə iddiaçı Respublika Uşaq Klinik Xəstəxanasında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə aortal qapaq çatışmazlığı İİ-İİİ dərəcə İ35.1, aortal qapaq prolapsı Q23.0, qan dövranı çatışmazlığı İİ dərəcə İ50.0 ağırlaşması ilə stasionar müalicədə olmuşdur.

16. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının qanuni nümayəndələri iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

17. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi və mütəxəssis iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Həkimmütəxəssis bildirmişdir ki, patalogiya aradan qaldırılmışdır. İddiaçı mədəciklərarası qüsurla bağlı 2014-cü ildə əməliyyat olmuşdur. Qapaqcıqlarda olan problem isə əlilliyin təyini üçün əsas deyildir.

İİ. İddianın növü və mümkünlüyü

18. Hazırki iddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.

İİİ. Tətbiq edilən hüquq

19. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

21. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

23. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

24. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

25. Hazırki iddia məcburetməyə dair iddiadır.

26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

27. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti X11 sonuncu xx.xx.2023-cü il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2023-cü il tarixdə aparılmış və əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

28. İddiaçı qiymətləndirildiyi sonuncu xx.xx.2023-cü il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.

29. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

31. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2023-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) Anadangəlmə xəstədir. Xəstəliyi ilə əlaqədar xx.xx.2014-cü ildə X3 “VSDksenoperikardial patch plasty” cərrahi əməliyyatı olunub. Şikayətləri ümumi zəiflik, iştahsızlıq, tez yorulma, ürək nahiyyəsində olan ağrı, tənginəfəslikdəndir. Dəri, selikli qişaları solğun, avazımışdır, göz altı kölgəlidir, burun-dodaq üçbucağı sianozludur. Dərialtı piy təbəqəsi zəif inkişaf edib. Periferik limfa vəziləri kiçik, hərəkətli, ağrısızdır. Döş qəfəsi üzərində əməliyyat olunmuş nahiyyənin çapığı qeyd edilir. Ağciyərlər üzərində sərt tənəffüs eşidilir. SPO2-95%. ürək tonları karlaşıb, bütün nöqtələrdə kobud sistolik küy eşidilir. Nəbzi taxikardik, zəif dolğunluqdadır, Ps-115 dəq, A/T-105/65mm.c.süt.qarnı yumşaq, ağrısızdır. Qaraciyər və dalaq əllənmir. Derekasiya aktı normaldır. Diurez sərbəstdir.

32. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (2.9.1 ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması, 2.9.2 ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması, 2.9.3 ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1- 1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Akademik M.A.Topçubaşov adına X16, ATU X10, Bakı Mərkəzi Neftçilər Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası) ambulator müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

33. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli əyani müayinə aktında xx.xx.2023-cü il tarixli qiymətləndirmənin nəticəsində “əlavə müalicəyə ehtiyacın olması, müalicə müddətinin yetərli olmadığı qeyd edilsə də”, daha sonra əyani müayinənin nəticəsində hal-hazırki vəziyyəti ilə tibbi sənədlərdə qeyd edilmiş “Mədəcikarası çəpərin defekti, əməliyyatdan sonrakı vəziyyət, qan dövranı çatışmazlığı (İİ) dərəcə. Aortal qapaq çatışmazlığı (İİİ) dərəcə. Aortal qapaq prolapsusu” diaqnozunun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas vermədiyi qeyd edilmişdir. Bu zaman məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixində olan müayinəsində qapaqlarla bağlı heç bir məlumat qeyd edilmədən (qapaqların müayinəsinin nəticəsi yoxdur, ancaq ürəyin müayinəsinin nəticəsi qeyd edilmişdir) əməliyyatdan sonrakı vəziyyətin aorta normal olduğu, ürək kameralarının normal ölçüdə, solmədəciyin sistolik və diastolik funksiyası pozulmadığı (LVEF=68%) qeyd olunmuşdur. Odur ki, mədəcəklərarası çəpərin defekti əməliyyatının uğurlu icrası nəticəsində qeyd edilən xəstəlik aradan qalxmış, lakin aortal qapaq çatışmazlığı və aortal qapaq prolapsusu qalmışdır. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılan əyani müayinə zamanı (transtorakal exokardioqrafiya) qapaqların vəziyyətini müayinə etmədən (təqdim edilən müayinə nəticəsində qapaqlarla bağlı hər hansı qeyd yoxdur) xəstənin hazırki vəziyyəti ilə tibbi sənədlərdə qeyd edilmiş “Aortal qapaq çatışmazlığı (İİİ) dərəcə. Aortal qapaq prolapsusu” diaqnozunun uyğunluq təşkil etməməsi qənaətinin hər hansı məntiqi izahı yoxdur. Bekə ki, müayinə ancaq urəyin parametrləri üzrə aparılmışdır ki, bu da iddiaçının vəziyyətini qiymətləndirmək üçün yetərli deyil. Belə ki, aydındır ki, mədəcikarası çəpərin qüsuru aparılmış əməliyyatın nəticəsində aradan qaldırılmışdır. İddiaçının əlillik vəziyyəti məhz qapaqların çatışmazlığı ilə bağlı qiymətləndirilməli idi. Belə ki, bu, özlüyündə gələcəkdə ürək çatışmazlığına səbəb ola bilər.

34. Bunun əksinə olaraq iddiaçı müxtəlif səhiyyə müəssisələrində qapaqların vəziyyətinə dair müayinənin yuxarıda qeyd edilən nəticələrini təqdim etmiş və cavabdeh quruma təqdim edilən göndərişdə də doppler rəngli exokardioqrafiya müayinəsinin (xx.xx.2023-cü il tarixli) nəticəsində aorta qapağının prolapsə edildiyi, İİİ dərəcə çatışmazlığı qeyd edildiyi müəyyən edilmişdir. Qeyd edilən hal səhiyyə müəssisəsi tərəfindən cavabdeh quruma göndərilən forma 88-də həm də doppler rəngli exokardioqrafiya (xx.xx.2023-cü il tarixli), həm həkim müayinəsi (xx.xx.2023-cü il tarixli) də təsdiqlənmişdir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 2.9.1 ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması – 35-60 faiz; 2.9.2 ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması – 65-80 faiz; 2.9.3 ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1- 1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması – 85-100 faiz orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir.

37. Cavabdeh faktiki olaraq iddiaçıda mövcud olan və əlillik təyinatına imkan verən ürək aortal qapaq çatışmazlığını tədqiq etmədən (yuxarıda qeyd edildiyi kimi göndərişdə əks olunmasına baxmayaraq, qapaqların vəziyyəti əyani müayinənin nəticələrində əks olunmamışdır) vəziyyətinin tibbi sənədlərə uyğun olmadığı qənaətinə gəlmişdir. Bu isə iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Halbuki ürək aortal qapaq çatışmazlığının əlillik təyinatına əsas verən qeyd edilən vəziyyəti diaqnostik müayinələrlə (fərqli səhiyyə müəssisələrində) təsdiqini tapmışdır, xəstədə bu vəziyyət illər ərzində davam etmişdir.

38. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi tarixdən (xx.xx.2023-cü il tarixindən) əlilliyin təyin edilməsi kimi təyin edilməlidir.

39. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

40. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir.

41. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar