Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12593/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı tərəfindən iddiaçının adına verilmiş ******* nömrəli xx.xx.2006-cı il tarixli diplomunun (əlavələri ilə birlikdə) tanınması və ekvivalentliyin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı tərəfindən iddiaçının adına verilmiş ******* nömrəli xx.xx.2006-cı il tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını, cavabdehin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmiş, cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialına qəbul olunmuş və 2002-ci ildə təhsil müəssisəsini müvəfəqiyyətlə bitirmişdir. İddiaçı cavabdehə müraciət edərək qeyd olunan diplom üzrə ixtisasının ölkə ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, A-713/03-TKTA nömrəli məktubu ilə Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.
2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsinin iddiaya dair yazılı etirazında bildirilmişdir ki, İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən ona verilmiş bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. O, xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirilmişdir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, iddiaçı ilə birlikdə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialında eyni qrupda təhsil almışdır. Onun diplomunun Azərbaycan Respublikasında tanınması barədə cavabdeh tərəfindən şəhadətnamə verilmişdir. Hazırda öz ixtisası üzrə iqtisadçı kimi fəaliyyət göstərir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı tərəfindən iddiaçıya verilmiş ******* nömrəli xx.xx.2006-cı il tarixli diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin universitetin “maliyyə və kredit” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə bitirmişdir. Dövlət İmtahan Komissiyasının 26 iyun 2006-cı il tarixli qərarı ilə ona bakalavr ixtisası verilmişdir. - Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı tərəfindən iddiaçıya verilmiş ******* nömrəli xx.xx.2006-cı il tarixli diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin ali təhsil müəssisəsində “maliyyə və kredit” ixtisası üzrə 5 il əyani təhsilalma formasında təhsil almış, həmin müddətdə proqramı mənimsəmiş, tədris fənlərindən yaxşı, məqbul və kafi qiymətlər almış, tədris təcrübəsini keçmiş, kurs işləri yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli A-713/03-TKTA saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2022-ci il tarixli A-713 nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, xarici ali təhsil ixtisasınızın tanınması ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı sizin Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil aldığınız müəyyən edilmişdir. Sözügedən filial qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. Göstərilənləri nəzərə alaraq, xarici ali təhsil ixtisasınızın tanınmaması haqqında xx.xx.2015-ci il tarixli qərar qəbul edilmiş və müvafiq məktub yaşadığınız ünvana göndərilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 4.2-ci bəndinə əsasən, tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər.” - Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı tərəfindən verilmiş ******* nömrəli xx.xx.2006-cı il tarixli diplomun surətindən görünür ki, X7 həmin Universitetin “maliyyə və kredit” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə bitirmişdir. Dövlət İmtahan Komissiyasının 26 iyun 2006-cı il tarixli qərarı ilə ona bakalavr ixtisası verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş T026597 saylı 2022-ci il tarixli və İ025999 saylı 2022-ci il tarixli şəhadətnamələrdən görünür ki, X5 verilmiş Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin ******* nömrəli xx.xx.2006-cı il tarixli diplom üzrə ixtisası Azərbaycan Respublikasının ərazisindən tanınmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını, şahidin ifadəsini dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialına daxil olaraq 2006-cı ildə həmin ali təhsil müəssisəsinin maliyyə və kredit ixtisası üzrə iqtisadçı ixtisası üzrə tam kursunu bitirmiş və ona ******* nömrəli xx.xx.2006-cı il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə aidiyyəti qaydada müraciət etmiş, lakin ona imtina edilmişdir. “Təhsil haqqında” Qanuna əsasən: Maddə. 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 8 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu: Maddə 13. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvıvalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində, əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin, müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən Agentliyin nizamnaməsi təsdiq edilmişdir. Agentliyin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət gösətərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın (bundan sonra mətndə - Qaydalar): 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; 1.3-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra mətndə - Saziş): 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi); 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır; 7-ci maddəsinə əsasən, beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının .əkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalara görə: 1.5-ci bənd. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Qaydaların 2 №-li əlavəsinə əsasən ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunur. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin əsaslarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında onun diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Belə ki, cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının təhsil aldığı Dağıstan Dövlət Universitetinin Bakı Filialı lisenziyası olmadan fəaliyyət göstərmiş və onun fəaliyyəti qanunsuz olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə dayandırılmışdır. Məhkəmə cavabdehin dəlilini əsaslı hesab etmir. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Lakin 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Qətnaməyə görə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Həmçinin xüsusilə qeyd edilməlidir ki, nazirliyin Filial fəaliyyətə başladığı gündən halhazıradək verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. İddiaçı da məhkəmə tərəfindən qətnamə qəbul edildikdən əvvəl - 2006-ci ildə Filialı bitirmişdir. Odur ki, iddiaçı 26 iyun 2006-ci ildə təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna uyğun olmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X1 və izahatından da müəyyən edilmişdir ki, o, iddiaçı ilə eyni qrupda təhsil aldığı halda onun diplomu cavabdeh tərəfindən tanınmışdır. Belə olan halda iddiaçıya münasibətdə qanun qarşısında bərabərlik hüququ pozulmuşdur. Məhkəmə eyni zaman iddiaçının məhkəmə qarşısında da barəbərlik hüququnu nəzərə alaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlərlə bağlı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir (maddə 12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (maddə 12.2). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİ.3 bəndinə əsasən həmin Konvensiyada heç nə mövcud və ya gələcək razılaşmalara üzv ola biləcək, hazırki Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən verilən ixtisasların tanınması ilə əlaqədar daha əlverişli şərtlərin ləğv edilməsi kimi hesab oluna bilməz. Həmin Konvensiya ümumi prinsipləri ehtiva edən çoxtərəfli beynəlxalq müqavilə, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş isə xüsusi tənzimləmə predmetinə malik olan ikitərəfli beynəlxalq müqavilədir. Bu səbəbdən də təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi məsələlərində Sazişin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” 23 sentyabr 2002-ci il tarixdə Moskva şəhərində imzalanmış Saziş Azərbaycan Respublikası və Rusiyada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Həmin Konstitusiyanın 151-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona diplom üzrə ixtisasının tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı tərəfindən İddiaçı adına verilmiş ******* nömrəli xx.xx.2006-cı il tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı tərəfindən verilmiş ******* nömrəli xx.xx.2006-cı il tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim: Mehriban Qarayeva