Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12597/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Keçmiş Bakı şəhər XDS İK-nin (indiki BŞİH) xx.xx.1989-cu il tarixli, 10/370 saylı qərarına əsasən əri - X3 Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna uyğun olaraq Arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki BŞİH) xx.xx.1989-cu il tarixli, 10/370 saylı qərarına əsasən iddiaçının əri - X3 Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. X5 xx.xx.2021-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialının 3- 48-2F/2-Ə-5609-8-6030/2024 nömrəli, 17 dekabr 2024cü il tarixli cavab məktubuna əsasən, keçmiş Bakı şəhər XDS İK-nin (indiki BŞİH) xx.xx.1989-cu il tarixli, 10/370 saylı qərarına əsasən əri - X3 Bakı ş, Binəqədi ray, Görədil qəsəbəsində 1200 m2 torpaq sahəsi ayrılması barədə Arxiv arayışı verilmişdir. Bununla da təsdiq olunur ki, həmin sənədlər qanunidir. Hazırda sözügedən torpaq sahəsinin özəlləşdirmək niyyətindədir. Tərəfindən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna uyğun olaraq Arayışın (çıxarışın) verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Ərazi İdarələri üzrə 1 saylı Ərazi İdarəsinə rəsmi qaydada xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət olunmuşdur. Cavab olaraq, xx.xx.2025-ci il tarixində rəsmi qaydada imtina məktubu verilmişdir. Bu səbəblə öz əmlakı üzərində mülkiyyət hüququnu tam realizə edə bilmir. Odur ki, hazırda məhkəməyə müraciət edir.
3. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda qeyd etmişdir ki, “təqdim olunan sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş Bakı Şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 10/370 saylı qərarının arxiv arayışında torpaq sahəsinin nömrəsi “248”, idarənin arxiv məlumatlarına əsasən isə hüquq sahibi X3 ayrılmış torpaq sahəsinin nömrəsi “321A” qeyd edilmişdir. Eyni zamanda, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və çölölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən sahə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, təqdim edilmiş Bakı Şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 10/370 saylı qərarının arxiv arayışında torpaq sahəsinin nömrəsi “248”, idarənin arxiv məlumatlarına əsasən isə hüquq sahibi X3 ayrılmış torpaq sahəsinin nömrəsi “321A” qeyd edilmişdir. Bundan başqa, elektron kadastr baza məlumatlarına əsasən iddia olunan ərazi **********79 (Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 302V saylı bağ sahəsi) reyestr nömrəsi ilə qeydiyyata alınıb. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 302V saylı bağ sahəsi Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli 4Ə-332 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Eyni zamanda, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-Ə-5609-8-6030/2024 saylı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Bakı şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1989cu il tarixli, 10/370 saylı qərarının təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Bakı şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 10/370 saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində 1200 kv.m torpaq sahəsi olan 248 saylı bağ sahəsi X3 ayrılmışdır.
6. AZ-İİ 158185 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.
7. Bakı şəhəri 50 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 1276 nömrəli araayışına əsasən İddiaçı mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsi əsasənda xx.xx.2021-ci il tarixdə vəfat etmiş xx.xx.1951ci il təvəllüdlü X2 miras qalmış əmlaklara dair Bakı şəhəri 50 saylı notariat ofisində vərəsəlik işi başlanılmışdır.
8. Cavabdehin məhkəməyə ünvanlandığı 5 avqust 2025-ci il tarixli 3-21-3-30/2-34413/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan ərazi **********79 (Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 302V saylı bağ sahəsi) reyestr nömrəsi ilə qeydiyyata alınıb. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 302 V saylı bağ sahəsi Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli 4Ə-332 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014cü il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan bağ sahəsinə dair koordinatlar şərtidir, ortofoto tərtib edilməsi mümkün olmamışdır. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 248 saylı bağ sahəsinə dair müayinə aktının, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 302V saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti və sxematik xəritə təqdim edilir.
9. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 302 V saylı bağ sahəsi xx.xx.2014-cü il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
18. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsindən ibarət 248 saylı bağ sahəsi Bakı şəhər XDS İK-nin (indiki BŞİH) xx.xx.1989-cu il tarixli, 10/370 saylı qərarı ilə X3 ayrılmışdır, həmin şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən İddiaçı mərhum şəxsin vərəsəsi qəbul edilməsinə dair vərəsəlik işi açılmışdır.
24. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
28. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
29. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
30. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış
32. Məhkəmə qeyd edir ki, iddiaçınının mərhum ərinin qərar əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının özünün belə naturada harada yerləşdiyini bilmədiyi sahənin qərar ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyil.
33. Bununla yanaşı qeyd edilməlidir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan ərazi **********79 (Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 302V saylı bağ sahəsi) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi iddiaçının istifadəsində deyil.
34. Məhkəmə araşdırılması nəticəsində əldə edilən sənədlərə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 302 V saylı bağ sahəsi Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli 4Ə-332 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
35. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
36. Beləliklə, iş materiallarında olan qərarda bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilsə də, torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər təqdim edilmədiyindən və ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından (mübahisəsiz haldır ki, torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində deyil) həmin order özlüyündə iddiaçının torpaq sahəsinə hüququnun qeydə alınması üçün mötəbər və yetərli sübut kimi qiymətləndirilə bilməz. 27 Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir. İddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
37. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən cavabdehin üçüncü şəxsin cəlb edilməsi barədə vəsatətinə baxılmasına zərurət qalmadı.
38. İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva