Məhkəmə qərarları › İş №2-1(112)-1260/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1260/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1260/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X1 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına onun pasport qeydiyyatına alınması öhdəliyini cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə 21.02.2012-ci il tarixində rəsmi nigaha daxil olmmuşdur. Ailəsi ilə birlikdə ünvan 2 ünvanına pasport qeydiyyatına alınaraq yaşamışlar. Sonradan 16.11.2020-ci il tarixində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini alıb və orada yaşamamışlar, lakin 17.02.2021-ci il tarixində əri X6 ölmüşdür. Mərhum əri vəfat etdikdən sonra o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evininə pasport qeydiyyatına alınması ilə bağlı Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə rəsmi qaydada müraciət etsə də, 01.05.2021-ci il tarixində 075-19175 В saylı məktub ilə müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21.06.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 18.01.2022-ci il tarixli 2-1(112)-1260/2022 saylı qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmədə üçüncü şəxs X5 və onun nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi raon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 733947 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə İddiaçı xx.xx.1976-cı ildə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin fevral ayının 21-ci günündə 178 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nüsrətov, arvada Bağırova soyadı verilmişdir. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli AZ-İİ seriyalı 179932 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 17.02.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02-ci ayının 23-cü günündə 253 nömrə ilə qeyd edilmişdir. AA ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, 10.03.1937-ci ildə Lənkəran şəhərində doğulmuş X5 ünvan 6 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(008)-5326/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər X5, X8 və X4 qarşı “yaşayış evinə köçürülmə və cavabdehlərin çıxarılması” tələbinə dair iddia ərizəsi il məhkəməyə müraciət edərək, ünvan 8 ünvanında yerləşən fərdi evə köçürülməsi və cavabdehlər X7 və X3 həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(008)- 5326/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2021-ci il tarixli 2- 1(103)-2788/2021 saylı qərardadının surətindən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı 12.03.2021-ci il tarixli qərarı ilə iddiaçı X1 ünvan 11 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 16.08.2021-ci il tarixdə İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı 31.08.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2021-ci il tarixli 2-1(103)-2788/2021 saylı qərardadı ilə ərizəçi İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı 31.08.2021ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı ərizəsinin təmin edilərək, üçüncü şəxs qismində işə cəlb olunması və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 06.09.2021-ci il tarixli **********70 №li məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, 3Q saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 31.08.2021-ci il tarixli 018-13244-1221 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 13 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. Hazırkı tələblə bağlı iddiaçıların müraciətinə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş 01.05.2021-ci il tarixli 073-19175B №li cavab məktubunda qeyd edilmişdir ki, onun yuxarıda göstərilən ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X2 təqdim olunması vacibdir. Lakin, yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin X2 təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınması imkan xaricindədir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafıq hesab edilir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçıların qeydiyyata düşmək istədiklər ünvan 15 ünvanına dair heç bir hüquqmüəyyənedici sənədi olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı ünvan 15 evinə qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar