Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1260/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi - X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağın icarəyə verilməsi haqqında 2429 saylı xx.xx.1970-ci il tarixli müqavilə əsasında mərhum X4 qanuni istifadəsinə verilmiş 0,25 ha sahəsi olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 463/1105 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X5 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, X7 və İstismarı Birliyi ilə X11 arasında bağlanmış xx.xx.1980-ci il tarixli, 2429 №-li müqaviləyə əsasən iddiaçının atası X4 istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0,25 ha-dan ibarət 463/1105 saylı bağ torpaq sahəsinin mərhum X5 məxsusluğu barədə arayışın (çıxarış) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən 463/1105 saylı bağ sahəsi Bakı şəhəri İcra Komitəsinin Bağlar Təsərrüfatı Birliyi ilə bağlanmış 2429 saylı xx.xx.1970-ci il tarixli müqavilə əsasında mərhum atası X3 qanuni istifadəsinə ayrılmışdır. Bağ sahəsi ayrıldığı vaxtdan fasiləsiz olaraq istifadələrindədir. Məhrum atası X3 mülkiyyət hüquqularının qeydiyyata alınması məqsədilə Bakı şəhəri 5 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək, vərəsəlik işinin açılmasını xahiş etmişdir. Müraciətləri əsasında Bakı şəhəri 5 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, vərəsəlik işi ilə bağlı cavabdeh təşkilata 23 yanvar 2023-cü il tarixli 38 saylı məktub ünvanlanmışdır. Məktubda mərhumun vərəsələr dairəsinin müəyyən edildiyi göstərilmişdir. Bundan sonra hüquqların dövlət qeydiyyatına alınması məqsədilə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Lakin, ərizəsinin icra olunması əvəzinə, xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-N-0129-8/2023 (**********7) saylı məktubla ərizəsinin icrasından imtina edilmişdir. Məktubda imtina səbəbi kimi, cavabdeh təşkilat tərəfindən bildirilmişdir ki, faktiki torpaq sahəsi ilə arxiv cizgisi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur, həmçinin göstərilən torpaq sahəsinin bir hissəsi arxiv cizgisinə əsasən digər torpaq sahəsinin ərazisinə- uyğun gəlir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Odur ki, ümumi ərazi daxilində yerləşən torpaq sahələri arasında arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Cavabdeh təşkilatın hüquqların qeydiyyatından imtina etməsi əsassızdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 19 iyul 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixli müraciət ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, faktiki torpaq sahəsi ilə arxiv cizgisi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur, həmçinin göstərilən torpaq sahəsinin bir hissəsi arxiv cizgisinə əsasən digər torpaq sahəsinin (462a/1106 saylı bağ sahəsinin) ərazisinə uyğun gəlir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Odur ki, ümumi ərazi daxilində yerləşən torpaq sahələri arasında arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğun olmasına dair iddiaçıya **********71 saylı, xx.xx.2023-cü İİ tarixli cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X13 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********62 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxan bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 463/1105 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi X9 arasında bağlanılmış xx.xx.1980-ci il tarixli, 2429 saylı müqavilə İdarənin arxivində mövcuddur. Həmin müqavilə əsasında ayrılmış 463/1105 saylı bağ sahəsinin qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş: - xx.xx.1954-cü il tarixli 2429 №-li müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfat tresti ilə X9 arasında Novxanı bağlar massivində 8b №li 50 ha-dan ibarət bağ sahəsinin 10 il müddətinə xx.xx.1954-cü ildən xx.xx.1964-cü ilədək icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. - xx.xx.1958-ci il tarixli 2429 №-li mqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfat tresti ilə X9 arasında Novxanı bağlar massivində c/36 №li 0,50 ha-dan ibarət bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. - Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1964cü il tarixli 2429 №-li müqavilənin surətindən müəyyən olunur ki, Novxanı qəsəbəsində 0,25 ha sahəsi olan 463 №-li bağ sahəsi X3 istifadəsinə verilmişdir. - “İcarəyə verən” Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfat tresti və X7 və İstismarı Birliyi ilə bağlanmış Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi üçün müvafiq olaraq 2429 №-li, xx.xx.1970-ci il və xx.xx.1980-ci il tarixli müqavilələrdən müəyyən olunur ki, Novxanı qəsəbəsində ümumi sahəsi 0,25 ha olan 463 №-li bağ sahəsi X3 istifadəsinə verilmişdir. - 1973-cü ilin oktyabr ayında Bakı şəhər İcraiyyə Komitəsi Bağlar təsərrüfatı trestinin əməkdaşları tərəfindən Novxanı qəsəbəsində tərtib olunmuş aktın surətindən müəyyən olunur ki, X12 icarəsində olan 2429 №li müqvilə üzrə 0,2585 ha-dan ibarət 463/1105 №li bağ torpaq sahəsi üzrə inventarizasiya işləri aparılmışdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında (surətində) qeyd olunmuşdur ki, Novxanı bağ massivində yerləşən (icarə müqaviləsi 2429) torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 2500 kv.m., faktiki sahəsi 3155.0 kv.m. (şərti göstərilən), (ümumi sahə 8292,0 kv.m) təşkil edir. Göstərilən bağ sahəsi ümumi hasar daxilindədir, vətəndaş bildirdi ki, ümumi sahədə 3 bağ sahəsi yerləşir, ara sərhədlərinin bir hissəsi metal tor bir hissəsinə dəmir dirək basdırılmış, 1 hissədə 3-4 daş hündürlüyündə hasar digər tərəfləri isə şərtidir. Ümumi sahəyə 463/1106 s/b 1200,00 kv.m., 1107 s\b 1200.0 kv.m., təqdim edilib. Ümumi sahədə 2 ədəd iki mərtəbəli, 1 ədəd bir mərtəbəli, mansardlı ev, 2 ədəd bir mərtəbəli ev və həyət tikilisi var. Vətəndaşın 463 saylı bağ sahəsi kimi göstərdiyi sahə arxiv cizgisində göstərilənlə uyğunsuzluq təşkil edir. Belə ki göstərilən sahənin bir hissəsi arxiv cizgisində 462a/1106 saylı bağın ərazisi kimi göstərilib. 463/1106 saylı bağ sahəsi isə arxiv cizgisinə əsasən faktiki 463 saylı bağın arxiv cizgisində göstərilən sahəsinin bir hissəsindən istifadə edir. Ümumi sahədə 463, 463/1106 və 1107 saylı bağ sahələrinin faktiki istifadə vəziyyətinə uyğun vətəndaşların bölgü sxemi müraciət olub (**********). Bağ sahibləri ailə üzvləri (qardaş) olduqlarını bildirmişdir. Əlavə istifadədə olan sahəyə sənəd təqdim olunmayıb. Bağ sahəsinin nömrəsi icarə müqaviləsində 463 kimi göstərilsə də, bağ sahəsinin arxiv cizigisində nömrəsi 463/1105 kimi göstərilib. 463 bağın köhnə nömrəsidir. Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinə ünvanlanmış 38 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat ofisinə X6 və İddiaçı tərəfindən müraciət olunmuşdur. X4 xx.xx.1995-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə X6 və İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. ünvan 1 ünvanında yerləşən bağ evi və 0,25 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunur. DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********21 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən “463”, “463/1106” və “1107” saylı bağ evinə dair bölgü sxeminin tərtib edilməsi barədə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Tərəflərindən göstərilən 463 saylı torpaq sahəsinin bir hissəsi arxiv cizgisində 462a/1106 saylı torpaq sahəsinin ərazisi kimi göstərilib. Torpaq sahəsinin nömrəsi icarə müqaviləsində “463” kimi göstərilsə də, arxiv cizgisində nömrəsi 463/1105 kimi göstərilib. Ümumi ərazi daxilində “1105” və “1107” saylı torpaq sahələrinin bölünənləri mövcuddur. Belə ki, “1105”, “1107”, “1105A”, “1106” saylı torpaq sahələri və bölünənləri ilə keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. ünvan 3 ünvanında qeydiyyatda olan X6 və ünvan 4 ünvanında qeydiyyatda olan X1 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində təsdiqlənmiş **********252 №-li ərizədə qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1105 saylı bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsinə razıdırlar. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1105,1106 və 1107 saylı bağ sahələrinin notarial qaydada təsdiq olunmuş bölgü sxemindən müəyyən olunur ki, İddiaçı Məmmədrəhim oğlu, X6 və X1 tərtib edilmiş sxemlə razı olduqlarını, heç bir etirazları və əlavələrinin olmadığını qeyd etmişlər. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********71 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən “463/1105” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Faktiki torpaq sahəsi ilə arxiv cizgisi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur, həmçinin göstərilən torpaq sahəsinin bir hissəsi arxiv cizgisinə əsasən digər torpaq sahəsinin ərazisinə uyğun gəlir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Odur ki, ümumi ərazi daxilində yerləşən torpaq sahələri arasında arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Torpaq Məcəlləsi. Dövlət mülkiyyətində olan torpaqlara dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar daxildir (maddə 46.1). Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (maddə 48.2). Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (maddə 48.4). Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur (maddə 50.1). Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır (maddə 55). Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir (maddə 84.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüququ marağı bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1980-ci il tarixli, 2429 №-li müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,25 ha olan, 463/1105 saylı bağ sahəsinin mərhum atası X5 məxsus olması barədə arayışın verilməsinə yönəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X11 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.1-ci bəndinə görə Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Cavabdehin torpaq sahəsinin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi faktiki torpaq sahəsi ilə arxiv cizgisi arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğu, həmçinin göstərilən torpaq sahəsinin bir hissəsinin arxiv cizgisinə əsasən digər torpaq sahəsinin (462a/1106 saylı bağ sahəsinin) ərazisinə uyğun gəldiyi, göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1105,1106 və 1107 saylı bağ sahələrinin notarial qaydada təsdiq olunmuş bölgü sxemindən müəyyən olunur ki, İddiaçı Məmmədrəhim oğlu, X6 və X1 tərtib edilmiş sxemlə razı olduqlarını, heç bir etirazları və əlavələrinin olmadığını qeyd etmişlər. Həmçinin məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən müəyyən olunmuşdur ki, X6 və X1 mübahisəli bağ torpaq sahəsinin İddiaçı tərəfindən özəlləşdirilməsinə razıdırlar. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli bağ sahəsinə dair hüququn iddiaçının mərhum atasına məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin (həmin dövrdə qüvvədə olan redaksiyada) tələblərinə zidd olmaqla qanunsuz olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. X7 və İstismarı Birliyi ilə X11 arasında bağlanmış xx.xx.1980-ci il tarixli, 2429 №-li müqaviləyə əsasən X4 istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0,25 ha-dan ibarət 463/1105 saylı bağ torpaq sahəsinin mərhum X5 məxsusluğu barədə arayışın (çıxarış) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev