Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12600/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 20.12 2000-ci il tarixli 1865 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikmək uçun İddiaçı ayırlmış Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 300 kv.m. torpaq sahəsinin yerləşmə cizgisini ( sxemini) tərtib edilərək verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətinizin müsbət həlli səlahiyyətləri xaricindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1865 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikdirmək üçün İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin (sxemini) verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ.Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci ıl tarixli 1865 saylı sərəncamına əsasən, fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı- Aeroport yolunun cənub hissəsində 300 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti torpaq sahəsini iddiaçıya ayıran zaman torpağın yerləşmə cizgisini (sxemini) ona təqdim etməmişdir. Sonradan torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi şifahi olaraq bildirmişdir ki, yerləşmə sxemi, plan və torpaq sahəsinin təhkim aktı DƏDRX ərazi idarələrinin səlahiyyəti xaricindədir, bu səlahiyyət torpağın ayrılması barədə qərar qəbul etmiş təşkilat tərəfindən tərtib edilməlidir. Qeyd edilənlərlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətiə müraciət edilmişdir. Lakin Suraxanı Rayon İcra Hakimiyyəti də xx.xx.2025-ci il tarixli imtina ilə ayrılmış torpaq sahəsinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti "orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı "torpaq sahəsinə cizginin verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı ona ayrılmış torpaq sahəsi ilə bağlı yerləşmə cizgisini tələb etdiyindən onun iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 1865 nömrəli, xx.xx.2000ci il tarixli sərəncamdan görünür ki, Vət. X1 Suraxanı İHB-nın xx.xx.1999-cu il tarixli, 741 saylı sərəncamı əsasında fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 1000kv.m torpaq sahəsi ayrılmışdır. Vət.C.Əliyev həmin sahədən istfadə etmədiyindən, qarşılıqlı razılaşma əsasında vət. İddiaçı, ... bölünüb hissə hissə vermişdir. Həmin vətəndaşlar sahədə tikinti işləri apararkən, verilmiş sahələrinə bitişik olan sahənin abadlaşdırıb, həyətlərinə qatmışlar. Yerində yoxlama zamanı müəyyən edilmişdir ki, əlavə olunmuş sahələrin rəsmiləşdirilməsinə imkan vardır. Vət. ..., İddiaçı, ... təqdim olunmuş sənədlərdən görünür ki,mənzil qanunveriliciyinə əsasən onların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Buna görə də həmin sərəncamla Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində fərdi yaşayış evi tikmək üçün vət. İddiaçı 300 kv.m. torpaq sahəsi ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********56 nömrəli xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, koordinatlarla verilmiş torpaq sahəsi faktiki olaraq 0.0397 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi”nin hüdudları daxilindədir (Suraxanı Oil). Sahədən təqribi 17.0 m məsafədə neft quyusu məlumatı var. Sahə "Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Bundan əlavə son sərhəd məlumatına əsasən sahə Suraxanı rayonu, Bülbülə qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sənədlərdən məlum olur ki, iddiaçıya torpaq sahəsi xx.xx.2000-cı il tarixli 1865 saylı Sərəncamla ayrılmışdır, həmin sərəncam hazırda qüvvədədir. İddiaçı bu sərəncam əsasında ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etmək üçün hazırda torpaqayıran qurum olan cavabdehdən ona ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini xahiş edir, cavabdeh isə yerqurluşu işlərinin aparılmasının onun səlahiyyətlərinə aid olmamasına istinad edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən: -1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; 2) müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq; 3) müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək; 4) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etmək; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin həmin dövrdə qüvvədə olan 65-ci maddəsinə əsasən: - 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. - 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. - 3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. - 4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. - 5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 13-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutu və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutu torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqında səlahiyyətli orqanlar tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini torpağa mülkiyyət və istifadə hüququna dair mövcud formalarda əks etdirir. İstinad olunan normalardan görünür ki, cavabdehin xx.xx.2001-ci il tarixədək fiziki şəxslərə torpaq sahəsi ayrımaq hüququ olmuş, bu zaman torpaq sahəsinin ayrılması barədə qərara 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planının əlavə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya cavabdeh tərəfindən ayrıldığından həmin torpaq sahəsinin naturada təyin edilməsini təsdiq edən sənədin, yəni torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi də həmin qurumun vəzifəsi olmuşdur. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş etsə də, əslində bununla ona torpaq ayrılan zaman tərtib edilən cizginin “dublikatı”nın (surətinin) verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dublikatı”nı (surətinin) təqdim etmək vəzifəsi daşımışdır, həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması onu bu vəzifəsinin icrasından azad etmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı tələbində haqlı olmuşdur və bu səbəbdən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1865 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 300 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-12600/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12600/2025
12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver