Məhkəmə qərarları › İş №2-1(112)-12603/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12603/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12603/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövrlər üzrə əmək pensiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövrlər üzrə əmək pensiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya DSMF-nin Binəqədi rayon Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilərək xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının hüququ yarandığı vaxtdan, yəni xx.xx.2009-cu il tarixdən yaşa görə pensiya təyin edilmiş və təyin edilmiş pensiyanın müraciət etdiyi tarixdən 3 il əvvələ, yəni xx.xx.2021-ci il tarixə 11422,14 manat əksik vermə hesablanaraq ödənilməsi qərara alınmışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının əvvəlki illər üzrə ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini xx.xx.2024-cü il tarixli məktubla təmin etməkdən imtina edərək bildirmişdir ki, “…3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququnun xx.xx.2009-cu il tarixindən yaranmasına baxmayaraq Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 25 iyul 2024-cü il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və xx.xx.2009-cu il tarixindən etibarən 3 uşaqlı ana kimi yaşa görə ödənilməmiş əmək pensiya haqqının və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009 cü il tarixində onun 51 yaşı tamam olmuş və 5 ildən çox iş stajı mövcud olub. Belə olduğu halda köhnə əmək pensiyası haqqında qanunun 8.1-ci maddəsinə əsasən onun əmək pensiyası alamaq hüququ yaranmışdır. “Əmək pensiyası haqqında” qanunun 8.ci maddəsinə görə üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir.. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya DSMF-nin Binəqədi rayon Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilərək xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının hüququ yarandığı vaxtdan, yəni xx.xx.2009-cu il tarixdən yaşa görə pensiya təyin edilmiş və təyin edilmiş pensiyanın müraciət etdiyi tarixdən 3 il əvvələ, yəni xx.xx.2021-ci il tarixə 11422,14 manat əksik vermə hesablanaraq ödənilməsi qərara alınmışdır. Hazırd iddiaçı ona hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2009-cu ildən hazıradək ona yaşa görə pensiyanın ödənilməsini xahiş edir. Cavabdeh isə, bildirir ki, iddiaçı 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququnun xx.xx.2009-cu il tarixindən yaranmasına baxmayaraq Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdı Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 8.1-ci maddəsi: 8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsini qərara almışdır. İddiaçı pensiya hüququnun yaranma anı xx.xx.2009-cu ildir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan ona həmin tarixdən 3 il əvvəldən yəni xx.xx.2021-ci il tarixdən pensiya təyin edib. İddiaçının müraciətin xx.xx.2017-ci il tarixədək edilməsinin şəxsin iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübutlar yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövrlər üzrə əmək pensiyasının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar