Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12607/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid ailəsi kimi ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X11 Azərbaycan Respublikasının müdafiəsi zamanı xx.xx.2005-ci ildə şəhid olduğundan iddiaçı şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə alınmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək, həmçinin bildirdi ki, o iddiaçının oğludur. O, Beyləqan rayonunda yaşayır. İddiaçı isə Bakı şəhərində qeydiyyatda olduğu ünvanda yaşayır. Həmin ünvan onların ailə dostlarına məxsusdur. İddiaçı səhhəti ilə bağlı daimi həkim müayinəsi və müalicəsinə ehtiyacı olduğu üçün Bakı şəhərində yaşayır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1952-ci ildə anadan olmuşdur və o, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 1, mənzil 388 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil X2 mülkiyyətindədir. İddiaçıya verilmiş 006744 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilmişdir. Təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilmiş AZ-İ 178745 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilmiş AZ-İ 385945 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciəti üzrə aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Sirik kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən X1 rayonu, Sirik kəndində qeydiyyatdadır və aşağıdakı tərkibdə ailə üzvləri var: arvadı- İddiaçı, oğlu – Nümayəndə, gəlini – X9, nəvəsi – X4, nəvəsi – X3, nəvəsi – X6. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil növbəsinə götürülməsini həyata keçirmək məqsədilə yaradılmış rayon komissiyasının təklifini nəzərə alaraq X5 7 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının 22 aprel 2025-ci il tarixli sərəncamı ilə mərhum həyat yoldaşı X7 ailə tərkibində imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüş şəhid ailəsi İddiaçı Cəbrayıl Rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılması və onun Cərbrayıl Rayon İcra Hakimiyyətində olan mənzil növbəsi sənədlərinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 1, mənzil 388 (yeni qaydalarla: AZ 1149, ünvan 5 ünvanı X2 adına qeydiyyata alınmışdır. Həmçinin bildirilir ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Nümayəndə adına Beyləqan şəhəri, Yasin Məmmədov küçəsi, 41 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0594 ha torpaq sahəsi, həmçinin Beyləqan şəhəri, X16 küçəsi, ev 102, mənzil 16 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdehin iddiaçının müraciətinə ünvanladığı xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, araşdırma zamanı onun xx.xx.2025-ci il tarixdən ünvan 6 ünvanına daimi qeydiyyata düşməklə mənzil şəraitini süni şəkildə pisləşdirməsi müəyyən edildiyindən qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq xahişinin yerinə yetirilməsi mümkün deyildir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (48.2). Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) (50.1.).Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). Hal-hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində göstərilmişdir ki, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, müəyyən kateqoriya vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilərək müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciətləri əsasında mənzil uçotuna götürülə bilərlər. Yaşayış sahəsinə ehtiyacı olan şəxslər yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələr tərəfindən mənzil uçotuna götürülürlər. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında göstərilmişdir ki:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. İlk öncə qeyd edilməlidir ki, mənzil uçotuna götürülmək üçün yaşayış sahəsinə ehtiyacı olan şəxslər müvafiq yerli icra hakimiyyətinə müraciət edirlər. Qanunvericilikdə belə şəxslər dairəsi konkret olaraq göstərilmişdir. Nəzərə alınmalıdır ki, şəhid ailələri üçün əlavə xüsusi sosial müdafiə mexanizmləri var və digər kateqoriya şəxslərə nəzərən şəhid ailələri barəsində daha xüsusi rejim müəyyən edilməlidir. Belə sosial müdafiə vasitələrindən biri də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır və orada qeyd edilən xüsusatlar öz əksini tapmışdır. İşdən görünür ki, iddiaçı şəhid ailəsi kimi yaşayış yerinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınmasını xahiş edir. Cavabdeh isə mənzil şəraitini süni şəkildə pisləşdirməsi əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu xx.xx.2005-ci il tarixdə şəhid olmuşdur. Cəbrayıl Rayon İcra Hakimiyyətinin 18 dekabr 2023-cü il tarixli sərəncamı ilə iddiaçının əri X7 7 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüşdür. Bundan sonra o, xx.xx.2024-cü ildə vəfat etmişdir. Sonucunun vəfatından sonra Cəbrayıl Rayon İcra Hakimiyyətinin 22 aprel 2025-ci il tarixli sərəncamı ilə mərhumun həyat yoldaşı olan iddiaçının Cəbrayıl Rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılmış və onun Cəbrayıl Rayon İcra Hakimiyyətində olan mənzil növbəsi sənədləri Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarında yaşayış sahəsinə ehtiyacı olan şəxslərin kateqoriyası konkret olaraq göstərilmişdir. Həmin kateqoriya şəxslərdən biri də ümumiyyətlə “yaşayış sahəsi olmayan şəxslər”dir. Həmin kateqotiya şəxslərin dairəsi sosial kirayə müqaviləsi üzrə sosial kirayə müqaviləsi üzrə kirayəçi olmayanlar, kirayəçinin ailə üzvü olmayanlar, heç bir yaşayış sahəsinin mülkiyyətçisi olmayanlar və mülkiyyətçinin ailə üzvü olmayanlardan ibarətdir. Qeyd edilməlidir ki, iddiaçının və onun ailə üzvlərinin adlarına daşınmaz əmlakın olub-olmaması barədə məlumatın əldə edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Məhkəmə sorğusuna cavab məktubunda iddiaçının oğlu Nümayəndə mülkiyyətində Beyləqan şəhəri, Yasin Məmmədov küçəsi, 41 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0594 ha torpaq sahəsi və Beyləqan şəhəri, X16 küçəsi, ev 102, mənzil 16 ünvanında yerləşən mənzilin olduğu bildirilmişdir. Qeyd edilməlidir ki, şəxsin mənzil növbəsinə hansı əsaslarla götürülməsindən asılı olmayaraq onun mənzil növbəsinə götürülməsi üçün əsas şərt onun həqiqətən yaşayış sahəsinə ehtiyacı olan şəxs olmasıdır. Həmin şərt ödənilmədən şəxsin hansı imtiyazlı kateqoriyaya aid edilməsi önəm kəsb etmir. Hazırkı vəziyyətdə iddiaçının ailə üzvü olan oğlunun mülkiyyətində iki yaşayış sahəsi mövcuddur. İddiaçının oğlu Nümayəndə məhkəmə iclasında özünün Beyləqan rayonunda, iddiaçının isə Bakı şəhərində ailəvi dostlarının mülkiyyətində olan mənzildə yaşadığını bildirmişdir. Bunu iddiaçının daimi həkim müayinə və müalicəsinə ehtiyacının olması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının oğlunun mülkiyyətində Beyləqan şəhərində yaşayış sahələri olduğu halda onun Bakı şəhərində, hansısa kənar bir şəxsin mülkiyyətində olan mənzildə qeydiyyyatda olmaqla, həmin mənzildə yaşaması məntiqli və inandırıcı görünmür. Buradan da belə bir nəticə çıxır ki, iddiaçı Bakı şəhərinə yaşayış yeri üzrə qeydiyyata alınmaqla öz mənzil şəraitini süni surətdə pisləşdirmişdir. Bu hal isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxslər kateqoriyasına aid olmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). Göründüyü kimi iddiaçı onun şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə tərəfindən əldə edilmiş müvafiq məlumatlar isə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi müəyyən edilməsi şərtlərini aradan qaldırır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Emin Abdullayev