Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1261/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçı Ağacanov Tofiq Şamil oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, pensiyaçı), cavabdehin nümayəndəsi Rüstəmli Nurani Mədəd oğlunun (ixtisası hüquqşünas, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Ağacanov Tofiq Şamil oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanaraq 14.10.2006-cı ildən ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Ağacanov Tofiq Şamil oğlu 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq yenidən hesablanmış və müəyyən edilmiş 2024,50 manat həcmində pensiyanın pensiya hüququnun yarandığı gündən, yəni 14.10.2006-cı il tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1428/2019 nömrəli, 01.07.2019-cu il tarixli qərarı ilə iddiaçı Ağacanov Tofiq Şamil oğlunun iddiası təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-2222/2019 nömrəli, 26.11.2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1428/2019 nömrəli, 01.07.2019-cu il tarixli qərarı ləğv edilmiş, işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-2222/2019 nömrəli, 26.11.2019-cu il tarixli qərardadından iddiaçı Ağacanov Tofiq Şamil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(102)-638/2020 nömrəli, 03.06.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-2222/2019 nömrəli, 26.11.2019-cu il tarixli qərardadı qüvvədə saxlanılmışdır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra iddiaçı Ağacanov Tofiq Şamil oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək barəsində rayon prokurorunun müavini kimi təyin edilmiş pensiya məbləği üzrə hesablanmamış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrində nəzərdə tutulan müavinətlərin dəyərini, eləcə də ona ödənilən və məcburi sığortaya cəlb edilən digər müavinətlərin verilməsi dəyərini nəzərə alıb, hazırda pensiya həcminin hansı məbləğdə olmasını müəyyən etməklə, almadığı fərqin hesablanması və bunların pensiya hüququ yarandığı 14.10.2006-cı ildən başlayaraq ümumi dəyərinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, prokurorluq əməkdaşı kimi 25 il xidmət etdiyinə görə 14.10.2006-cı ildən pensiya hüququnu əldə etmiş və həmin vaxtdan da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən ona pensiya təyin edilmişdir. 2006-cı ildə hesablama aparılarkən pensiyasının məbləği 1298,45 manat müəyyən edilmişdir. Həmin vaxt cavabdeh pensiyanı hesablayan zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan müvafiq müavinətlərin verilməsi nəzərə alınmamışdır. Bu səbəbdən barəsində pensiyasının yenidən hesablanması haqqında cavabdehə müraciət edilməsinə baxmayaraq cavabdeh əsassız olaraq müraciətini rədd etmişdir. Lakin sonradan o, Baş Prokurorluqdan alınmış arayış cavabdehə təqdim edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh hesablamanı yenidən aparsa da, pensiya məbləği yenə də düzgün hesablanmamışdır. Yəni ona cəmi 2024,50 manat pensiya məbləği müəyyən edilmişdir. Bundan başqa almadığı pensiya fərqinin ona pensiya hüququ yarandığı 14.10.2006-cı ildən deyil, cəmi 3 il müddətində ödənilməsi qərara alınmışdır. Bu səbəbdən o, cavabdehə qarşı iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Göstərilən məhkəmənin 01.07.2019-cu il tarixli, 2-1(82)-1428/2019 nömrəli qərarı ilə iddiası təmin olunmuş və pensiyasının 14.10.2006-cı ildən başlayaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2-1(103)-2222/2019 nömrəli qərardadı ilə qismən təmin edilmiş və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsində işə baxılan zaman cavabdeh pensiyanın həcmini, təxminən 400 manat azaltmış və bu barədə 16.02.2021-ci ildə pensiya məbləğinin hesablanmasına dair cədvəl göndərmişdir. Həmin hesabama düzgün aparılmamışdır. Belə ki, 2006-cı ildə hesablama zamanı məhz istədiyi 60 ay müddəti, yəni 1996-2000-ci illərdə Bakı şəhər Sabunçu rayon prokurorun müavini vəzifəsində xidmət etdiyi müddətdə aldığı orta əmək haqqı nəzərə alınmış və onun 80%-i götürülüb pensiya məbləği müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh 2006-cı ildən 2009-cu ilə qədər müddətində rayon prokurorunun müavini vəzifəsinin maaşını götürsə də, 2009-cu ildən sonra barəsində rayon prokurorunun müavini vəzifəsi əvəzinə rayon prokurorunun böyük köməkçisi vəzifəsinin maaşını və ona müvafiq olaraq qulluq stajına görə əlavələri nəzərə almış və hesablamanı düzgün aparmamışdır. Prokurorluq işçisinin maaşı vəzifə maaşından, rütbəyə və xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Prokuror işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik müavinəti verilir. Bundan başqa, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Baş Prokurorluq tərəfindən verilmiş 25.07.2018-ci il, 31.07.2018-ci il, 31.07.2018-ci il və 07.03.2021-ci il tarixli arayışlardan görünür ki, ona məzuniyyətə çıxarkən ildə bir dəfə 2 aylıq əmək haqqı məbləğində müavinətlər və müalicə olunması ilə əlaqədar 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilmişdir. 2007-ci ildən hər il mart, oktyabr və dekabr aylarında 1 dəfə aylıq əmək haqqı, 2 dəfə maaş həcmində maddi yardım verilmişdir. Bundan əlavə, Baş Prokurorluğun verdiyi 07.03.2021-ci il tarixli arayışdan görünür ki, prokurorluq əməkdaşlarının vəzifə maaşı 2002-ci ildə 4 dəfə, 2006-cı ildə 2,5 dəfə, 2014-cü ildə 13,4%, 01.03.2018-ci ildə 10%, 2020-ci ildə - 100% artmışdır. Eləcə də, pensiyanın məbləğinin hesablanması üçün götürdüyü Bakı şəhəri Sabunçu rayon prokurorunun müavininin 14.10.2006-cı ildən 01.12.2006-cı ilə qədər əmək haqqının məbləği 642,40 manat, 01.12.2006-cı ildən 31.12.2013-cü ilədək -1338,50 manat, 01.01.2014-cü ildən 01.03.2018-ci ilədək – 1584,90 manat, 01.03.2018-ci ildən 01.08.2020-ci ilədək – 1110 manat, staja görə 45% əlavə 499,50 manat, rütbəyə görə 130 manat, cəmi 1739,50 manat, 01.08.2020-ci ildən – 1110 manat, staja görə 45% əlavə 499,50 manat, rütbəyə görə 130 manat, cəmi 1739,50 manat, bir aylıq vəzifə maaşı 1110 manat, cəmi 2849,50 manat təşkil etmişdir. Bundan əlavə onun məzuniyyətdən istifadə etmədiyi 1996,1997,1999,2000-ci illər üzrə 2009-cu və 2018-ci illərdə iddiaçıya 7364,70 manat məbləğində vəsait ödənilmişdir və həmin vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutularaq fonda köçürülmüşdür. Lakin cavabdeh pensiyanın məbləğini müəyyən edərkən məcburi dövlət sığortasına cəlb edilən bu müavinətləri nəzərə almamışdır. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq həmin cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçı Ş.Ağacanov məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Rüstəmli iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır. Belə ki, iş üzrə sübut qismində məhkəməyə iddiaçı tərəfindən iddiaçının əmək kitabçasının surəti, Azərbaycan Respublikasının Baş Prokurorluğunun arayışları və iddiaçıya ünvanlanmış məktubları, digər məktublar cavabdeh tərəfindən isə pensiya işinin surəti təqdim edilmişdir. Habelə məhkəmənin verdiyi sorğulara əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğunn 11.12.2020-ci il tarixli və 05.03.2021-ci il tarixli məktubları, cavabdehin iddiaçıya 14.10.2006-25.02.2019-cu il tarixləri arasındak dövr ərzində əmək pensiyasının hesablanması qaydasına və pensiya məbləğindəki dəyişikliklərə aid məlumat təqdim edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2222/2019 nömrəli, 26.11.2019-cu il tarixli qərardadına əsasən iddiaçının hazırki inzibati iş üzrə ilkin iddia tələbinin (yenidən hesablanmış və müəyyən edilmiş 2024,50 manat həcmində pensiyanın pensiya hüququnun yarandığı gündən, yəni 14.10.2006-cı il tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə) təmin edildiyi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1428/2019 nömrəli, 01.07.2019-cu il tarixli qərarı cavabdehin şikayəti əsasında ləğv edilmişdir, həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(102)-638/2020 nömrəli, 03.06.2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.Bakı Apellyasiya Məhkəməsinin qərardadında müəyyən edilmişdir ki, işin mübahisələndirilməyən halı kimi müəyyən etmişdir ki, “iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə müraciəti əsasında prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla pensiyanın məbləği yenidən hesablanaraq 01 mart 2018-ci ildən 2024,50 manat müəyən edilmiş və ödənilmişdir.” Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1981-ci ildən 1989-cu ilə qədər Belarusiya Respublikasının, 1989-cu ildən 1992-cı ilə qədər Azərbaycan Respublikasının Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir, 1992-2000-ci illərdə Sabunçu rayon prokurorunun müavini, 2001-ci ildən 2009-cu ilə qədər Abşeron rayon prokurorunun böyük köməkçisi işləmişdir.2006-cı ilin dekabr ayında iddiaçıya xidmət illərinə görə 589,23 manat pensiya təyin edilmişdir, sonradan onun pensiyasının məbləği pensiya orqanı tərəfindən artırılaraq 01.01.2014-cü ildən 1463,86 manat, 01.03.2018-ci ildən 1598,5 manat müəyyən edilmiş, daha sonra isə 2018-ci ilin avqust ayında pensiyasının məbləği 2024,50 manat müəyyən edilərək həmin pensiyanın 3 il əvvəldən - 02.08.2015-ci ildən iddiaçıya ödənilməsi barədə cavabdeh (DSMF-nin Nərimanov rayon şöbəsi) tərəfindən sərəncam qəbul edilmişdir, bu barədə iddiaçıya ünvanlanmış 13.09.2018-ci il tarixli məktubunda DSMF-nin Nərimanov rayon şöbəsi bildirmişdir ki, iddiaçının pensiyasının məbləği 2024,50 manat müəyyən edilmişdir ( 25 il prokurorluq orqanlarında staja əsasən vəzifə maaşı, staj əlavəsi, rütbə və müvafiq dövrün mükafatları nəzərə alınmaqla).İddiaçı həmin pensiya məbləğinin 14.10.2006-cı ildən başlayaraq ödənilməsi vəzifəsinin DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə hazırki iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək rayon prokurorunun müavini kimi təyin edilmiş pensiya məbləği üzrə hesablanmamış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrində nəzərdə tutulan müavinətlərin dəyərini, eləcə də ona ödənilən və məcburi sığortaya cəlb edilən digər müavinətlərin verilməsi dəyərini nəzərə alıb, hazırda pensiya həcminin hansı məbləğdə olmasını müəyyən etməklə, almadığı fərqin hesablanması və bunların pensiya hüququ yarandığı 14.10.2006-cı ildən başlayaraq ümumi dəyərinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İddiaçı pensiyasının hesablanması zamanı yuxarıda qeyd edilən normalarda nəzərdə tutulan ödənclərin nəzərə alınmasını tələb edir və bildirir ki, qeyd edilən normalarda göstərilən ödəncləri o almış və bu hal Azərbaycan Respublikasının Baş Prokurorluğunun məktubları ilə təsdiqlənir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçıya 2024,50 manat məbləğində pensiya cavabdeh tərəfindən müəyyən edilmiş və bu barədə iddiaçıya məlumat verilmiş, habelə 3 il əvvəlki müddət üçün də həmin pensiya məbləği hesablanaraq iddiaçıya ödənilmişdir.Qeyd edilən pensiyanın məbləği 2021-ci ilə qədər tərəflərin heç biri tərəfindən mübahisələndirilməmişdir. İddiaçı ilə cavabdeh arasında mübahisənin yaranmasına səbəb iddiaçı tərəfindən həmin pensiyanın 2006-cı ildən hesablanmasının cavabdehdən tələb edilməsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin hazırki mübahisə üzrə qəbul edilmiş 2-1(103)- 2222/2019 nömrəli, 26.11.2019-cu il tarixli qərardadına əsasən apellyasiya instansiyası məhkəməsi işin mübahisələndirilməyən halı kimi müəyyən etmişdir ki, “iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə müraciəti əsasında prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla pensiyanın məbləği yenidən hesablanaraq 01 mart 2018-ci ildən 2024,50 manat müəyən edilmiş və ödənilmişdir.” İnzibati işin materiallarına əsasən sonradan cavabdehin 07.01.2021-ci il tarixli qərarı ilə iddiaçının pensiyasının məbləği 1674,17 manat müəyyən edilsə də (azaldılsa da) məhkəmə cavabdehin bu hərəkətini qanunauyğun hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın cavabdeh inzibati orqanın özü tərəfindən ləğv edilərək daha az miqdarda yenidən pensiya təyin edilməsi kimi norma nəzərdə tutulmamışdır. Əksinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir və sosial təminatın səviyyəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəalara əsasən hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirməklə getdikcə daha da yüksəlməsi nəzərdə tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İddiaçıya 2054,50 manat pensiya təyin edilən zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçıya 2024,50 manat pensiya məbləğinin təyin edilməsi zamanı qərarda yazı və hesab səhvinə yol verilməsi, buna görə də sonradan pensiya məbləğinin azaldılması barədə cavabdeh tərəfindən məlumat verilməmiş və sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın cavabdeh inzibati orqanın özü tərəfindən ləğv edilərək daha az miqdarda yenidən pensiya təyin edilməsi kimi norma nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının iddiası prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla cavabdeh tərəfindən təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2222/2019 nömrəli, 26.11.2019-cu il tarixli qərardadında birinci instansiya məhkəməsinin qərarını ləğv edən apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının pensiyasının pensiya almaq hüququ yarandığı tarixdən, yəni 14 oktyabr 2006-cı il tarixdən hesablanaraq ödənilməli olmasına dair nəticəsi ilə razılaşsa da həmin hesablamanın 14.10.2006-cı il tarixindən 2024,50 manat məbləğində nəzərə alınmaqla yenidən hesablanmasına dair nəticəsi ilə razılaşmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin faktiki hallarına əsasən isə prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla cavabdeh tərəfindən təyin edilmiş pensiyasının (2024,50 manat) məbləği təyin edildiyi gündən əvvəlki 3 il üçün iddiaçıya ödənilmişdir. Belə olan halda məhkəmə apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyni rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçının iddiası qalan hissədə əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin olunaraq iddiaçıya cavabdeh tərəfindən ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı cavabdeh tərəfindən ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsicаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1261/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1261/2021
29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver