Məhkəmə qərarları › İş №2-1(112)-1261/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1261/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1261/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Günəşli bağçılıq ünvanı ərazisində yerləşən yaşayış evini, eyni zamanda torpaq sahəsinin 300 kv.m hissəsini hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qum Adası DQİİ-nin müdriyyətinin, HİK-nin və Günəşli bağçılıq Təsərrüfatının idarə heyyətinin birgə iclasının xx.xx.2005-ci il tarixli 8 saylı protokolundan çıxarışa əsasən İddiaçı2 X4 bağçılıq yoldaşlıq birliyi nəzdində 80 N-li Sahədə 400 kv.m torpaq sahəsi ayrılmış, bununla əlaqədar ilk dəfə 16 may 2023-cü il tarixdə AR İN-yi yanında, ƏMDX-ti, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həmin torpaq sahəsinin çıxarışın verilməsi barədə ərizə verilsə də, həmin idarə torpaq sahəsi barədə idarədə məlumat olmadığı barədə qeyd edərək, çıxarış verməmiş, daha sonra 06 may 2024-cü il tarixdə yenidən müraciət olunsa da, inzibati orqan tərəfindən indiyə kimi hərəkətsiz qalaraq, heç bir cavab verilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı həmin 80 №-li sahədə yerləşən 400 kv.m torpaq sahəsini İddiaçı2 qanuni əsaslarla 12 avqust 2020-ci il tarixdə etibarnamə əsasında almışdır. Hal-hazırda həmin torpaq sahəsi və onun üzərində olna tikiliyə dair çıxarış alınması üçün məhkəməyə müraciət olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Günəşli bağçılıq ünvanı ərazisində yerləşən yaşayış evini, eyni zamanda torpaq sahəsinin 300 kv.m hissəsinin hüquqların dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi ilə bağlı iddiaçı tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı müraciət olunmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: “Qum adası” DQİİ-nin müdriyyətinin, HİK-nin və “Günəşli” bağçılıq təsərrüfatının idarə heyətinin birgə iclasının xx.xx.2005-ci il tarixli, 8 nömrəli protokolundan görünür ki, İddiaçı2 80 nömrəli bağ sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********52 nömrəli məktubuna əsasən iddiaçının “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası “Günəşli” bağçılıq yoldaşlıq birliyi nəzdində ayrılmış 400 kv.m torpaq sahəsinin qeydiyyatdan keçibkeçməməsi barədə məlumatın təqdim edilməsi” barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Günəşli” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsinin İddiaçı2 adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. SOCAR tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli, 14-2/2-2717/2024 nömrəli sorğuya cavab məktubuna əsasən SOCAR-da saxlanılan sənədlər arasında “Qum adası” X3 İdarəsinin “Günəşli” bağçılıq təsərrüfatı tərəfindən vətəndaş İddiaçı2 bağ sahəsinin ayrılması barədə hər hansı sənəd aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********62 nömrəli sorğuya cavab məktubundan görünür ki, idarənin arxivində “Qum adası” DQll-nin “Günəşli” bağçılıq yoldaşlıq üzvlərin siyahısı, eləcə də həmin bağçılıq yoldaşlıq birliyi nəzdində 80 saylı bağ sahəsinə aid sənəd aşkar edilməmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi İddiaçı2 ayrılmış və hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. İddia tələbinin mümkün sayılmaması ilə bağlı məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Qanunvericiliyin tələblərindən də müəyyən edildiyi kimi subyektiv hüququn mövcudluğu iddianın mahiyyəti üzrə qiymətləndirilməsindən əvvəl aparılmalı olan dəyərləndirmədir ki, hazırkı iş üzrə iddiaya iddiaçının subyektiv hüququnun mövcud olmaması iddiaya mahiyyəti üzrə baxılması imkanını istisna edir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı əmlaka (torpaq sahəsi) dair təqdim olunan sənədlər İddiaçı2 aiddir. Elektron məhkəmə informasiya sisteminə inteqrasiya olunmuş məlumata görə isə adıçəkilən şəxsin xx.xx.2023-cü il tarixdə vəfat etdiyi məlum olunmuşdur. Göründüyü kimi həmin şəxsin vəfat etməsi ilə əlaqədar vərəsəlik işinin açılması, iddiaçının həmin şəxsin vərəsəsi olması barədə məlumat aşkar olunmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana (cavabdehə) müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri (vərəsəlik şəhadətnaməsi) onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, başqa sözlə, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına (cavabdehə) təqdim etməli və daşınmaz əmlak üzərində hüquq ölmüş şəxsin deyil, artıq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin hazırki işin hallarından görünür ki, İddiaçı2 vərəsəsi olmamış, öz əsaslandırılmasına görə o, həmin əmlakı sonuncudan etibarnamə əsasında almışdır. Belə olan halda belə iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmadığı müəyyən olunmaqdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Məhkəmə qeyd edir ki, mərhum İddiaçı2 etibarnamə əsasında sözügedən torpaq sahəsini iddiaçının istifadəsinə versə də, sonuncu həmin torpaq sahəsini yalnız idarə edən şəxs olmuşdur. Onun həmin torpaq sahəsinə dair hər hansı hüquqları yaranmamış, o, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmək üçün subyektiv hüquqa malik olmamışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, hazırki iddia mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə onu da bildirməyi zəruri hesab edir ki, eyni münasibət həmçinin fərdi yaşayış evinə dair hüquqların qeydiyyatına da şamil olunur. Hər iki tələb bir-birindən asılı olduğundan, hazırki mərhələdə iddia tələbinə həmin hissədə də baxılması mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar