Məhkəmə qərarları › İş №2-1(112)-12618/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12618/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12618/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması üçün sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Suraxanı RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən 14 “a” saylı evin 36 saylı mənzilinə dair sosial kirayə müqaviləsinin onun adına bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin (bundan sonra mətndə Sabunçu RİH) 12 nömrəli, 06 fevral 2012-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiyasının 10 oktyabr 2009-cu il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, E.Qasımov küçəsində inşa edilmiş 9 mərtəbəli, 81 mənzilli, 14 “a” saylı binadan 3-cü mərtəbədən, yaşayış sahəsi 64,6 kv. m. olan (ümumi sahəsi 105,85 kv. m.) 3 otaqlı 36-cı mənzili 5 nəfər ailə üzvü ilə X6 verilmişdir. Həmin sərəncamın 3-cü bəndinə əsasən X5 adına gələcəkdə sosial kirayə müqaviləsinin bağlanması həmin əraziyə xidmət göstərən müvafiq mənzil-kommunal istismar sahəsinə tapşırılmışdır. X4 21 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra, mənzil üzrə hüquq və vəzifələr hazırda o, və ailə üzvləri tərəfindən həyata keçirilməkdədir, mənzilin onun adına rəsmiləşdirilməsi məqsədi ilə onun ailə üzvləri notariat qaydasında razılıq ərizələri vermişlər. Hazırda sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən mənzil üzrə sosial kirayə müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsi mənzilin yerləşdiyi ərazi üzrə müvafiq icra hakimiyyətinin müvafiq sərəncamı əsasında həyata keçirilir. Bu məqsəd ilə iddiaçı Bakı Şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən 14 “a" saylı evin, 36 saylı mənzilinə dair sosial kirayə müqaviləsinin iddiaçının adına bağlanması barədə sərəncam verilməsi barədə ərizə ilə Suraxanı RİH-yə müraciət etmişdir. Cavabdeh Suraxanı RİH-nin 09 mart 2023-cü il tarixli məktubu ilə qeyd etmişdir ki, həmin mənzilə dair sosial kirayə müqaviləsinin iddiaçının adına bağlanması üçün iddiaçının təqdim etdiyi zəruri sənədlərdən əlavə vərəsəlik hüquqi haqqında şəhadətnamə və iddiaçının mənzil üzrə qeydiyyata alınması zəruridir. Göstərilən nöqsanlar aradan qaldırıldığından yenidən Suraxanı RİH-yə müraciət etmişdir. Lakin bu dəfə isə cavabdeh ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir. Cavabdehin birinci imtina məktubu ilə gətirdiyi əsas dəlillər qanunvericiliyin tələbinə əsasən tam qanunsuz və əsassızdır, çünki Mənzil Məcəlləsinin tələblərinə əsasən mənzilin kirayəçisi kimi tanınma hüququ ailə üzvlərinin yalnız razılığı ilə məhdulaşdırılmışdır. Bununla da digər sənədlərin tələb edilməsi cavabdeh tərəfindən qanunsuz olmuşdur, lakin iddiaçı buna baxmayaraq müəyyən əlavə sənədlər əldə edərək yenidən müraciət etmiş, sonrakı mərhələdə isə cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində ümumiyyətlə ərizəyə münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Suraxanı RİH tərəfindən məhkəməyə ünvanlanmış 5-20/2- 1851/2023 saylı xx.xx.2023-cü il tarixli iddia tələbinə dair yazılı münasibətdə (etirazı) qeyd olunmuşdur ki, mərhum X6 məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı evin, 36 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi ilə bağlı iddiaçı tərəfindən Suraxanı RİH-yə müraciət olunmuşdur. İddiaçı tərəfindən mərhum X5 vərəsələrinin vərəsəlik şəhadətnaməsi təqdim olunmadığından, həmçinin iddiaçının Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı evin, 36 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatı olmadığından müraciətin təmin edilməsinin RİH-in səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı onunla daimi kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan; AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. 302679 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə X1 xx.xx.1998-ci ildə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1998-ci ilin 8-ci ayının 28-ci günündə 393 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdn sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. AA ******* №-li, AZE seriyalı 17209647 №-li və AA ******* №-li şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, xx.xx.1999-cu il təvəllüdlü X10, xx.xx.2001-ci il təvəllüdlü X11 və xx.xx.2002-ci il təvəllüdlü X13 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Bakı Şəhəri Sabunçu Rayon VVAQ şöbəsi tərəfindən verilmiş 119991 №-li, xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004cü ilin 12-ci ayının 10-cu günündə 1269 № ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 103 saylı MKSİ tərəfindən verilmiş 223 №-li, xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Əliyeva X2 RİH Başçısının 1-ci qrup “Qarabağ” müharibəsi əlili mərhum X6 verilmiş Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı evin 36 №-li mənzilində 1999-cu il təvəllüdlü oğlu X10 və 2002-ci il təvəllüdlü oğlu X13 ilə birlikdə qeydiyyatsız yaşayır. Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən verilmiş 779 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra arvadı İddiaçı Bakı şəhəri 23 saylı notariat ofisinə müraciət etmiş tərəflərindən vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 23 saylı Notariat ofisində təsdiq olunmuş ərzələrin surətlərindən müəyyən olunur ki, X11, X13 və X10 ataları X3 irs qalmış mirasın onlara çatası hissəsindən imtina etdiklərini təsdiq etmişlər. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tırıfindən verilmiş **********00 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 5 ünvanına dair məlumatın və sənədlərin surətinin verilməsi, həmçinin sorğuda qeyd olunan şəxslərin adlarına ölkə üzrə daşınmaz əmlakın olubolmaması ilə bağlı müraciətə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14A, 36 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-06381/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Sabunçu RİHB-ının “1-ci qrup “Qarabağ” müharibəsi əlili T.E.Əliyevin yaşayış sahəsi ilə təmin edilməsi haqqında” 12 №-li, xx.xx.2012-ci il tarixli Sərəncamının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində inşa edilmiş 9 mərtəbəli, 81 mənzilli, 14a saylı binadan 3-cü mərtəbədən, yaşayış sahəsi 64,6 kv.m. olan (ümumi sahəsi 105,85 kv.m.) 3 otaqlı 36 mənzilli 5 nəfər ailə üzvü ilə (özü, arvadı və 3 oğlu) X7 verilməsi qərara alınmışdır (bənd 1). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-34860/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Suraxanı RİH-nin 5-20/2-Ə61-068/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, mərhum ərinə məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a saylı evin 36 saylı mənzilinin kirayə müqaviləsinin onun adına dəyişdirilməsi haqqında müraciətinə baxılmışdır. Mərhum ərinin vərəsələrinin vərəsəlik şəhadətnaməsi təqdim olunmadığından, həmçinin o, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı evin 36 saylı mənzilində qeydiyyatda olmadığından kirayə müqaviləsinin adına dəyişdirilməsi RİH-nin səlahiyyətləri xaricindədir. Vərəsəlik haqqında şəhadətnamə RİH-ə təqdim olunduqdan sonra və o, sözügedən ünvana qeydiyyata alındıqdan sonra müraciətində qaldırdığı məsələyə müvafiq qaydada yenidən baxılacaqdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 50.1 və 50.1.4-cü maddələrinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 59.1-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf–dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Həmin Məcəllənin 59.2-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Həmin Məcəllənin 62.2-ci maddəyə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8.-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. İşin araşdırılan hallarından da göründüyü kimi: Sabunçu RİHB-nın “1-ci qrup “Qarabağ” müharibəsi əlili T.E.Əliyevin yaşayış sahəsi ilə təmin edilməsi haqqında” 12 №-li, xx.xx.2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində inşa edilmiş 9 mərtəbəli, 81 mənzilli, 14a saylı binadan 3-cü mərtəbədən, yaşayış sahəsi 64,6 kv.m olan (ümumi sahəsi 105,85 kv.m) 3 otaqlı 36 mənzil iddiaçının mərhum X4na, onun arvadı olaan iddiaçıya və üç oğluna mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi verilmişdir. İddiaçı hal-hazıradək fasiləsiz və etirazsız olaraq həmin mənzildə yaşayır. Onun müxtəlif vaxtlarda həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı etdiyi müraciətlər nəticəsiz qalmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 6 ünvanında yerləşən ümumi 3 (üç) otaqlı 36 №li mənzilə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi 64,6 kv. metr, ümumi sahəsi 105,85 kv. metr olan 3 (üç) otaqlı 36 №li mənzilə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar