Məhkəmə qərarları › İş №2-1(112)-1262/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1262/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1262/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəmin Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hərbi xidmətə çağırılmağı barədə qərarın qanunsuz hesab edilməsi, hərbi xidmətə çağırılmağı ilə əlaqədar ona dəymiş maddi və mənəvi ziyana görə 13 000 (on üç min) manat maddi, 50 000 (əlli min) manat isə mənəvi ziyana görə, cəmi 63 000 (altmış üç min) manat pulun alınaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, anadangəlmə xəstəliyi olmasına baxmayaraq, o, hərbi həkim komissiyasının yoxlanışından keçirilərək və qanunsuz olaraq hərbi xidmətə tam yararlı hesab edilərək xx.xx.2020-ci il tarixdə qanunsuz olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmış və 29 may 2021-ci il tarixində X1 28 may 2021-ci il tarixli, 61 nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən xəstəliklər cədvəlinin 58 “b” maddənin 2-ci qrafasının “c” bəndinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı rəyi verilmişdir, hərbi xidmətdən tərxis olunmuşdur. Həmin rəydə də, qeyd edilmişdir ki, SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən səthi müayinə edilmişdir. Bundan sonra o, N ildən artıq hərbi xidmət keçdikdən sonra səhhəti ilə bağlı Daxili İşlər Nazirliyinin Hərbi Hospitalına gəlmiş və orada qayda üzrə hərbi həkim komissiyasından keçirildiyi zaman onun qanında “Hepatit C” xəstəliyinin olduğu müəyyən edilmiş və eyni diaqnoz Nərimanov rayonunda yerləşən Zəfəran tibbi klinikasında da, qoyulmuşdur. Bu baxımdan onu hərbi xidmətə yararsız hesab etmişlər. Daha sonra onu hərbi hissəyə qaytarmışlar və oradan da, tərxis etmişlər. Cavabdehin səhvi ucbatından N ildən artıq (N il N gün) hərbi xidmətdə olaraq ağır fiziki və mənəvi iztirab keçirmiş, həmçinin, maddi cəhətdən zərər görmüşdür. Ona görə də, kompensasiya tələb edir. Əlavə olaraq bildirir ki, o, hərbi xidmətə getməsindən təəssüf hissi keçirtmir və buna görə peşman deyildir. Sadəcə olaraq onu qanunsuz apardıqlarına və N ildən də, artıq müddət (N il N gün) sonra yararsız hesab edilməsinə görə qanuni tədbir görülməsini tələb edir. Onun maddi zərərdən başqa mənəvi zərər çəkməsi isə hərbi xidmətə yararsız olduğu halda, buna səhlənkar yanaşaraq onun N ildən artıq (N il N gün) hərbi xidmətdən sonra yararsız hesab edilməsi olmuşdur. Ən böyük mənəvi zərbə isə ona bu olmuşdur ki, o, N ildən artıq müddətdə (N il N gün) səhhəti iləbağlı çox ağrılar və iztirablar keçirtmişdir. Belə ki, cavabdehin bu qanunsuz hərəkəti və etinasız əməli ilə onun çox ağır mənəvi-psixi iztirab və sarsıntı keçirməsi səhhətini, eləcə də, mənəvi-psixoloji halını dözülməz vəziyyətə gətirmişdir. Hesab edir ki, yuxarıda şərh olunanlardan əlavə mənəvi zərərlə bağlı əlavə şərh verməyə ehtiyac yoxdur. Bu baxımdan nəzərə çatdırır ki, qanunsuz olaraq hərbi xidmətə çağırılmasına görə 13 aylıq hərbi xidmət dövründə çəkdiyi dözülməz psixi şərait səbəbi ilə hər ay 2000 manat olmaqla ümumi olaraq 26.000 manat məbləğində mənəvi ziyanının kompensasiyasını tələb edir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılmağı barədə qərarın qanunsuz hesab edilməsi, hərbi xidmətə çağırılmağı ilə əlaqədar ona dəymiş maddi və mənəvi ziyana görə 26 000 (iyirmi altı min) manat maddi, 50 000 (əlli min) manat isə mənəvi ziyana görə, cəmi 76 000 (yetmiş altı min) manat pulun alınaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsində xx.xx.2018-ci il tarixdən hərbi qeydiyyatda olarkən ilkin hərbi qeydiyyata alınma zamanı hərbi həkim komissiyasını keçərkən xx.xx.2002-ci il təvəllüdlü İddiaçı, sağlamlığı ilə bağlı heçbir şikayət bildirməmiş, qanında hər hansı bir problemin olubolmaması barədə şikayət etməmiş və hər hansı bir sənəd təqdim etməmişdir. Bununla da, ilkin hərbi qeydiyyata alınma komissiyasının “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. 2020-ci ilin aprel çağırışı ilə əlaqədar Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən tibbi müayinədən keçərkən, İddiaçı sağlamlığı ilə bağlı heç bir şikayət bildirməmiş və sağlamlığa aid hər hansı bir tibbi sənəd təqdim etməmişdir. İddiaçı 1il N gün hərbi hissədə hərbi xidmət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə DİN-nin DQ HHKsı tərəfindən şəhadətləndirilərək, “Virus mənşəli xroniki “C” hepatiti”. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu ilə Azərbaycan Respublikası NK-nin xx.xx.2008-ci il 59 nömrəli qərarı və DİN-nin xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatı ilə təsdiq edilmiş “Hərbi - həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin 2-ci qrafasının 58”b”-cü maddəsinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunaraq, xx.xx.2021-ci il tarixdə hərbi qeydiyyata alınmışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İddiaçıya məxsus SX seriyalı, ******* nömrəli hərbi biletə əsasən, xx.xx.2002-ci il təvəllüdlü X2 Bakı şəhəri, Suraxanı rayon (şəhər) çağırış komissiyası tərəfindən nizami xidmətə yararlı sayılaraq həqiqi hərbi xidətə çağırılmış və xx.xx.2020-ci ildə hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini – X1 xx.xx.2021-ci il tarixli, 61 nömrəli nizami hissə üzrə əmrinə əsasən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin 58 “b” maddəsinin İİ qrafasının “C” bəndinə (sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlıdır) əsasən vaxtından əvvəl həqiqi hərbi xidmətdən azad edilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə göndərilmişdir.

9. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi- Həkim Komissiyası tərəfindən verilmiş 146 nömrəli, xx.xx.2021-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 35 nömrəli göndərişi əsasında əsgər, Azərbaycan Respublikası DİN-in DQ-ın N saylı hərbi hissəsinin komendant bölüyünün 2-ci komendant taqımının 3-cü manqasının atıcısı İddiaçı, ümumi zəiflik və halsızlıq şikayətləri ilə müraciət etmişdir. Anamnez: Nomral doğulub və böyüyüb. Ailə üzvlərində və yaxın qohumlarında irsi infeksion və zöhrəvi xətəlikləri inkar edir. Xəstə xx.xx.2021-ci il tarixdə “Büzdüm nahiyəsinin dermoid kistası” diaqnozu ilə DİN-in DQ-ın qospitalına stasionar müayinə və müalicəyə qəbul olunmuşdur. Aparılmış tibbi müayinələr nəticəsində “Virus mənşəli xroniki “C” hepatiti” diaqnozu təyin edilmişdir (x/t № 413/2021). Xəstənin səhhətini və diaqnozunu nəzərə alınaraq hərbi xidmətə yararlılığının təyin edilməsi üçün qospital HHK-na təqdim olunur. Xəstə ona təklif olunan qaraciyər biopsiya müayinəsindən imtina etmişdir. Obyektiv müayinəyə əsasən: uca boyludur, düzgün bədən quruluşuna malikdir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir. Büzdüm nayihəsində orta xətt üzrə çox kiçik ölçülü 2-3 ədəd epitelial yol qeyd edilir, iltihab əlamətləri yoxdur. Periferik limfa düyünləri böyüməmişdişdir. Dayaq-hərəkət sistemində görünən patologiya yoxdur. Döş qəfəsi normastenikdir. Hər iki ağciyər tənəffüs aktında simmetrik iştirak edir. Perkussiyada aydın perkutor səs, auskultasiyada ağciyərləri üzərində vezikulyar tənəffüs eşidilir. Ürək nahiyəsində vizual donqarlıq yoxdur. Ürəyin nisbi hüdudları norma daxilindədir. Ürək tonları aydındır. Nəbzi ritmikdir, 1 dəqiqədə 62 vurğudur. A/T 110/70 mm.c.st. Dili nəm və təmzidir. Udma aktı sərbəst və ağrısızdır. Qarnı yumşaq, palpasiyada ağrısızdır. Qaraciyər, dalaq əllənmir. Pasternatski sipmtomu hər iki tərəfdə (-) mənfidir. Sidik ifrazı sərbəst və ağrısızdır. Defekasiya aktı müntəzəmdir. Diaqnoz: Virus mənşəli xroniki “C” hepatiti. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Hərbi-həkim komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin 58 “b” maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-in xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən: Azərbaycan Respublikası DİN=in DQ-ın HHK-nın 1346 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən “C” – sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Diaqnoz eynidir. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”.

10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən 04 iyul 2024-cü il tarixli, 3-13-14-7/2-241/2024 nömrəli məktubla İddiaçı xəstəlik haqqında şəhadətnaməsi və şəhadətləndirilməsinə əsas olmuş sənədlərin kserosurətləri məhkəməyə təqdim edilmişdir.

11. SX seriyalı, ******* nömrəli hərbi biletin qeydiyyat kartasındakı məlumatlara əsasən: 6-cı bənddə qeyd edilmişdir ki, Suraxanı rayon (şəhər) çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq xx.xx.2020-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissəyə atıcı, xx.xx.2020-ci ildə N nömrəli hərbi hissəyə atıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci ildə DİN DQK-nın xx.xx.2021-ci il tarixli, 146 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən SQ-dən ehtiyata buraxılmışdır.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-43-76/2-2387/2024 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, xx.xx.2002ci il təvəllüdlü İddiaçı məxsus şəxsi iş “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti dövründə yaranan sənədlərin saxlama müddətlərinin siyahısı”na əsasən ləğv edildiyi üçün, hərbi xidmətə yararlı hesab edilməsi ilə bağlı qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin göndərilməsi mümkün olmamışdır.

13. Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş “Elmi, texniki, tarixi mahiyyət kəsb etməyən, praktiki dəyərini itirmiş sənədlər və şəxsi işlərin məhv edilməsinə dair” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, məhv etmə aktında məhv edilən şəxsi işlərin siyahısında 2002-ci il təvəllüdlü İddiaçı adı 54-cü sırada qeyd edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Kompensasiyanın ödənilməsi tələbinə dair iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

20. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir.

21. Hazırkı iddiasında iddiaçının zərərlə bağlı tələbi iki hissədən-26000 manat maddi zərər və 50000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir.

22. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur.

23. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

24. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir.

25. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

26. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi hüquq pozuntusundan irəli gəlmişdir.

27. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

28. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

29. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir

30. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur.

31. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.

32. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur.

33. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə görə hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. -12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. -12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; (...). -12.3-cü maddəsinə görə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1- dən 30-dək çağırılırlar. -12.4-cü maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. -13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. -14.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. -15.2-ci maddəsinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. -18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; (....). -18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. -20.1-ci maddəsinə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. -20.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə N ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. -20.3-cü maddəsinə görə dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin aşağıdakı bəndlərinə əsasən: -1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına, hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət. -1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. (....) Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. -2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. -2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. -2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. -2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. -2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur.

35. Hazırkı işdən görünür ki, iddiaçı 2022-ci ilin aprel çağırışında hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən müayinə edilmiş, müayinənin nəticəsinə əasən xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci ildə hərbi hissəyə göndərilmişdir. İddiaçı ilkin hərbi qeydiyyata alınma zamanı hərbi həkim komissiyasını keçərkən sağlamlığı ilə bağlı heç bir şikayət bildirməmiş, qanında hər hansı bir problemin olub-olmaması barədə şikayət etməmiş və hər hansı bir sənəd təqdim etməmişdir. Bununla da, ilkin hərbi qeydiyyata alınma zamanı komissiya tərəfindən “Hərbi xidmətə yararlıdı” qərarı verilmişdir. O, N il N gün hərbi hissədə hərbi xidmət keçdikdən sonra ümumi zəiflik və halsızlıq şikayətləri ilə müraciət etmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 35 nömrəli göndərişi əsasında DİN-nin DQ HHS-ı tərəfindən şəhadətləndirilərək “Virus mənşəli xroniki “C” hesapiti”. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu ilə Azərbaycan Respublikası NKnin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-nin xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin 58 “b” maddəsinin 2-ci qrafasına əsasən “Sülh dövründə hərbi xidətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunaraq, xx.xx.2021-ci il tarixdə hərbi qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 146 nömrəli, xx.xx.2021-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən müəyyən edilmişdir ki, iddiaçı müayinə zamanı ailə üzvlərində və yaxın qohumlarında irsi infeksion və zöhrəvi xətəlikləri inkar etmişdir. Xəstə xx.xx.2021-ci il tarixdə “Büzdüm nahiyəsinin dermoid kistası” diaqnozu ilə DİN-in DQ-ın qospitalına stasionar müayinə və müalicəyə qəbul olunmuşdur. Aparılmış tibbi müayinələr nəticəsində iddiaçıda “Virus mənşəli xroniki “C” hepatiti” diaqnozu təyin edilmişdir (x/t № 413/2021). Xəstənin səhhətini və diaqnozunu nəzərə alınaraq hərbi xidmətə yararlılığının təyin edilməsi üçün qospital HHK-na təqdim olunmuşdur. Ona təklif olunan qaraciyər biopsiya müayinəsindən imtina etmişdir. Obyektiv müayinəyə əsasən ona Virus mənşəli xroniki “C” hepatiti diaqnozu qoyulmuşdur.

36. Göründüyü kimi, iddiaçı nə lkin hərbi qeydiyyata alınma zamanı hərbi həkim komissiyasını keçərkən, nə də, DİN-in DQ-ın qospitalında obyektiv müayinəsi zamanı onda ““Virus mənşəli xroniki “C” hesapiti” xəstəliyinin olduğunu bildirməmiş, bununla bağlı hər hansı bir tibbi sənədlər təqdim etməmiş, o cümlədən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 146 nömrəli, xx.xx.2021-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”də iddiaçıda sözügedən xəstəliyin əvvəldən mövcud olması ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Məhkəmə xüsusilə qeyd edir ki, bununla bağlı, iddiaçı tərəfindən məhkəməyə də, hər hansı bir sənəd (tibbi müayinə sənədləri, ekpikriz, xəstəlik tarixindən çıxarış və s.) təqdim edilməmişdir.

37. Göründüyü kimi yuxarıda sadalanan qanunvericiliyin tələblərinə cavabdeh idarə tərəfindən lazımınca əhəmiyyət verilməməsi, iddiaçının sağlamlıq vəziyyəti barədə ətraflı araşdırma, nəzarətin həyata keçirilməməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçının hərbi xidmətini davam etdirməsinin mümkün olmaması və vaxtından əvvəl xidmətdən tərxis olunmasının onda hərbi xidmətə çağırışdan əvvəl mövcud olması ilə bağlı hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır.

40. Başqa sözlə, hazırkı iş üzrə kompensasiya tələbinə əsas verən hüquq pozuntusunun elementlərinin mövcud olması öz təsdiqini tapmamışdır. -1.cavabdeh orqan tərəfindən törədilmiş əməl-hərbi xidmətə yararlı hesab edilərək göndərilmə barədə qərar; -2.bu əməlin hüquqazidd olması- sağlamlıq vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin görülməməsi ilə hərbi xidmətə çağırılma ilə bağlı qanunvericiliyin tələblərinin pozulması.

41. Hüquq pozuntusu nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərər və həmin zərərlə hərəkət arasında səbəbli əlaqə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, inzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş istər real maddi zərər, istərsə də əldən çıxmış fayda şəklində maddi ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. İnzibati orqan isə, öz növbəsində, onun tərəfindən qanunsuz hərəkət edilmədiyini sübut etməyə borcludur. Bu baxımdan iddiaçı cavabdehin öz vəzifə borcunu qanunsuz olaraq pozduğunu sübut edə bilməmişdir.

42. Başqa sözlə, maddi zərərin baş verməsi üçün cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının nə rael, nə də əldən çıxmış fayda şəklində maddi zərərə, o cümlədən mənəvi zərərə məruz qaldığı sübuta yetirilməmişdir. Odur ki, iddiaçı maddi və mənəvi zərəri tələb etməkdə haqlı hesab edilə bilməz.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

44. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.”

45. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

48. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar