Məhkəmə qərarları › İş №2-1(112)-12624/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12624/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12624/2023 09.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçıları nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 ərizə ilə cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ünvan 1 ünvanına qeydiyyata alınmalarını xahiş etmişlər.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onların ünvan 1 ünvanına qeydiyyata alınmaları üçün müvafiq sənədlərlə birlikdə RPl-nin QMB-nə müraciət olunmalıdır. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onların göstərilən ünvana qeydiyyata alınmaları qanuna müvafiq deyildir.

3. Bundan sonra iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsində yerləşən 7v saylı evə qeydiyyata alınmaları öhdəliyinin cavabdeh Binəqədi rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin əsaslandırması

4. İddia tələbi bununla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə onlar ailə üzvləri ilə birlikdə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsində yerləşən 7v saylı evə qeydiyyata alınmışlar. Həmin ev atalarına məxsusdur. Lakin sonra müvəqqəti olaraq 2018-ci ildə əmilərinin evinə qeydiyyata alınmışlar. Həmin ev satılmış və onlar əmilərinin evindən qeydiyyatdan çıxmaq məcburiyyətində qalmışlar. Qeydiyyata düşmək istədikləri evdə halhazırda X4 qeydiyyatdadır. O, iddiaçıların həmin evə qeydiyyata alınmalarına etiraz etmir. 7v saylı evə qeydiyyata alınmaları ilə bağlı Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişlər. Lakin oradan imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Ona görə də məhkəməyə müraciət etmişlər.

5. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi M.Hüseynəliyev iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi

8. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

9. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 10.İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 11.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 12.Hazırkı iddia iddiaçıların qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər.

13. İddianın əsaslılığına gəldikdə, məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli, 2(001)- 1305/2016 nömrəli qətnaməsindən görünür ki, xx.xx.1999-cu ildə Şəki rayonunun Baş Göynük kəndində doğulmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov 7v ünvanında yaşayan İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

14. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 10 iyul 2019-cu il tarixli, 135 nömrəli Sərəncamı ilə ünvan 3 ünvanında qeydiyyatda olan vətəndaş X2 fəaliyyət qabiliyyəti olmayan İddiaçı1 üzərində qəyyum təyin edilmişdir.

15. İşdə olan Binəqədi rayon Məhkəməsinin 20 oktyabr 2003-cü il tarixli, 2- 2223/2003 nömrəli qətnaməsindən görünür ki, X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbabayev küçəsində yerləşən 7v saylı evə yaşayış yeri üzrə qeydiyyata alınması qət edilmişdir.

16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-29416/23 nömrəli məktubundan görünür ki: - İddiaçı3 xx.xx.2011-ci il tarixdən Şəki rayonu, Böyük Göynük kəndində, xx.xx.2017-ci il tarixdən ünvan 4 ünvanında, xx.xx.2018-ci il tarixdən ünvan 5 ünvanında, xx.xx.2023-cü il tarixdən Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatdadır; - İddiaçı1 xx.xx.2015-ci il tarixdən ünvan 4 ünvanında, xx.xx.2018-ci il tarixdən ünvan 5 ünvanında, xx.xx.2023-cü il tarixdən Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatdadır; - İddiaçı2 xx.xx.2015-ci il tarixdən ünvan 4 ünvanında, xx.xx.2018-ci il tarixdən ünvan 5 ünvanında, xx.xx.2023-cü il tarixdən Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatdadır; - X8 xx.xx.2018-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır; - X6 xx.xx.2016-cı il, X7 30.01,2021-ci il və X4 xx.xx.2023-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar.

17. Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-10-2/2-170/2023 nömrəli məktubundan görünür ki, ünvan 10 ünvana dair nümayəndəlikdə ev kitabı mövcuddur. Faktiki olaraq sözügedən ünvanda xx.xx.1963-cü il təvəllüdlü X3 oglu, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı3, xx.xx.1998-ci il təvəllüdlü X4, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2 yaşayırlar.

18. İddia ərizəsindən görünür ki, iddiaçılar hazırda əvvəllər qeydiyyata olduqları, hazırda yaşadıqları, digər ailə üzvlərinin də qeydiyyatda olduğu Binəqədi rayonu, Hacıbababəyov küçəsində yerləşən 7v saylı evə onların da qeydiyyata alınmalarını xahiş edirlər.

19. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

20. Göründüyü kimi, iddiaçıların hazırda yaşayış yeri üzrə qeydiyyata alınmalarını xahiş etdikləri fərdi yaşayış evi özbaşına tikilidir.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.

22. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.

23. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

24. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır.

25. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçılar hazırda faktiki olaraq ünvan 4 ünvanında yaşasalar da, həmin ünvanda qeydiyyatda deyillər.

26. İddiaçıların yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin fərdi yaşayış sahəsinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi vardır, eyni zamanda onların ailə üzvləri də həmin ünvanda qeydiyyatdadır.

27. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçıların həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədləri təqdim edə bilməməsi barədə dəlilini hazırkı işin hallarına münasibətdə əsassız hesab edir.

28. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”.

29. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır.

30. Belə olan halda hesab edilir ki, iddiaçıların ailə üzvləri həmin ünvanda qeydiyyatda olduğu halda iddiaçılar da ailə üzvləri ilə birgə faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmanı tələb etməkdə haqlıdır.

31. Bundan əlavə, cavabdeh orqanın sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi halda iddiaçının qohumlarını, daha əvvəl isə onların özlərini həmin ünvana qeydiyyata alması, sonradan isə iddiaçıların müraciətinə cavab olaraq yaşayış sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Çünki həmin maddəyə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 32.İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı: İddia təmin olunsun. İddiaçılar xx.xx.1971-ci il təvəllüdlü İddiaçı3, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar