Məhkəmə qərarları › İş №2-1(112)-1263/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1263/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1263/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “tikintinin elektrik enerjisi ilə təmin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində onun mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən tikintinin elektrik enerjisi ilə təmin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan əmlakın elektrik enerjisi ilə təchiz edilməsi barədə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina edərək fərdi yaşayış evinin 6 KV-luq “SAS” mühafizə zonasında yerləşdiyinə istinad etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunaziddir və onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçı məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə hazırki iddianın aidiyyəti üzrə məhz Bakı İnzibati Məhkəməsində baxılmalı olmasını aşağıdaki qeyd olunan hallar ilə əsaslandırır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə görə: -8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; -8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; -8.1.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. -8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə iddianın aidiyyətinə qiymət verilərkən dəyərləndirmə iki istiqamət üzrə aparılmalıdır: -Daşınmaz əmlakın Gəncə şəhəri ərazisində yerləşməsi; -İddiaçının qeydiyyatda olduğu ünvanın Gəncə şəhəri olmasıdır. Məhkəmə birinci hal üzrə dəyərləndirmə aparır və bildirir ki, hər nə qədər də hazırki mübahisə predmetini təşkil edən əmlak Gəncə şəhərinin ərazisində yerləşsə də, bu hal hazırki iddianın İPM-nin 8.1.1-ci maddəsi əsasında əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalı olması halını istisna edir. Belə ki, hazırki mübahisə daşınmaz əmlak və yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar deyil, tikilinin elektrik enerjisi ilə təmin edilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının tələbi (mübahisə predmeti) fərdi yaşayış evininin elektrik enerji ilə təmin edilməsi, yəni sayğacın quraşdırılması, quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınması ilə bağlıdır. Yəni, mübahisə daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar yaranmamışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, hazırki mübahisəyə baxılması əmlakın yerləşdiyi yer üzrə baxılmır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-110/2022 saylı, 11.01.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “mübahisə daşınmaz əmlak və yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar deyil, 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınması ilə bağlıdır. Başqa sözlə, iddiaçının tələbi (mübahisə predmeti) 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınması ilə bağlıdır. Yəni, mübahisə daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar yaranmamışdır. Hazırki iddia öhdəliyinin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığına və cavabdeh Bakı şəhərində yerləşdiyinə görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.” Göründüyü kimi, oxşar mübahisə üzrə Ali Məhkəmənin formalaşmış mövqeyi də məhz iddianın əmlakın yerləşdiyi yer üzrə deyil, öhdəliyin icrası haqqında iddia olması səbəbi ilə cavabdehin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalı olması ilə əlaqədardır. Məhkəmə ikinci hal üzrə qiymətləndirmə apardıqda isə hesab edir ki, hazırki iddia öhdəliyin icrasına növünə aid olsa davə iddiaçının qeydiyyat ünvanı Gəncə şəhərinin dislokasiyasında yerləşsə də, iddiaya baxılması Bakı İnzibati Məhkəməsi tərəfindən həyata keçirilməlidir. Belə ki, 01.10.2021-ci il tarixdən sonra İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən mübahisələndirmə növündə iddiada olduğu kimi, həmçinin məcburetmə və öhdəliyin icrası növündə iddia tələbləri üzrə də həmin inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğu təqdirdə, işə şəxsin yaşayış yeri üzrə inzibati məhkəmə baxmalıdır.Lakin, nəzərə alınmalıdır ki, iddiaçı qanunvericiliyə edilmiş dəyişiklikdən əvvəl məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də həmin dövrdə öhdəliyin icrası haqqında iddialarda aidiyyət ilə bağlı əlavə şərtlər olmadığından Gəncə İnzibati Məhkəməsi haqlı olaraq iddianın cavabdehin yerləşdiyi yer üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılması olması qənaətinə gəlmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını “Elektrik enerjisindən istifadə Qaydaları”nin və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: -1.6.Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin (bundan sonra - X1 Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir. -7.1.Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. -7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. -7.3.Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. -7.6.Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın: 1.1.Bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir; 1.2.1.Texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir;; 1.2.4. Məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır; 1.2.6.Mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir; 3.1.Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETMin müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir; 3.2.Qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır; 3.7.Tikinti obyektinin ETŞ-yə qoşulması və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsində (ETM-in müəyyən etdiyi yerdə) ETŞ-yə qoşulma ilə əlaqədar elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə əsasən 10 (on) gün müddətində yerinə yetirilir. “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının -1. Elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. -2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. -6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Azərbaycan Respublikası Toraq Məcəlləsinin: -62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Yuxarıda adıçəkilən qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, enerji ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyekti ilkin olaraq enerji təchizatı şəbəkəsinə qoşulmalıdır. Nəzərə alınmalıdır ki, tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün tikilinin yerləşdiyi torpaq sahəsinin gərginliyi 1000 voltdan yuxarı və ya aşağı olan elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi müəyyən olunmalıdır. Belə ki, torpaq sahəsinin yerləşmə konfiqurasiyası mülkiyyətçinin torpaq sahəsindən istifadə qaydalarını müəyyən edir. Cavabdehin imtinasına nəzər yetirdikdə məlum olur ki, cavabdeh iddiaçının müraciətinə qiymət verərkən məhz fərdi yaşayış evinin elektrik enerjisinin müfahizə zolağında yerləşdiyinə istinad etmişdir. Məhkəmə, iddiaçının tikilisi və torpaq sahəsinin yerləşdiyi ərazinin elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan ərazi olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. Təqdim olunmuş eskpert rəyi əsasənda keçirilmiş ekspertiza tədqiqatının nəticəsindən görünür ki: -“Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 6 KV-luq hava elektrik xəttinin hər-iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 m müəyyən edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi 6 KV-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə ki, həmin hava elektrik xətti fərdi yaşayış evinin damının bir hissəsinin üzərindən keçir. Əvvəla, Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki iş üzrə təqdim olunmuş ekspert rəyini təkzib edən hər hansı dəlil məhkəmə icraatı zamanı təqdim olunmadığından, həmçinin mübahisənin həllində mühim olan hal (əmlakın mühafizə zolağında yerləşibyerləşməməsi) xüsusi bilik tələb olunan spesifik sahəyə aid olduğundan, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş rəy mötəbər dəlil kimi qəbul olunmalıdır. Rəydə göstərilənlər əsasında Məhkəmə müəyyən edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkəsinin mühafizəsi zolağında yerləşir ki, həmin elektrik xəttinin gücü 6 kv təşkil edir. Məhkəmə qeyd edir ki, həm torpaq münasibətlərini tənzimləyən qanunveriiclik, həmçinin elektrik enerjisindən istifadə qaydaları və elektrik şəbəkələrinin mühafizəsi qaydalarını tənzimləyən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələri yalnız kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin torpaq sahələrinin digər təyinat (hazırki mübahisə üzrə - yaşayış kimi) üzrə istifadəsinə yol verilmir. Yuxarıda göstərilənləri hazırki işi hallarına tətbiq etdik də Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, mübahisə predmetini təşkil edən əmlak və torpaq sahəsi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkəsinin mühafizəsi zolağında yerləşdiyindən və bu hal ekspert rəyində öz əksini tapdığından, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı maddəsinin tələbləri baxımından, həmin əmlakın enerji ilə təchiz edilməsi mümkün deyildir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamış, eəmlakın enerji ilə təchiz edilməməsi barədə iddiaçıya verilmiş imtina ilə ona qarşı qanunsuz hərəkətsizliyə yol verilməmişdir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar