Məhkəmə qərarları › İş №2-1(112)-12630/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12630/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12630/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il 1589 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin “ç” bəndi, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 1475 nömrəli, xx.xx.2009-cu il tarixli protokoluna əsasən ona hərbi pensiya təyin edilmişdir. 10 ildən artıq müddət ərzində o, hərbi xidmət dövründə ikinci qrup əlillik xəstəliyi ilə əlaqədar hərbi pensiya almış, xx.xx.2021-ci ildən hərbi pensiyası dayandırılaraq müayinəyə cəlb olunmuşdur, halbuki ona müddətsiz pensiyanın verilməsi davam etməli idi. 6 ay sonra onu TSEK-ə çağırmışlar və xx.xx.2022-ci il tarixdə hərbi pensiyası ilə bağlı ona diaqnozun əlillik əlamətini təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edildiyi cavabı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2756003AAFCB №-li göndərişində (forma 088) tibb müəssisələrində mütəmadi olaraq müalicə almasına baxmayaraq, 10 ildən artıqdır ki, xəstəliyinin daha da kəskinləşməsi qeyd olunmuşdur. Göndərişdə qeyd olunan meyarlar X1 tam uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnaməyə müvafiq olaraq diaqnoz “əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. O, verilən qərarı doğru hesab etmir, çünki cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarında göstərilən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri” barədə Əsasnamənin 4.2-ci bəndini pozmuşdur, yəni həmin bəndə əsasən “ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir”. Göründüyü kimi verilən imtina qanunsuzdur və Əsasnaməyə ziddir. 11 ildir aldığı ikinci dərəcə fasiləsiz əlillik pensiyasını dayandırmaq qanunvericiliyin tələblərinin pozulması deməkdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla neyroinfeksiyadan sonrakı diensefal sindrom tez-tez təkrarlanan vegetativ krizlərlə, kəllə daxili hipertenziya ilə diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. 20 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla neyroinfeksiyadan sonrakı diensefal sindrom tez-tez təkrarlanan vegetativ krizlərlə, kəllə daxili hipertenziya ilə diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla hipotalamusun digər rublikalarda təsnif olunmayan disfunksiyası, Neyroinfeksiyadan sonraki diensefal sindrom, tez-tez təkrarlanan vegetativ damar krizlərlə, Kəllə daxili hipertenziya ilə, Qabarıq nəzərə çarpan asteno nevrotik sindrom isterik tutmalar, Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Dissosiativ konvulsiyalar, Görmə sinirinin atrofiyası diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla hipotalamusun digər rublikalarda təsnif olunmayan disfunksiyası. Neyroinfeksiyadan sonraki diensefal sindrom, tez-tez təkrarlanan vegetativ damar krizlərlə. Kəllədaxili hipertenziya ilə. Qabarıq nəzərə çarpan asteno nevrotik sindrom isterik tutmalar. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Dissosiativ konvulsiyalar. Görmə sinirinin atrofiyası diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, MSS-nin keçirilmiş neyroinfeksiyasından sonraki qalıq əlamətləri. Somatikləşdirilmiş pozğunluq. İsterik pozulmalar funksional qıcolmalar. Hipotalamusun digər rublikalarda təsnif olunmayan diensefal sindrom. Tez-tez təkrarlanan veqetativ damar krizləri ilə hipotolamik disfunksiya diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbilə imtina verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2535 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1589 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.1999-cu ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının terapevti tərəfindən təyin edilmiş və müalicə olunduğu, xəstəlik - diaqnoz: «Miqren», xx.xx.2001-ci ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının terapevti tərəfindən müayinə zamanı təyin edilmiş və müalicə olunduğu xəstəlik diaqnoz: «Sağ qabırğalararası əzələlərin mioziti» və xx.xx.2001-ci ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının nevropatoloqu tərəfindən təyin edilmiş və müalicə olunduğu xəstəlik - diaqnoz: «Astenonevrotik sindrom» (Nəsimi RHK-nın xx.xx.2009-cu il tarixli 801 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli 801 nömrəli arayışı, Hərbi Dəniz Qüvvələri poliklinikasından verilmiş xx.xx.2009-cu il tarixli 87 nömrəli arayış, tibb kitabçasından çıxarışlar ilə təsdiq edilir), «xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır». Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin» 7.2. maddəsinin ç) bəndi. MN MHHK-nın 1475 nömrəli xx.xx.2009-cu il tarixli protokolu. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də xx.xx.2010-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən «hərbi xidmət dövrü ilə əlaqədar» İİ dərəcə əlilliyə görə təyin edilərək ödənilmiş əmək pensiyası onun əlilliyinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən dayandırılmışdır (sonuncu pensiya ödənişi 417,24 manat). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmusunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, Sizin hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, MSS-nin keçirilmiş neyroinfeksiyasından sonraki qalıq əlamətləri. Somatikləşdirilmiş pozğunluq, isterik pozulmalar funksional qıcolmalar. Hipotalamusun digər rubrikalarda təsnif olunmayan, Diensefal sindrom, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə hipotolamik disfunksiya” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirmə məlumatından görünür ki, İddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Qiymətləndirmə tarixi xx.xx.2021-ci il. Forma 88 - 2756003AAFCB, xx.xx.2021-ci il. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (1.5.1); şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) (1.5.2); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi (1.5.3); peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi (1.5.4); əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5.5). Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1589 saylı qərarına əsasən İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.1999-cu ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının terapevti tərəfindən təyin edilmiş və müalicə olunduğu, xəstəlik - diaqnoz: «Miqren», xx.xx.2001-ci ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının terapevti tərəfindən müayinə zamanı təyin edilmiş və müalicə olunduğu xəstəlik diaqnoz: «Sağ qabırğalararası əzələlərin mioziti» və xx.xx.2001-ci ildə Hərbi Dəniz Qüvvələri poliklinikasının nevropatoloqu tərəfindən təyin edilmiş və müalicə olunduğu xəstəlik - diaqnoz: «Astenonevrotik sindrom» - «xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» qərarı qəbul edilmişdir. Həmin qərar hazırda qüvvədədir. İddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla X2: Vİ sinif – sinir sistemi xəstəlikləri, G00-G09 – mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri, G09, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, diaqnoz - neyroinfeksiyadan sonrakı diensefal sindrom tez-tez təkrarlanan vegetativ krizlərlə, kəllə daxili hipertenziya ilə diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmiş, daha sonra əlillik müddəti uzadılmış, xx.xx.2021-ci ildə isə iddiaçının barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2010-cu ildə hərbi xidmət dövrü ilə əlaqədar olmaqla ikinci dərəcə əlillik dərəcəsi verilmiş, xx.xx.2021-ci ilədək iddiaçının ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2010-cu il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir, iddiaçıya xx.xx.2010-cu il tarixindən «hərbi xidmət dövrü ilə əlaqədar» İİ dərəcə əlilliyə görə təyin edilərək ödənilmiş əmək pensiyası onun əlilliyinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək (11 ildən artıq müddət) ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmişdir və ona həmin dövrdə ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən cavabdehin iddiaya yazılı etirazında “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə istinadı əsassızdır. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Məhkəmə onu da qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş diaqnoz iddiaçıya ikinci dərəcə əlilliyin təyininə əsas olmuşdur və iddiaçıya xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qeyd olunan qərarı hazırda da qüvvədədir. Belə olan halda həmin halın əlavə olaraq məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiq və ya təkzib olunması zərurəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh imtinasının hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuş, imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar